Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 12:35:00
Dünyanın gənc geoloq alimləri Bakıda toplaşıblar  

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AzEdu.az xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) yaradılmasının 80 illiyinə həsr olunan konfransın işində dünyanın 18 ölkəsindən 140-dan çox gənc tədqiqatçı iştirak edir.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, GGİ iki ildən bir gənc mütəxəssis, doktorant və tələbələr üçün geologiya və geofizikanın müasir problemlərinə həsr olunan beynəlxalq elmi konfrans təşkil edir. Azərbaycanda elmin inkişafından, gənc alimlərin elmi fəaliyyəti üçün yaradılmış şəraitdən danışan akademik konfransın işinə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, konfransda dörd panel üzrə gənclərin elmi məruzələri dinləniləcək və müzakirələr aparılacaq. Konfransın məqsədi geologiya və geofizika sahəsində çalışan gənclərin elmi fəaliyyətinə dəstək göstərmək, onların müasir elmi yanaşma və metodologiyaları mənimsəmək imkanlarını artırmaq, əldə etdikləri elmi yeniliklər barədə geniş formatlı platformada müzakirələr aparmaqdır.

GGİ-nin çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, BP-nin səlahiyyətli nümayəndəsi Arzu Cavadova, Martin Lüter Universitetinin professoru İan Lörç çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Tədbir oktyabrın 18-dək davam edəcək.