Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 11:47:00
Tələbələr Azərbaycanda təhsil haqqı yüksək olduğu üçün bu ölkələrə üz tutublar – Təəccübləndirici “Xaricdə təhsil” statistikası

“Xarici ölkələrdə təhsil almaq üçün gedənləri, əsasən, bir neçə qrupa bölmək olar. Onlardan biri, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında topladıqları balların burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir. Bunların sayı hədsiz dərəcədə çoxdur.

 İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar”.

Bunu AzEdu.az-a  açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki,  müəyyən şəxslər ali təhsil almaq istəsələr də, Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər:

“Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır.  Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.

Azərbaycan beynəlxalq təşkilatların üzvüdür və beynəlxalq konvensiyalara qoşulub. Bu, o deməkdir ki, ölkədə rəsmi fəaliyyət göstərən ali təhsil müəssisələrinin diplomları, bizi rəsmi olaraq tanıyan bütün ölkələrdə qəbul edilir və tanınır. Lakin hər bir ölkənin sənədlərlə bağlı  özünün daxili tanıma prosedura qaydaları var.

Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur - ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə, və ya öz vəsaitləri hesabına.

Bilirsiniz, dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub”.

Ekspert qeyd edib ki,  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib:

“Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1 faiz), Almaniya (12,4 faiz), Kanadanın (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə isə, 2008-2017-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 190 451,3 min manat, o cümlədən 2017-cı ilin yanvar-mart ayları üzrə 2 015,3 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (773,5 min manat), təhsil haqqı (1 108,0 min manat), yol (73,5 min manat), sığorta (59,3 min manat), digər (0,2 min manat), viza və qeydiyyat (0,8 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

Statistik göstəricilərə nəzər saldıqda görürük ki, kifayət qədər böyük vəsait ayrılıb bu sahəyə. Ona görə də, bu şəxslərin təhsillərini başa vurduqdan sonra birbaşa ölkəyə qayıdıb işlə təmin olunması normal haldır”.