Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 09:21:00
Tələbələrin Rasim Balayevə ünvanlandığı maraqlı suallar – Müsabiqə davam edir- Son tarix

AzEdu.az təhsil portalı bir neçə gün öncə “Auditoriyadakı məşhur” adlı yeni layihəsinə start verib.  

Portal bu dəfə tələbələrlə Azərbaycanın tanınmış simaları arasında körpü rolunu oynayır.

Layihəyə əsasən, Azərbaycan  ali təhsil müəssisələrinin tələbələri həftədə bir dəfə əvvəlcədən elan etdiyimiz tanınmış simalardan birinə istədikləri sualları ünvanlaya biləcəklər.

“Auditoriyadakı məşhur” layihəsinin  missiyası məşhurlarla tələbə münasibətlərinin əlçatanlığında vasitəçi olmaq, onlara maraqlı olan sualların cavablandırılmasını təmin etməkdir.

Xatırladaq ki, layihəmizin ilk qonağı Azərbaycanın Xalq artisti, tanınmış aktyor, oynadığı rollarla kiçikdən böyüyə hamının yaddaşına hopan Rasim Balayevdir.

Əziz tələbələr, sizi maraqlandıran sualları AzEdu.az təhsil portalının “Facebook”, “İnstagram” səhifələrinə, o cümlədən “Whatsapp” nömrəsinə (055 329 48 78)  yaza bilərsiniz.

Qeyd edək ki, hər həftə tələbələrin  mədəni, ictimai, elm və s. xadimlərindən birinə sual vermək imkanı yaranacaq və video müsahibə vasitəsilə müəllifin də adı çəkiləcək. Qonağın bəyəndiyi ən yaxşı  3 suala  AzEdu.az təhsil portalı tərəfindən maraqlı hədiyyə təqdim olunacaq.

Rasim Balayevə veriləcək sualların portal tərəfindən qeydiyyatı bu gün də davam edir və həftənin bazar gününə qədər tələbələr bu müsabiqədə iştirak edə bilərlər.

Tələbələrin aktivliyi bir o qədər də hiss olunmasa da, aralarında maraqlı suallar ünvanlayanlar var.

AzEdu.az hələlik anonimliyi qorumaq şərti ilə həmin suallardan bir neçəsini oxuculara təqdim edir.

Əziz tələbələr, bu suallar həm də sizlər üçün həm də bir növ,  nümunə xarakteri daşıyır. Bu suallardan yola çıxaraq, siz də böyük sənətkar barəsində sizi maraqlandıran detalları birbaşa özünə ünvanlaya bilərsiniz:

-Əgər özünüz rejissor olsaydınız, Nəsimi roluna hansı aktyoru çəkərdiniz?

-Bir çox aktyorlar həm də pedaqoq kimi çalışırlar. Siz niyə müəllim işləyib, aktyorlar yetişdirməyə maraqlı olmadınız?

-Tələbəlik illərinizdə sizi ən çox məyus edən və bu gün xatırlayanda kövrəldiyiniz hansı hadisə olub?

-“Nə yaxşı ki, o,  mənim müəllimim olub” dediyiniz müəllim kimdir?

-Mən birinci kurs tələbəsiyəm... Siz birinci kursda oxuduğunuz dönəmi necə xatırlayırsınız? Şəhər mühitinə, tələbəlik mühitinə necə alışdınız?