Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-14 15:40:00
“Məktəblilərin debat klubu” Quba rayonunun Ağbil kəndində təşkil olundu

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktəblilərin debat klubu” adlı layihə çərçivəsində Quba rayonunun Ağbil kənd tam orta məktəbində təlim keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmə, araşdırma, nəticə çıxarma kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Daha sonra 15 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə  “Natiqlik bacarıqları”, “Debat, onun qaydaları”, spikerlik, arqument, inkar və təsdiq kimi anlayışlar haqqında  2 günlük təlim keçirilmişdir.

Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazrılanmış sertifikatlar təqdim edilib.

3 ay müddəti əhatə edən və noyabr ayında yekunlaşacaq layihə çərçivəsində Quba rayonunun daha 3 kənd məktəbində icra edilir. Buna qədər Hacıqayıb kənd tam orta məktəbində təlimlər yekunlaşıb. Daha bir məktəbdə - Qəçrəş kənd tam orta məktəbində müvafiq mövzularda təlimlər keçiriləcəkdir. Sonda təlim keçirilən məktəblilərin iştirakı ilə Quba rayonunda məktəblilər arasında ilk mini debat turniri təşkil ediləcəkdir. Ümumilikdə, layihədən kənd məktəblərində yaşayan və təhsil alan 45 nəfər yuxarı sınif şagirdi bəhrələnəcəkdir.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.