Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 18:05:19
AzEdu.az-ın müsabiqəsində qalib gələn müəllimlər Ali Neft Məktəbində mükafatlandırıldılar -FOTOLAR

13 oktyabr 2018-ci il tarixində Milli Məclisin Gənclər və İdman Komitəsinin dəstəyi və AzEdu.az  Təhsil Portalının təşkilatçılığı  ilə Bakı Ali Neft Məktəbində (BANM) “Ayın Müəllimi” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

 Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin deputatları – Mahir Abbaszadə, Musa Qasımlı, Şahin İsmayılov, Sevinc Hüseynova, müsabiqə iştirakçıları və digər dəvətlilər –Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov,  yazıçı Elxan Elatlı iştirak ediblər.

Qonaqları salamlayan BANM rektoru Elmar Qasımov da qalib müəllimləri təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb.

Rektor portalın əsas missiyasının həyata keçməsi üçün atılan bu addımların təqdirəlayiq olduğunu qeyd edib.

Daha sonra AzEdu.az təhsil portalının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı  “Ayın müəllimi” layihəsinin məqsədindən danışıb.

O, təhsil portalının fəaliyyətindən bəhs edib. O, bu portalın yaradılmasında əsas məqsədin hər insanı daim izləyən təhsil, elm, maarif  anlayışının bir cəmiyyət daxilində daha da inkişaf etdirilməsi, bu sahədə olan problem və perspektivlərin üzə çıxarılması olduğunu vurğulayıb.

Sonra BANM-ın rektoru Elmar Qasımovun təklifi ilə mükafatlandırmada iştirak edən ucqar kənd müəllimləri özlərini təqdim edərək, işlədikləri yer və fəaliyyətləri barəsində məlumat veriblər.

Müəllimlərin özlərini təqdim etmələri çox səmimi məqamlarla yadda qalıb.

Daha sonra Milli Məclisin deputatları, Gənclər və İdman Komitəsinin üzvü Mahir Abbaszadə və Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı da çıxış edərək belə layihələrin davamlı olmasına ehtiyac olduğunu qeyd ediblər.

Həm onların, həm də digər deputat həmkarlarının Sevinc Hüseynova, Şahin İsmayılov- çıxışları məktəb xatirələri və nostalji məqamlarla müşahidə olunub.

Daha sonra “Ayın müəllim” layihəsinin rəhbəri, AzEdu.az saytının baş redaktoru Elmin Nurizadə müsabiqənin nəticələrini açıqlayaraq, qalibləri elan edib.

Müəllimlər mükafatlandırılaraq, onlara “Ayın müəllimi” müsabiqəsindəki iştiraklarına görə təltifnamə verilib və ilk üç yerin qalibi hədiyyə ilə mükafatlandırılıblar.

Ardınca Milli Məclisin Gənclər və İdman Komitəsi adından bütün iştirakçılara hədiyyələr təqdim edilib.

Təltifetmə mərasimində “Ayın müəllimi” müsabiqəsinin qalib müəllimləri, həmçinin qonaqlar arasında olan Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov, və yazıçı, riyaziyyatçı Elxan Elatlı da çıxış ediblər.

Çıxış edənlər Azərbaycanda təhsilin inkişafına töhfə üçün keçirilən belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədbiri çıxış mətni ilə bağlayan Elşad Eyvazlı  sonda qalibləri təbrik edərək iştirakları üçün müəllimlərə və bütün qonaqlara, ev sahibliyinə görə isə rektor Elmar Qasımova təşəkkürünü bildirib.

Rektor Elmar Qasımov da tədbirə ev sahibliyi etdiyi üçün məmnunluğunu dilə gətirib və bir daha minnətdarlığını bildirib.

Qeyd edək ki, müsabiqə 2 mərhələdən ibarətdir. İlkin olaraq, AzEdu.az portalına göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb. Daha sonra isə həmin yazılar AzEdu.az sorğu panelində səsverməyə təqdim edilərək qaliblər müəyyən olunub. Səsvermə nəticələrinə əsasən, “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsində I yer 41.3% səs çoxluğu ilə Məcid Musayev, II yer 23.8 % səslə Şəhanə İsgəndərova, III yerin qalibi  isə 18.2% səslə Araz Hacıyevdir.

AzEdu.az portalının sentyabr ayının qalibini müəyyən etmək üçün keçirdiyi ilk yarışma zamanı səsvermədə 46 mindən çox adam iştirak edib.