Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 14:53:00
Türkiyənin mərhum prezidenti Turqut Özalın təhsil həyatıPilot olmaq istəyib, amma...

Bu gün Türkiyənin 8-ci prezidenti - bəzilərinin heyranlıqla bəslədiyi,  bəzilərinin isə haqqında o qədər də xoş danışmadığı Turqut Özalın doğum günüdür. O, xüsusilə prezidentliyi dövründə idarəetmədə fərqli metodlar istifadə etməsi ilə yaddaşlara həkk olunub.

AzEdu.az-ın məlumatına görə, Turqut Özal  13 oktyabr 1928-ci ildə Malatyadada anadan olub. Atası Məmməd Siddiq Özal bank işçisi, anası Hafizə xanım isə ibtidai sinif müəllimi olub. Atasının işi ilə əlaqədar həyatının ilk illərində fərqli yerdə yaşayıb. 4 yaşında ailəsiylə birlikdə Biləcik rayonuna, daha sonra Silifkəyə köçüblər. Silifkədə olanda Özal eşşəyin üstündən yıxılaraq qolundan şikəst qalıb. Məhz bu əlilliyi səbəbindən uşaqlıq xəyalı olan pilotluqdan əl çəkməyə məcbur olub. Orta məktəbi bitirdikdən sonra Konyada pullu internat məktəbdə təhsilini davam etdirib. Həmin ərəfədə qardaşı Qorqud Özal da orta məktəbdən məzun olub, amma ailənin maddi vəziyyəti hər iki uşağı da pullu internat məktəbində oxutmağa imkan verməyib. Buna görə uşaqlar əmiləri Süleyman Təbiətin yanına - Malatyaya göndərilib.

Universitetə təqaüdlü girən Özal elektrik mühəndisliyi fakültəsini bitirib. 1950-ci ildə məzun olduqdan sonra,  bir müddət mühəndisliklə məşğul olub. 1952-ci ildə mühəndislik iqtisadiyyatı üzrə ixtisaslaşma üzrə  Amerikanın Texas Texniki Universitetində təhsil alıb. Geri qayıtdıqdan sonra, Elektrik İşləri Etüd İdarəsi baş direktorunun köməkçisi olub və Türkiyədə elektrifikasiya üzrə layihələrdə işləyib.  

Turqut Özal 27 May Çevrilişindən sonra əsgərliyə çağırılıb. Onunla birgə əsgərliyə gedənlər arasında 33 il sonra, doqquzuncu prezident seçilən Süleyman Dəmirəl də var idi. Əsgərlikdən sonra Dövlət Planlaşdırma Təşkilatının quruluşunda xidmət edən Özal, daha sonra Ortadoğu Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra vəfat edib.