Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 10:37:00
Ana dili və Ədəbiyyat fənlərindəki bu mövzular qəbul proqramından çıxarıldı – Abituriyentlərə şad xəbər

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında keçiriləcək. Bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq, hər blokda 3 imtahan fənni nəzərdə tutulub.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Yeni qəbul modeli öncədən məlum olsa da, əksər detallar, xüsusilə də qəbul proqramı hələ də öz təsdiqini tapmayıb. Yalnız mütəmadi olaraq keçirilən seminarlarda fənlər üzrə hansı mövzuların proqrama əlavə edildiyi və ya çıxarılması barədə müzakirələr aparılır.

AzEdu.az Azərbaycan dili və Ədəbiyyat üzrə qəbul proqramından çıxarılan və proqrama əlavə edilən mövzuları təqdim edir:

Azərbaycan dili fənni üzrə qəbul proqramından çıxarılan mövzular:

Vurğu, heca;

Təsirli, təsirsiz fel;

Əməli yazı növləri ;

Tabeli və tabesiz mürəkkəb cümlə;

Neologizmlər və dialekt sözlər ;

Obrazlılığın səviyyə göstəriciləri ;

Proqrama əlavə olunan mövzu:

Xülasə və tezisin yazılması.

Azərbaycan dili üzrə bir neçə ildən sonra xarici dildə tətbiq olunacaq formada  dinləyib-anlama standartına uyğun mətnlərin də proqrama əlavə edilməsi nəzərdə tutulub.

Dəyişikliklər yalnız Azərbaycan dili fənni istiqamətində aparılmayıb. Eyni zamanda, Ədəbiyyatda da bir çox yeniliyə rast gəlmək mümkündür.

Məsələn, Ədəbiyyat üzrə qəbul proqramı V-XI sinifləri əhatə edəcək. Nəzəriyyə materialları əvvəllər olduğu kimi qalır. V-XI siniflərin dərsliklərindəki son səhifədə ədəbiyyatşünaslıq terminlərindən test düşə bilər. Ədəbiyyatda əsas qəbul proqramı X -XI sinif dərslikləri üzrədir. Sözügedən fənn üzrə aşağı siniflərdən 100-ə qədər əsər seçilib proqrama əlavə ediləcək. Əsas olan proqram isə yenə də X-XI sinif dərsliklərini əhatə edəcək.

Bəzi əsərlər ixtisarla veriləcək. İmtahana da həmin qısa mətndən suallar düşəcək. Növbəti illərdə xarici ədəbiyyatdan da sualların qəbul imtahanına salınması nəzərdə tutulub. Proqrama icmal mövzuları əlavə edilib”.

Xatırladaq ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları