Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-13 08:57:00
Avropalı ekspertlər Tvinninq layihəsi çərçivəsində Azərbaycana gəldilər

Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

Təhsil Nazirliyindən AzEdu.az-a  verilən məlumata görə,  layihənin “Səriştəyə əsaslanan yanaşmanın əhatə olunması məqsədi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı birinci komponenti üzrə gəlmiş ekspert qrupuna Fransanın Lion Universitetinin professoru Didier Ronze, Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Maçiiukaite-Jviniene və Latviyanın Akademik Məlumat Mərkəzinin akkreditasiya şöbəsinin müdir müavini Yolanta Silka daxildir.

Səfərin məqsədi ali təhsil müəssisələrinin müvafiq nümayəndələrini əmək bazarının tələbinə dair toplanmış məlumatların seçilmiş ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması ilə bağlı maarifləndirmək, bu sahədə mövcud Avropa təcrübəsini bölüşmək, metodologiya və təlimatlar işləyib hazırlamaqdan ibarətdir.

Missiya çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetində professor-müəllim heyəti üçün seminarlar keçirilib. Seminarlarda Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin də akademik və inzibati heyəti iştirak edib.

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin məqsədi ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.