Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 14:42:38
İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək.  

 Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bu yeniliyin labüd olduğundan söz açıb.

Ekspert labüdlüyə gətirib çıxaran səbəbləri sadalayır:

Ölkə təhsili 2008-ci ildə kurikulum standartları ilə tədris prosesinə keçib və o zaman orta məktəbə başlayan  şagirdlər 2019-cu ildə artıq XI sinfi bitirirlər. Onların təhsil aldıqları müddətdə əldə etdikləri bilik və bacarıqları ənənəvi qaydada yoxlamaq, ölçmək mümkün deyildi. Ona görə də qiymətləndirilməyə yeni yanaşma tələb olunurdu.

İkincisi isə Azərbaycan təhsili müasir çağırışlara cavab verməyi, bilik və bacarıqları müasir standartlara cavab verən şagird, şəxsiyyət yetişdirməyi qarşısına hədəf kimi qoyub. Artıq ölkə təhsili yaddaş məktəbindən təfəkkür məktəbinə keçib.

2019-cu ildə tətbiq edilən yeniliklərin hər birini ayrı ayrılıqda təhlil etdikdə  ən ciddi problemin xarici dil fənnindən ortaya çıxdığı məlum oldu. Bir müddət əvvəl DİM xarici dil fənni üzrə həm IX , həm XI siniflərdə keçiriləcək imtahan modelini verdi . Təqdim olunan   imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallar ortaya çıxdı.

Təəssüf ki, bu modelin hazırlanmasında  Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq seyrçi mövqeyində dayanıb. Yoxsa, Xarici dil fənni ilə bağlı qüsurlar ortaya çıxmazdı.

Qüsurlar...

Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda ( nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda ) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı  DİM-in və TN-nin dərsliklərin monitorinqi komissiyasının hazırkı dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olub. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki yoxdur. Eyni zamanda, bütün dərsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?

Orta məktəblərdə xarici dil fənni üzrə  hazırda işlək olan bütün dərsliklər , əsasən də I, II, III və V sinif dərslikləri  ümumiyyətlə tədrisə yararlı deyil.

I sinifdən VIII sinfə qədər dərsliklərdə dinləyib-anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini ,məzmunun yalnız elə buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır . Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvlər var və onlarda da dinləyib-anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır.

Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib-anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. ( “dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab) Bu halda təxminən, 200. 000 şagird dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?

Həftədə I-IV siniflərdə cəmi 1 saat,  V-VIII siniflərdə 3 saat ,IX sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən IX  sinfin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual ( 15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?


DİM-n modelinə əsasən IX siniflərin buraxılış imtahanının XI siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarıda da qeyd etdildiyi  kimi tam orta təhsili bitirməmiş və XI siniflərdən aşağı pillədə olan , yaş xususiyyətləri nəzərə alınmayan IX siniflərdə 2 mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan XI sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır ?

DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan IX və XI siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib-anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib-anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?

Ana dili və Riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və IX siniflərdə həmən fənlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmən fənnlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur , müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən, həm də bacarıq cəhətdən buna uyğunlaşıblar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm IX sinifdə ilk dəfə xarici dil imtahanı verirlər. Açıq suallar bu ildən salınır, həm də dinləyib-anlama tapşırıqları verilir. Hansı əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.

DİM nə etmək istəyir?

Oxu , yazı və dil qaydaları ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib-anlama etmək üçün nə Təhsil Nazirliyinin nə də DİM –in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib-anlama tapşırıqları ilə verilib?

Əlbəttə, yenə deyəcəklər ki, internetdə milyonlarla vəsait var, açıb etsinlər. DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında ? Eləcə də heç Bakının bəzi məktəblərinin internetə çıxışı yoxdur. O ki ola ucqar Neftçala rayon Dördər kənddəki müəllimin. Soruşmaq istərdim ki, o məktəblərin uşaqları nə edəcəklər?

Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib-anlama digər fənlərlə birlikdə , eyni auditoriyada aparılmır. “Listening” aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib-anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara “testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin” deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir “Listening” imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib-anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənlərlə qarışıq edilməsi həm psixoloji, həm pedaqoji cəhətdən düzgün deyil.

Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirdlər xarici dildən akademik “Listening” keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə hansı “Listening” imtahanından söz gedə bilər?

Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideyinlər hansı çıxış yolu tapmalıdırlar ? Valideyinlər əlavə müəllimlər tutub, əlavə xərc çəkib övladlarına “Listening”( dinləmə) və “Reading”(Oxu) öyrətməlidirlər?

İmtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunub ? Təhsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir ? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə-anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi? Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı? Niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?

Standartların reallaşma vəziyyəti...

Ayrı – ayrılıqda sinif kitabları üzrə xarici dil fənnindən standarların reallaşma vəziyyəti belədir:

I sinif dərsliyi:

Məzmun standartlarının mütənasibliyi bəzi hallarda gözlənilməyib(1.1.3, 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4). Dinləyib-anlama standartının tam yerinə yetirilməsi üçün əlavə disk nəzərdə tutulmayıb. Bu isə dinləyib-anlama və danışma məzmun xətlərinin yerinə yetirilməsinin tam reallaşdırılmasına imkan vermir. Belə olan halda şagirdin dinləyib-anlama bacarıq və vərdişlərinə yiyələnməsi çətinləşir.

II sinif dərsliyi:

Burada dinləyib-anlama, danışma, ilkin tələffüz bacarıqlarına yiyələnmə, söz birləşmələri və sadə cümlələri təkrar etmək üçün lazım olan materiallar verilib. Lakin audio disk verilmədiyindən, dinləyib-anlama məzmun xətti üzrə alt standartlar tam reallaşdırılmayıb. Deməli, iki məzmun xəttindən birinin yerinə yetirilməsi məhduddursa, bununla əlaqədar digərinin reallaşması çətinləşir. Dərslik təlimin şagirdyönlülük prinsipinə qismən imkan verir.

III  sinif dərsliyi:

Dərslikdə dinləyib-anlama standartları yerinə yetirilməyib.

IV sinif dərsliyi:

Dərslikdə 1.1.3. (Verilən mətndə yeni sözləri müəyyən edir.), 2.1.2. (Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.), 4.1.1. (Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.) alt standartlarının yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilməyib və bu alt standartların yerinə yetirilməsi üçün (tələffüz, intonasiya) izahat və ya nümunəyə rast gəlinmir.

V sinif dərsliyi:

Dinləyib-anlamanın 1.1.2. (Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.), danışma məzmun xəttinin 2.1.1. (Yeni söz və ifadələrdən düzgün istifadə edir.), oxu məzmun xəttinin 3.1.1. və 3.1.2. (Söz və ifadələri seçir və qruplaşdırır, mətndəki 3 sözləri düzgün tələffüzlə oxuyur.) və yazı məzmun xəttinin 4.1.1. (Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.) Alt-standartları üzrə dərslikdə sözlərin təqdimatı da qeyri-qənaətbəxşdir.

VI  sinif dərsliyi:

Dərslik komplektinə audio vəsait daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dinləyib-anlama məzmun xəttinin yerinə yetirilməsi üçün vacib olan tapşırıqlar dərslikdə verilməyib, MMV-də müəllimlərə nümunə kimi göstərilməyib.

Hər dərsin əvvəlində “Listening-speaking”, “Listening-reading” başlıqları altında 2 (bəzən 3) sual verilsə də, dinləyib-anlamanın necə aparıldığı aydın olmur.

VII sinif dərsliyi:

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartlar tam reallaşmayıb. Bu məzmun xəttini reallaşdırmaq üçün bəzi tapşırıqlar verilib.(səh.13, tapşırıq 2; səh. 103, tapşırıq 2; səh. 120, tapşırıq 2 və s.). Lakin bu tapşırıqlar əsasən “Qulaq as” və “Tamaşalaşdır” başlıqları ilə verildiyindən, 1.1.1. (“Müraciətlərə uyğun tapşırıqları icra edir”) və 1.1.2. (“Dinlədiyi mətndəki əsas fikri müəyyən edir”) alt standartlarının tələblərinin reallaşmasına kömək etmir.

VIII sinif dərsliyi:

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dərslikdə yalnız iki səhifədə (səh. 83 və 121) “Listen” başlıqlı tapşırığa rast gəlinir.

Dərslik yazıb, tenderden keçə bilməyən müəllif...

IX,X və XI siniflərin monitorinqi köhnə dərsliklər üzrə aparıldığı üçün onlardan nümunələr vermirəm. Yalnız uzun illər dərslik eksperti olduğumdan və bütün standartların reallaşdığı dərslik yazıb, tenderden keçməyən müəllif kimi deyə bilərəm ki, bu sinif dərsliklərində də 1.1 dinləyib-anlama standartı tamamilə reallaşmayıb. Çünki “Listening” aparmaq üçün disk yoxdur ,eyni zamanda “Listening” başlığı ilə verilən tapşırıqların hamısı oxu materialıdır. Dinləyib-anlama zamanı şagird mətni görməməli,yalnız mətni dinləyib tapşırıqları etməlidir. Əgər mətn dərslikdə verilibsə ,bu oxu materialıdır.

Ümumiyyətlə yuxarıda sadalanan bütün siniflər üzrə heç bir sinif dərsliyində dinləyib-anlama tam yerinə yetirilməyib və audio vəsait nəzərdə tutulmayıb.

IX və XI  siniflərin buraxılış imtahanlarında ingilis dili fənninin ilk təcrübə olduğunu, yenilik üçün məktəblərdə resurs olmadığını nəzərə alaraq dinləmə bacarıqlarının reallaşdırılıb-reallaşdırılmamasını yoxlamaq-ölçmək gülüncdür. Attestat imtahanlarının minimum bilikləri ölçməli olduğunu nəzərə almalıdırlar, eyni zamanda reallıqla barışmalıdırlar.

Çox maraqlıdır ki, Neftçala rayon Dördlər kəndində informatika dərslərində şagird kompüter üzü görmürsə,  internetdə ingilis dilinə necə hazırlaşa bilər? Dinləmə haqda heç bir vəsait, heç bir disk və s. yoxdursa bu şagird dərsdə bunu mənimsəmirsə, bəs necə imtahan verəcək?

Əlbətdə ki, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir. Təqdim olunun imtahan modeli onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir.

Təbii ki, xarici dil dedikdə təkcə İngilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız,rus,ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma İngilis dilindən fərqli olaraq bu dillər üzrə ümumiyyətlə resurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib ortaya bir şey çıxara bilirlər. Alman, fransız,rus,ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur.

DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repititor və hazırlıq kurslarına şərait yaradır.

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək buraxılış imtahanlarına ingilis dili fənni üzrə “listening” (dinləmə mətni) əlavə edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları