Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 21:39:00
Bakı Dövlət Universitetinin təqaüd proqramları

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi işini davam etdirir. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti (BDU) öz stendi ilə təmsil olunur.

BDU-dan AzEdu.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin faydalı olacağına əminliyini bildirib.

 

Sonra C.Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən BDU-nun stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin ali məktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız BDU-nun yer aldığını bildirib. Rektor, həmçinin BDU-nun daha iki beynəlxalq reytinq cədvəlində qərarlaşdığını söyləyib.

 

Qeyd edək ki, üç gün davam edəcək təhsil sərgisində iştirakçılara BDU-nun bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Sərgi iştirakçıları universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edəcəklər.

 

Xatırladaq ki, ötən il keçirilən beynəlxalq təhsil sərgisində BDU “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.