XƏBƏRLƏR

11.10.2018 20:26
Tələbələr “Weir Oil and Gas” şirkətində təcrübə keçəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsində “Weir Oil and Gas” şirkətinin baş direktoru Altug Bilgic və insan resursları üzrə meneceri Nigar Əsədova ilə görüş olub. ADNSU-dan AzEdu.az-a verilən məlumata görə, görüşdə fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. Natiq ali məktəbin 100-dən çox müəssisə ilə əməkdaşlığı çərçivəsində tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi, gündəlik təcrübə proqramı və s. haqqında ətraflı məlumat verib.

 

Sonra tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçmələri, işə cəlb olunmaları, həmçinin laboratoriya və məşğələ dərslərinin müəssisələrdə təşkil edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Qeyd edək ki, 150 illik tarixə malik “The Weir Group” neft-qaz sənayesi üçün avadanlıqların istehsalı və onların servis xidməti ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb.