Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 15:43:00
Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsilə xüsusi diqqət ayrılır  

Rusiyanın təqdim etdiyi stenddə ölkənin müxtəlif regionlarının 16 universiteti təmsil olunur. Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsilə xüsusi diqqət ayrılır. Təhsil iki ölkənin humanitar münasibətlərinin mühüm hissəsidir.

AzEdu.az xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Ekspo Mərkəzində XII Azərbaycan beynəlxalq təhsil sərgisində söyləyib.

Səfir deyib: “Rusiya həm texniki, həm də humanitar universitetlərini təqdim edir. Əlbəttə, hər iki istiqamət bərabərdir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. İndiyədək Rusiya universitetlərində 15 minə qədər tələbə təhsil alıb. Bu, həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır”.

Səfir 2015-ci ildə yaradılmış Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyətini qeyd edərək, bu qurum çərçivəsində təşkil edilən tədbirləri, Ufada keçirilən sonuncu görüşdə universitetlər arasında əməkdaşlığın müzakirə edildiyini xatırladıb.

Mixail Boçarnikov Rusiya və Azərbaycan prezidentlərinin Soçidə baş tutan görüşünə toxunaraq deyib: “Bu il Azərbaycan və Rusiya prezidentləri arasında dörd görüşün keçirilməsi olduqca əhəmiyyətlidir və ölkələr arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir. Soçidə imzalanmış sənədlər əməkdaşlığımızı daha da genişləndirəcək. Hazırda Azərbaycanda Rusiyanın iki universiteti - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. İqtisadiyyat nazirlərimiz arasında imzalanan yol xəritəsində Azərbaycanda Rusiya universitetlərinin yeni filiallarının açılması da öz əksini tapıb. Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetləridir”.

Diplomat Bakıda keçiriləcək 6-cı Beynəlxalq Humanitar Foruma Rusiyanın xüsusi önəm verdiyini deyib.