Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 15:27:00
Psixoloq intihar etmək istəyən 3-cü sinif şagirdinin günahkarını açıqladı – “Bu, valideyn boşluğudur”

“Evdə də, məktəbdə də hamı həmin şagirdə neytral yanaşmalıdır. Bu mövzu ətrafında çox danışsalar,  uşaq onu valideyn və müəllimlərinə qarşı silaha çevirə bilər”.

Bu sözləri AzEdu.az-a psixoloq Roza Kazımlı bu gün III sinif şagirdinin intihara cəhd etməsindən danışarkən deyib. O bildirib ki, III sinif şagirdinin intihara cəhdindən danışmaq, bu haqda düşünmək belə absurddur:

“İntihar ətrafdan gördüyümüzü təqlid etməkdir. Affekt vəziyyətdə olduqda, çətin vəziyyətdən  çıxış  yolu axtardıqda bu addımı atırıq. III sinif şagirdinin belə etməsi məktəblə bağlı deyil. Güman ki, bu, valideynlərin boşluğudur.  Televiziyada və ya uşağın yanında intihar haqqında söhbət gedib. Uşaq da onu təqlid edib. İndi mediada intihar haqda məlumatlar hədsiz çox yayılıb.

Azyaşlının elə yüksək biliyi də yoxdur ki, açıb nəyisə oxuya bilsin.  O, yalnız görüntüdən təsirlənə bilər. Ola bilər ki, şagird boynunda ip, əlində bıçaq və s. olan adam şəkli görsün. Bu istənilən ölkədə belədir. Sadəcə uşaq o yaşda belə təsvirlərə baxmamalı və təqlid etməməlidir. Düşünürəm ki, boşluq valideyndən qaynaqlanır. Şagird yeniyetmə olsaydı, burada dostlarının rolunu qeyd etmək olardı. Amma bu yaşda o, yalnız valideyn boşluğunun qurbanı ola bilər”.

Azyaşlıları intihara sürükləyən yanlış kəlmələr...

Psixoloqun sözlərinə görə, uşağı həyatından bezdirməmək üçün ona bütün məsələlərdə düzgün yanaşmaq, şəxsiyyətini qorumaq lazımdır. Çünki 3 yaşdan etibarən uşağın eqosu formalaşmağa başlayır. O, özünü tanımağa çalışır:

“Sən bura yaraşmırsan, get”, “Bu söhbət böyüklər üçündür, sən dur çıx burdan” və s. tipli kəlimələrdən qaçmaq lazımdır. Bunları daha yumşaq formada etmək olar. Məsələn, onun başını maraqlı nə iləsə qatmaq olar, uşaq gedib öz oyuncaqları ilə oynayar. Bəzən valideynlər kiminləsə danışır, uşaq eşitdikdə isə ona ikinci dəfə dinləmək imkanı vermirlər. Belə olduqda uşaq düşünür ki, mən də böyüyəm. O, bunu şəxsiyyətinin aşağılanması kimi başa düşür. Anlamır ki, “kiçiksən” sözü sadəcə onun yaşına uyğun olaraq deyilir”.

Psixoloq televiziya proqramları və sosial şəbəkələrin şagird psixologiyasına zərərindən də söz açıb:

“Uşağı televiziya, sosial şəbəkələrdən maksimum uzaq tutmaq lazımdır. Baxdığı cizgi filmləri də yaşına uyğun olmalıdır. Uşaq yeniyetməlik yaşına çatana qədər aqresiya, intihara işarə yolverilməzdir. Azyaşlı televiziyaya yalnız öz saatında baxa bilər. Bu saatlarda müxtəlif uşaq verilişləri, cizgi filmləri verilir. Bəzən uşaq o qədər təsirə düşür ki, ailə qurmaq istəyir. Hətta “mənim öz uşağım olsun” deyən azyaşlıya da rast gəlinir. Bu kimi şeylərdən uzaq olmaqdan ötrü, uşaq yetiyentməliyinə qədər yalnız uşaq işləri ilə məşğul olmalıdır: oyun, dərs və s. Çünki azyaşlılar bu kimi hadisələri öyrənib, bilmədən təkrarlayırlar”.

Həmin şagirdin dini təriqətlərin təsiri altında olması ehtimalına gəldikdə isə Roza Kazımlı bildirib ki, uşağın bu yaşda dini təsirə düşmə ehtimalı çoxdur:

“Bu dövrdə ona nə desəniz, hər birini düzgündür kimi qəbul edəcək. Çünki o, yanlış və ya doğrunu seçə bilmir. Mexaniki bir şeylərin yanlış olduğunu anlaya bilər, amma məntiqli şəkildə düşünmür.  25-30 yaşlı insanları belə asanlıqla hərtərəfli  təsir altına salmaq olur, nəinki uşaqlar. Onlar tərtəmizdirlər, nə desəniz, edəcəklər.

Uşaqlıqda hər birimiz, Allahın olduğu, nəyisə ondan istəmək lazım olduğunu öyrənmişik. Amma hər şeyin vaxtı  var. Bunu düzgün və vaxtında təbliğ etmək lazımdır. Ailə qatı dindar olsa, bunu uşaqlara yanlış şəkildə yansıdacaq. Dində də intihar yolverilməzdir. Bunu belə düzgün təbliğ etməyiblər. Dinin fəlsəfi, tibbi tərəfləri də var. Bunu öyrənmək isə uşaq üçün çox tezdir”.

Bəs bugündən sonra məktəb kollektivi həmin şagirdlə münasibətində nələrə diqqət etməlidir?

“Öncə həmin şagirdə seçilirmiş kimi davranmamalıdırlar.  “Gəl burada otur”, “Bunu et”deyərək jest etməməlidirlər. Əks halda şagird bunu müsbət bir vərdiş halına çevirəcək. Düşünəcək ki, müəllim mənə qarşı sərt davransa, bunu yenə edəcəyəm və xoş rəftar edəcək. Neytral, hadisədən xəbərsiz kimi davranmalı, həmin mövzunu tam bağlamalıdırlar. Bu aralar uşağa özünə bildirmədən özgüvənini qaldıracaq tapşırıqlar vermək, şüuraltına təsir etmək lazımdır. Məsələn, müəllim elə tapırıq verə bilər ki, həmin gün uşaq yüksək bal alar və s. Evdə də, məktəbdə də hamı ona neytral yanaşmalıdırlar. Bu mövzu ətrafında çox danışsalar,  uşaq onu valideyn və müəllimlərinə qarşı silaha çevirə bilər”.

Qeyd edək ki, 302 nömrəli məktəbin III sinif şagirdi məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Ötən tədris ilindən dərsə dəvamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.

Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları