Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 15:07:32
“Müəllim və şagirdlər problem içində qalacaqlar” –  “Dinləmə qabiliyyəti” hamını tora saldı

“İngilis dili üzrə dinləmə mətninin buraxılış imtahanına əlavə  edilməsini  yüksək qiymətləndirirəm. Dövlət İmtahan Mərkəzinin burada heç bir günahı yoxdur. O qiymətləndirmə komissiyasıdır. Kurikulum standartında ingilis dilində dinləyib-anlama var. O zaman şagird bu istiqamətdə imtahan verməlidir”.

Bu sözləri  AzEdu.az-a  açıqlaması zamanı Gəncə şəhər 27 saylı məktəb-liseyin ingilis dili müəllimi  Elvin  Bakirov  deyib. O, buraxılış imtahanlarına dinləmə mətninin əlavə olunmasına münasibət bildirib:

“DİM şagirdə deyir ki, 11 ildir, nə işlə məşğulsan?! Gəl, imtahan ver!

Təhsil Nazirliyi bu istiqamət üzrə şərait yaratmalı, tələb etməli və bu əziyyətə uyğun da maaş verilməli idi. Problem içində qalan müəllimlər və şagirdlər olacaq! Hələ yaxşı ki, 6 sual dinləmə mətni əsasında tərtib olunacaq. 

Dinləmə mətninin buraxılış imtahanına əlavə edilməsini yüksək qiymətləndirirəm. DİM-in burada heç bir günahı yoxdur. O qiymətləndirmə komissiyasıdır. Kurikulum standartında ingilis dilində dinləyib-anlama var. O zaman gəlib imtahan verməlisiniz. Bu standartları müəllimlərə Təhsil Nazirliyi qoyub. Bizə lazımi şərait yaradılmalı idi. Avadanlıqlarımız yoxdur.  Bütün günü Azərbaycan dilində qrammatika izah edirik. Dərsliklərimizin tələbi budur!  Bəzi inkişaf etmiş ölkələrdə müəllimlər üçün “dərslik budur!” deyə tələb qoyulmur.  Müəllim qoyulan standarta və veriləcək imtahana uyğun dərsliklərini və ya materiallarını seçir”.

Elvin Bakirov 11ildir, bu standartlarla dərs keçirildiyini vurğulayıb:

“Bizi bir dəfə düşündürübmü ki, proqramda dinləyib-anlama var. Uşaqları bu istiqamətdə necə yetişdiririk? Bu sahə üzrə heç çalışırıqmı? Bu qərar müəllimlərə möhkəm bir sillə oldu! Kimləri ayılacaq, kimləri isə müxtəlif bəhanələr gətirəcəklər. Onlar da haqlıdırlar, amma bunu bəhanə edib yerimizdə saymamalıyıq.

Dinləmənin bir çox səviyyələri var. Şagirdləri ilk olaraq A1, A2 və B1 və B2 səviyyələrindən keçirin. Çalışın A səviyyəsini V-VI siniflərdə, B səviyyələrini isə VII-VIII-IX siniflərdə həyata keçirin. Ümid edirəm ki, C1 və C2 səviyyəli dinləmə olmayacaq. Çünki, buna heç müəllimlərimizin 90%-i  cavab verə bilməz!

https://www.britishcouncil.org/

Bu linkdə siz müxtəlif növ imtahanlar görə bilərsiniz. Mütləq digər resurslardan da araşdırın. Daha sonra IX sinfin standartlarına (dinləmə) mütləq göz gəzdirin.

Dövlət bizə şərait yaradana kimi biz öz şəraitimizi qurmalıyıq. Otağınıza bir cüt səs ucaldan (kalonka) alın, kompüteriniz varsa, dinləməni burdan həyata keçirin. Uşaqları “voscreen”, “edpuzzle” və s. kimi onlayn proqramlara qoşun.  Dinləmə materiallarına dair internet resurslar çoxdur, xüsusi ilə “BBC learningenglish”-i məsləhət görərdim. Çünki, DİM  Britaniya Konsulluğu ilə memorondum imzalayıb. Çox güman  ki, onlar bu işdə DİM-ə kömək edəcəklər.

 Yazı ilə bağlı isə DİM-in IX  sinif vəsaitində qiymətləndirmə meyyarları var. Mütləq onlara nəzər yetirin. Orada açıq aşkar necə qiymətləndirəcəkləri yazılıb”

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək buraxılış imtahanlarında ingilis dilindən şagirdə 15 sual təqdim olunacaq. 6 sual dinləmə mətni əsasında tərtib olunacaq. Şagird müəyyən mətni dinlədikdən sonra tapşırıqları cavablandıracaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları