Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 14:39:00
Bu məşhur məktəb Cümhuriyyət yadigarı imiş – ADR-in tikdirdiyi təhsil ocaqları

“Nəinki, Cümhuriyyət dövründə, o cümlədən ondan daha öncə - XIX əsrin sonlarından əsası qoyulan məktəblər də  Azərbaycanda məktəb bazası olaraq fəaliyyətini davam etdirir”.

Bunu tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova  AzEdu.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Demokratik Respublikası dövründə bir sıra gimnaziyalar, liseylər tilkilib:

“Bu da özündən əvvəlki bazanın daha da genişləndirilməsi üzərində qurulmuşdu. Məsələn, Hacı Zeynalabdin Tağıyev Mərdəkanda bağçılıq məktəbi tikdirmişdi. İndi o, orta ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. Yəni, hər bir məktəb binası daha da bazasını   genişləndirməklə  fəaliyyətini davam etdirib.

Əlbəttə, bununla yanaşı, Azərbaycan Cümhuriyyəti  dövründə yeni məktəblər də açılmışdı. Bu tədris müəssisələrinin – qadın, kişi gimnazilarının – Gəncədə, Şuşada, Şəkidə və Azərbaycanın digər müxtəlif qəzalarında, mərkəzlərdə əsası qoyulub”.

F.Əhmədova qeyd edib ki, ADR dövründəki məktəblər yeni məzmunda mövcudluqlarını qoruya biliblər:

“Bilirsiniz,  ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti  ADR dövründə açılıb. Gələn il universitetin 100 illiyinin keçirilməsi istiqamətində dövlət səviyyəsində işlər gedir. Yaxud Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi    Cümhuriyyət dövründə Qazaxa köçürüldü və uzun müddət fəaliyyət göstərdi. Məktəblər, maarif ocaqları yenə də işlərini davam etdirirlər. Dəyişən binalar, məkanlar deyil, repressiyaya məruz qalan müəllim kadrları olub.  Ola bilər ki, müəyyən dövr keçəndən sonra məktəblər təmirsiz, baxımsız qalıb yaxud dağıntı olub, müharibə vaxtı hərbi xəstəxana kimi fəaliyyət göstərib. Amma məktəb binaları siyasi baxımdan məsuliyyət daşımırdı. Repressiyaya məruz qalanlar, Cümhuriyyət dövrünün ziyalıları, pedaqoji kadrları olub. Bu baxımdan məktəblər yeni məzmunda mövcudluqlarını qoruya biliblər. Məsələn, 132 nömrəli məktəb Cümhuriyyətdən əvvəl də, ADR dövründə də, elə indi də fəaliyyət göstərir”.

Müsahibimiz deyib ki, Cümhuriyyət dövründə nəinki, Azərbaycanda, o cümlədən ölkədən kənarda da təhsilə xüsusi diqqət yetirilib:

“Cümhuriyyət dövrünün qanunvericilik aktlarına nəzər salsaq, orda Azərbaycan hökumətinin, qadın və kişi gimnaziyalarının açılması barədə qərarları var və həqiqətən də onlar açılıb. Bu tədris müəssisələri dövlətin 20 milyonluq fondundan ayrılan vəsaitlər sayəsində tikilirdi. Hətta Azərbaycan hökuməti Batum müsəlman məktəbi üçün  25 rubl pul ayırmışdı.  Ölkəmizin ərazisində milli azlıqların da  təhsili ilə bağlı orta ümumtəhsil müəssisələrinə dövlət büdcəsindən vəsait ayrılırdı. Bunlar hamısı tarixi faktlardır”.