XƏBƏRLƏR

11.10.2018 14:17
Riyaziyyatçı alimlərimizin beynəlxalq tədbirdə elmi məruzələri dinlənildi

Rusiyanın Ufa şəhərində Başqırdıstan Dövlət Pedaqoji Universitetinin professoru Y.Sultanayevin 70 illik yubileyinə həsr olunmuş “Spektral nəzəriyyə və qarışıq məsələlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AzEdu.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda bu elm müəssisəsinin “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemlərin bazisliyi haqqında”, həmin şöbənin aparıcı elmi işçisi, dosent Telman Qasımov “İkinci tərtib kəsilən diferensial operatorun məxsusi funksiyalarının bazisliyi haqqında”, “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Araz Əliyev “Elastiklik nəzəriyyəsi məsələsini modelləşdirən dördüncü tərtib operator-diferensial tənliyin həll olunması haqqında” mövzularında plenar məruzələr ilə çıxış ediblər.

Sonra alimlər Sterlitamak şəhərində keçirilən “Proses və sistemlərin riyazi modelləşdirilməsi” mövzusunda gənclərin VIII Beynəlxalq elmi-praktiki konfransına qatılıblar.

Tədbirdə professor B.Bilalov və T.Qasımov “Bir spektral məsələnin məxsusi funksiyalarının çəkili Lebeq fəzalarında bazisliyi haqqında”, professor A.Əliyev “Paylanma sistemində trafik marşrutlaşdırma məsələsinin həllinin kompüter modeli” mövzusunda plenar məruzələr söyləyiblər.

Professor B.Bilalov Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialının rektoru Svetlana Mustafina və onun müavini Vladimir Krizski ilə kimyada riyazi modelləşdirmə və təsvirlərə görə yer səthinin öyrənilməsi istiqamətlərində elmi əlaqələrin yaradılması barədə müzakirələr aparıblar.