Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 13:35:00
Valideynlərin kənd təsərrüfatı və erkən nikahla dərsdən ayırdığı şagirdlər – Kənd müəllimdən acı faktlar

 

Erkən nikah, əmək istismarı, və dilənçilik...

Bu amillər Azərbaycanda şagirdlərin dərsdən yayınmasını şərtləndirən əsas səbəblərdir. İddialara görə, belə hallara  bir çox bölgələrində daha sıx rast gəlinir. Bu isə valideynlərin övladlarını təsərrüfat işlərinə və erkən nikaha cəlb etmələri ilə əlaqədardır.

 Dərsdən yayınma zamanı səbəb həm də xəstəlik, ailənin ağır maddi vəziyyəti və ya valideynin məsuliyyətsizliyi ola bilər.

 AzEdu.az ayrı-ayrı bölgələrdə uşaqların təhsildən yayınmaları ilə bağlı araşdırma aparıb.

İlk olaraq, Beyləqandan başladıq: İddialara görə, Beyləqan rayonunda dərsdən yayınma hallarının bir çox  səbəbləri var.

Beyləqan Rayon Təhsil Şöbəsindən AzEdu.az-a açıqlama zamanı bildirilib ki, bu bölgədə ümumiyyətlə, dərsdən yayınan şagird yoxdur:

 “Cənab nazirin əmri var və hamı bütünlüklə təhsilə cəlb olunub. Kimsə 3-5 gün xəstələnib dərsə gəlməyə bilər. Amma bu təhsildən yayınma hesab olunmur”.

“Valideynlər qız uşaqlarının oxumasını istəmirlər”.

Bir vaxtlar Beyləqanın kənd məktəblərində çalışan, sonradan MİQ imtahanı vasitəsilə Şəmkir rayonu Çənlibel kəndinə iş yerini dəyişən Pərviz Əliyev isə 3 il fəaliyyəti dövründə  burada rastlaşdığı faktları sadalayıb.

O qeyd edib ki, ilk 2 il çalışdığı kənddə valideynlər qız uşaqlarının oxumasını istəmir, onları erkən yaşlarda nikaha cəlb edirdilər:

“Sonuncu ili  isə elə yaşadığım Bünyadlı kəndində çalışmalı oldum. Orada vəziyyət bir az başqaydı. Məktəblərdə davamiyyət normal idi. Qismən XI siniflərdə repetitor hazırlığı ilə bağlı davamiyyət aşağı düşürdü. Amma bu problemin üstünə ciddi şəkildə düşmüşdülər.

Əmək istismarı isə kənd təsərrüfatı ilə çox məşğul olan kəndlərdə baş verir. Məsələn,  Beyləqanın Qaralılar kəndi təsərrüfatla çox məşğuldur. Həmin məktəblərin yuxarı siniflərində dərsdən yayınma bu səbəblərdən baş verə bilər.

Beyləqandakı şagirdlərin yaylaq-qışlaq səbəbindən dərsdən yayınmasına isə inanmıram. Çünki bu hal torpaqlarımız işğalda olmayanda real idi, indi yox”.

“Mümkün deyil, valideynləri heç cür razı sala bilmirik”.

Məktəblilərin erkən nikaha cəlb olunması haqda danışarkən müəllim bildirib ki, bu bölgədə dərsdən yayınan əsasən qızlardır:

“Erkən nikah səbəbindən dərsdən yayınan qızları valideynlər məktəbə gəlməyə qoymurdular. Ona görə də onlarla ünsiyyətim olmayıb. Bu işlərlə onların sinif rəhbəri məşğul olurdu. Onlar deyirdilər ki,  “mümkün deyil, valideynləri heç cür razı sala bilmirik. Qızları oxutmaq istəmirlər”. Sinif rəhbərləri də həmin kəndin sakinləri olduqlarına görə, sanki özləri də bunu qəbul etmişdilər.

Belə şagirdlər əsasən, IX sinifdən çıxır, sonuncu sinifləri oxumurlar. Bu mövzu ilə bağlı valideynləri ilə əlaqə saxlaya bilmirdim. Kənd uzaq olduğuna görə, gedib dərsini deyir, evə güclə gəlib çatırdım. Kənddə qalmadığıma görə, sonradan da onlarla ciddi maraqlana bilmədim”.

Oxumaq istədiyinə görə valideynləri ilə ciddi konflikt yaşayan şagirdlər...

“Onlar arasında VIII-IX sinfədək güclü oxuyanlar var idi. Oxumaq istəyinə görə valideynləri ilə ciddi mübahisə edən, konflikt yaşayan şagirdlərə də rast gəldim. 2-3 nəfər valideynlərinə inad göstərərək qalıb X-XI sinfi də başa vurdu. Həqiqətən, oxumaq istəyən şagirdlərə də mane olurdular. Bəziləri isə elə əvvəldən oxumur, sonda da valideyni ilə razılaşırdılar.

Həmin şagirdlərin sonrakı aqibətindən isə xəbərim olmur...

Bəlkə də bu hallar yalnız orada deyil, digər kəndlərdə də baş verə bilər. Beyləqanın isə ucqar kəndləri çoxdur. Təhsilə meylin olmaması, müasirliyin özünü  göstərməməsi yəqin ki elə bu ucqarlıqla bağlıdır. Qaralılar, İmamverdili kəndləri kimi ucqarlarda belə hallara sıx rast gəlinir”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları