Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 11:52:20
“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Təkcə Riyaziyyatdan 10 sualın abituriyentlərin sayına vurulması milyonlarla sualın meydana gəlməsi deməkdir. Bu qədər sualı kim yoxlayacaq?!  Yoxlamağa nə qədər vaxt sərf olunacaq? Riyaziyyat müəllimlərinin sayını çoxaltsaq da, bu ciddi vaxt tələb edəcək”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədov deyib. Onun sözlərinə görə, XI siniflərin attestat balının qəbul imtahanında nəzərə alınması müsbət haldır:

“Ümumilikdə açıq tipli sualların sayını abituriyentlərin sayına vuranda milyonlarla rəqəm ortaya çıxır. Həmin sualları yoxlayacaq müəllimləri yetişdirə bilmişikmi? Onlara ciddi təlim keçirilməsində fayda var. Açıq sualların qiymətləndirmə sistemi 3 bal üzərindədir. Şagird suala ətraflı cavab yazmasından asılı olaraq qiymət alır. Belə olduqda, robotvari sistem yaranır. Elə açıq sual ola bilər ki, daha fərqli ölçü sistemi tələb etsin. Təkcə Riyaziyyatdan 10 tapşırığın abituriyentlərin sayına vurulması milyonlarla sualın meydana gəlməsi deməkdir. Bu qədər sualı kim yoxlayacaq? Yoxlamağa nə qədər vaxt sərf olunacaq? Riyaziyyat müəllimlərinin sayını çoxaltsaq da, bu ciddi vaxt tələb edəcək”.

 

Bəhman Məmmədov yeni qaydalarla tanış olanda ingilis dili fənnindən dinləmə mətninin suallara əlavə edilməsinin şahidi olduğunu vurğulayıb:

“Ucqar kəndlərdə dinləmə tipli dərslər keçirilirmi? Bu cihazlarla təchiz olunmuş sinif otaqlarımız varmı? Qaydalar elan olunduqdan 2 il sonra tətbiq olunsaydı, daha yaxşı nəticə almaq olardı. Ucqar kəndləri nəzərə alsaq, onlar ədalət yarışına daha geridən başlayacaqlar. Ümumi olaraq yeniliklər abituriyentlərin məntiqini, analiz qabiliyyətlərini artıracaq. İnsan fikrinin, insan əlinin dəyməyəcəyi mühitdə imtahan keçirməkdə fayda var.Yoxlamda insan faktoru varsa, bu subyektivlik yarada bilər. Subyektivliksə, obyektivliyə mane olur. Açıq sualları da elə şəkildə sistemləşdirmək olardı ki, onların mühakiməli olmağını qoruyub saxlanılardı, eyni zamanda testə bağlı sual olardı. Subyektivliyə diqqət yetiriləcək sistemi hazırlamaqda fayda var”.

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları