Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 11:07:00
Orta məktəbdə Avropa düşüncəli şagird yetişdirən xüsusi metod – Müəllimlər ondan niyə yararlanmırlar?

Orta ümumi təhsil məktəblərində dərsin keyfiyyətlə olması üçün müəllim gündəlik planlaşdırma aparmalıdır.

Gündəlik dərsin planlaşdırılmasının (icmalın) bir neçə mərhələsi var. Həmin mərhələlərdən ən vacib və müəllimləri çaşdıran hissələrdən biri də məhz inteqrasiyadır.

İnteqrasiya nədir?

“İnteqrasiya” termini XX əsrin sonlarından etibarən, daha fəal istifadə olunmağa başlayıb. Beləcə, bütün elm sahələrində, o cümlədən, sosiologiya və pedaqogikada inteqrasiya önəmli yer tutub. Pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunur.

Kurikulum metodunda inteqrasiya 2 formada olur: fəndaxili və fənlərarası

Əgər seçilən dərsin mövzusu köhnə dərslə əlaqələndirilirsə, bu, fəndaxili, seçilən mövzu digər fənlərlə əlaqələndirilsə, fənlərarası inteqrasiya adlanır. Ümumiyyətlə, müxtəlif fənlər üzrə biliklərin inteqrasiyası şagirdin təfəkküründə ətraf aləm haqda sistemli dünyagörüşün formalaşmasına kömək edir.

Fəndaxili inteqrasiya nədir?

Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilindəki nizamsız faktların sistemləşdirilməsidir. Bu inteqrasiya tipindən ibtidai təhsil pilləsi fənlərinin tədrisində daha çox istifadə olunur. İbtidai siniflərdə fəndaxili inteqrasiya prosesinə əsaslanan dərslərdə, induktiv də deduktiv tiplərin hər ikisindən istifadə oluna bilər.

Qeyd edək ki, dərs zamanı mövzu xüsusidən ümumiyə doğru izləndikdə induktiv, əksinə ümumidən xüsusiyə doğru izləndikdə isə, bu, deduktiv dərs hesab olunur.

Fəndaxili inteqrasiya da 2 cür olur: Üfüqi və Şaquli inteqrasiya

Üfüqi inteqrasiya - fənn üzrə məzmun xətlərini əlaqələndirməklə, müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir.

Şaquli inteqrasiya - sinifdən-sinfə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir.

Bütün inteqrasiya növlərinin texnikasından əlavə olaraq, istənilən növdən istifadə edən müəllimin öz yaradıcılıq qabiliyyəti də olmalıdır. Tutaq ki, İngilis dilini tədris edən müəllim, müəyyən mövzunu Azərbaycan dili fənni ilə necə əlaqələndirəcəyini özü təyin etməlidir.

“Fənlərarası əlaqə təkcə müxtəlif fənlərin bir-biri ilə əlaqələndirilməsindən ibarət deyil. O, bizim təhsil məsələlərini necə başa düşməyimiz, onu necə həyata keçirməyimizlə bağlı məsələdir. İnteraktiv kurikulumdan istifadə edən müəllimlər, adətən, şagirdləri mənalı öyrənməyə cəlb edən yaradıcı sinif mühiti təşkil edir”. (İnteraktiv kurikulum: mahiyyəti və nümunələr. F.Kərimova, Mehriban Əhmədova, Gəri Varella, Əlis Reyli. Bakı, Adiloğlu, 2005)

Fənlərarası inteqrasiya nədir?

Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezidir. Yəni, müəllim bir dərsi izah edərkən mövzudakı anlayış və metodların digər bir fənnin tədrisində istifadəsi nəzərdə tutulur. Belə inteqrasiya nəticəsində şagird müxtəlif  fənlər arasındakı məntiqi əlaqələri başa düşür. Beləcə, mövzunu qavraması daha asan başa gəlir.

Bir fənni digər fənlə müqayisə edərək, şagirdə mövzunu izah edən müəllimin digər fəndən anlayışının olması da zəruridir. Üstəlik, müəllim dərs planına inteqrasiya növü kimi “fənlərarası”nı qeyd edərsə, qeyd etdiyi fənlə əlaqələndirəcəyi mövzunun şagirdə tədris olunub-olunmadığına da diqqət etməlidir.

Çoxfənli inteqrasiya nədir?

Bu növ inteqrasiya iki fənn deyil, ayrı-ayrı bir neçə fənlər arasında müəyyən bir mövzunun əlaqələndiirlməsi üçün istifadə olunur. Çoxfənli inteqrasiya milli kurikulumda digər inteqrasiya növlərinə nisbətən geniş istifadə olunmasa da, çox əhəmiyyətlidir. Bunun bir neçə özəlliyi vardır.  Məsələn, çoxfənli inteqrasiyanın ən üstün cəhətlərindən biri odur ki,  şagird məcbur olaraq sevdiyi fənnə görə digər fənlərdən də məlumatlı olur.

Məsələn, şagird coğrafiya fənnini sevdiyi halda, fizika, kimya və biologiya fənlərinə maraq göstərmir. Coğrafiya fənnini tədris edən müəllim, misal üçün, hansısa vulkan haqda məlumat verərkən bunu fizika, kimya və biologiya ilə əlaqələndirə bilər. Beləcə, şagird özü də bilmədən digər maraq göstərmədiyi fənlər barədə də məlumatlı olar. Çoxfənli inteqrasiyanın geniş istifadə olunması şagirdlərin dünyagörüşünün artmasına səbəb ola bilər.

Fənlərüstü inteqrasiya nədir?

Fənlərüstü inteqrasiya inteqrasiyanın ən yüksək səviyyəsi hesab olunur, transfənn inteqrasiya da adlanır. Məktəbdə tədris edilən mövzuların məzmunu ilə məktəbdən kənarda aldıqları məzmun sintez edilir. Alman mütəxəssislərinin fikrincə, bu inteqrasiya növündən təkcə humanitaryönümlü deyil, elə texnikiyönümlü fənlərdə də geniş istifadə olunmalıdır. Məsələn, hazırda istifadə olunmayan “İnsan və Cəmiyyət” fənninin tədrisi birbaşa fənlərüstü inteqrasiyaya əsaslanırdı. İndi isə “İnsan və Cəmiyyət” fənnini “Həyat bilgisi” əvəz edir.