Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 09:10:00
Avropanın xilas, bizimsə ayıb kimi baxdığımız seksual maarifləndirmə - “Bu öyrədilsə, qızlar çölə atılmayacaq”

Bir çox dünya ölkələrində seksual maarifləndirmə fənn kimi tədris olunur. Bu fənn böyümə və inkişaf, cinsi anatomiya və fiziologiya, reproduksiya, kontrasepsiya, hamiləlik və uşağın doğulması, İİV və QİÇS, cinsi yolla keçən infeksiyalar, ailə həyatı və şəxslərarası münasibətlər, mədəniyyət və seksuallıq, cinsi zorakılıq və s. kimi mövzuları əhatə edir.

Cinsi və reproduktiv sağlamlıq, hüquqlar üzrə hərtərəfli təhsil insanların cinsi sağlamlıq sahəsində bilik və bacarıqlarını təmin edir. Bu, insanların arzuolunmayan hamiləlik, təhlükəsiz abort, cinsi yolla keçən infeksiyalar və İİV-ə məruz qalma riskini azaldır. Məktəblər yeniyetmələrin cinsi və reproduktiv sağlamlıq, hüquqlar üzrə biliklər əldə etməsi üçün ən yaxşı mühitə sahibdir.

Seksual maarifləndirmə istiqamətində  ən inkişaf etmiş ölkə İsveçdir. Burada seksual maariflənmə fənni hələ 1950-ci ildən icbari fənn olub. 

Niderlandda insan biologiyası və seksual maariflənmə haqqında uşaqlara hələ bağçadan danışırlar. Bu ölkədə dünya üzrə yeniyetmə hamiləliyi göstəriciləri ən aşağı səviyyədədir.

Amerika məktəblərində seksual təhsil iki əsas istiqamət üzrə keçilir. Birincisi –  absistent (Abstinence Only Until Marriage (AOUM)) və ya nikaha qədər seksdən uzaq olma üzərində qurulmuş, ikincisi tam, kompleksli seksual maarifləndirmədir, bu zaman şagirdlərə evlənənə qədər seksual münasibətlərdən uzaq olmaq məsləhət görülür, eyni zamanda da kontrapseptivlər haqda geniş məlumat verilir.

Bəs Azərbaycanda vəziyyət necədir?  “Seksual təhsil”ə  ehtiyac varmı?

“Tədris planını kütlənin qəbul edəcəyi formata salmalıyıq”

“Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri  Mehriban Zeynalova AzEdu.az-a  danışarkən xatırladıb ki,  Sovet dönəmində bununla bağlı müəyyən adaptasiya olunmuş forma var idi və tədris aparılırdı:

“Seksual maarifləndirmə üçün birinci, müəllimlərin komplekslərini aradan götürmək lazımdır. Daha sonra tədrislə bağlı nəsə düşünmək olar. Çünki  Azərbaycan müəllimləri bu məsələdə kifayət qədər narahatdırlar. Hətta İİV-lə bağlı mövzuya toxunmurlar. Valideynlər də bəzi hallarda müəllimlərə qarşı çıxırlar ki, uşaqların tərbiyəsi pozulur. Bu baxımdan mətbuat vasitəsilə seksual maarifləndirmənin önəmliliyi və uşağın bu sahədə bilgilərin düzgün qavramasının gələcək seksual sağlamlağına, ailəsinə müsbət təsir göstərəcəyini  çatdırmaq lazımdır. Öncə, tədris planını kütlənin qəbul edəcəyi formata salmalıyıq ki, onlar bunun məqsədini anlasınlar və normal reaksiya versinlər. Əks halda, heç bir xeyri olmayacaq.  Dəfələrlə müəllimlər bizə  valideynlərin aqressiyasından danışıblar. Bu mövzu kifayət qədər həssasdır”.

M.Zeynalova qeyd edib ki, əslində “seksual təhsil”ə ehtiyac var:

“Müasir dövrdür, uşaqlar texnologiya vasitəsilə bəlli olmayan materialları oxuya bilirlər. Bu gün yeniyetmələr İİV-ə yoluxmaq, abortlar, ümumiyyətlə, analıq hissi, övlada verilən tərbiyə, cinsi münasibətlərdə ailənin qorunub saxlanmasının önəmi kimi mövzuları axtarır, asanlıqla əldə edirlər. Bunları nə qədər düzgün qavrayırlar? Yaxud, həmin məlumatları öz reproduktiv və cinsi sağlamlıqlarına uyğunlaşdırırlar?  Gündəlik həyat göstərir ki, uşaqlar doğru məlumat toplaya bilmirlər. Adaptasiya olunmuş informasiyaları məktəblilərə kiçik baza kimi vermək lazımdır. Məsələn, uşaqlar özünə qarşı gigiyenik sağlamlıq, cinsi münasibətlər və.s haqqında  bilgili olmalıdırlar.  Dediyim kimi, müəllimlər və valideynlərlə iş aparılmalıdır. Bu proses uzunmüddətlidir.  İndiki aqressiv dövrdə  bir sıra qruplaşmalar bundan sui-istifadə edib əxlaqsızlıq kimi də  təbliğ edə bilərlər. Bu baxımdan doğru metod seçilməlidir. Onsuzda bu uşaqlar istəsək də, istəməsək də, ordan-burdan  məlumatlar oxuyurlar.  Qınayan, hücum edən valideynlərin heç xəbəri yoxdur ki, onların övladları  telefonlarla hansı mənbələrə daxil olurlar, nəyə baxırlar, bunu necə əxz edirlər?”.

“Zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmaması durur”

Təhsil eksperti Kamran Əsədov  düşünür ki, cinsi tərbiyə dərslərin keçilməsi vacib və lazımdır:

“Xüsusi qeyd edim ki,  cinsi və ya seksual tərbiyə dərsi intim həyatın necəliyindən ibarət deyil. Hamı cinsi tərbiyə dedikdə, uşaqlara nə isə tərbiyəsiz bir mövzu keçiriləcəyini düşünür. Orada pornoqrafiya, erotikadan söz getmir. Bu, geniş anlayışdır. Azərbaycanda indiki zamanda bir çox ailələrdə vəziyyət çox pisdir. Nə qadın, nə də kişi ailədə funksiyalarını düzgün yerinə yetirmir. Bu dərsdə biologiya, fiziologiya deyil, kifayət qədər sosioloji və psixoloji məqamlar var. Məsələn, oğlanlara kişi kimdir, necə olmalıdır, onun ailədə rolu, həmçinin qızlara necə qadın, ana olmaq lazımdır, onun ailədə rolu tədris olunmalıdır. Bir sözlə, seksual tərbiyə bu deməkdir. Məsələn, yetkinlik yaşına çatanda həm qız, həm də oğlanların orqanizmində dəyişiklik yaranır. Böyük əksəriyyət məlumatsız olduğundan, utandığından,  heç nə soruşmur və baş verənləri qorxu ilə qarşılayırlar. Hətta intihara cəhd edən uşaqlar da olur. Bütün bunlar uşaqlara düzgün cinsi tərbiyənin verilməməsindən irəli gəlir”.

K.Əsədov deyib ki, burada əsas narahatlıq doğuran səbəb “seksual təhsil”i  tədris edəcək mütəxəssislərlə bağlıdır:

“Bu, çox həssas və təhlükəli məsələdir, proqramı işləyib hazırlamaq çox böyük həssasiyyət tələb edir. Baxmayaraq ki, seksual maarifləndirmə fənni uşaqlara vacibdir, ancaq bu işi üzərinə götürən şəxslərin onun öhdəsindən nə dərəcədə gələcəkləri tərəddüd yaradır. Həqiqətən, azərbaycanlı məktəbliyə bu lazımdır, yoxsa yox. Çünki bizlər konkret insanlarıq, heç vaxt gələcəyi düşünmürük. Ona görə də biz bu məsələlərə barmaqarası baxırıq. Bu dərslər vacibdir, əgər onu düzgün qursaq, nəvələrimiz düzgün böyüyəcək, qızlarımız çölə atılmayacaq, evdə döyülməyəcək, söyülməyəcəklər.

Digər bir problem isə Azərbaycan oğlanlarında kişi anlayışının olmaması ilə bağlıdır. Bunun isə ən başlıca səbəbkarları - qadınlardır, daha dəqiq analardır. Çünki onlar övladlarını düzgün böyütmürlər. Anaları oğullarını həddən ziyadə infantil (uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan) böyüdürlər. Onlar unudurlar ki, oğlan özünü kişi, qız da özünü xanım kimi hiss etməlidir. Dünya təcrübəsində bu fənn və biliklər öyrədilir. Xarici ölkələrdə uşaq bağçasından bu tərbiyə başlanılır. Çünki hər yaş kateqoriyasının öz seksual problemləri var. Məktəblərdə xüsusi psixoloqlar mürəkkəb cinsi məsələlərin maarifləndirilməsini aparmalıdırlar, çünki bu həm tibbi, həm mənəvi-psixoloji, həm də fiziki problemdir.

Hesab edirəm ki, hazırda cəmiyyətin üzləşdiyi kriminalın, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmaması durur. Amma bu kimi vacib bilik və bacarıqlar mütəxəsislər tərəfindən keçirilsə, problemlərin sayı kəskin şəkildə azalar”.

“Gənclər  cinsi bilikləri mütəxəssisdən almalıdırlar”

Tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev məktəblərdə “seksual təhsil”in önəmli olduğunu vurğulayıb:

“Əvvəllər biologiya  dəsrliklərində bir az məlumat verilirdi. Əslin bu, indi də var. Lakin ayrıca fənn kimi tədris olunmur. Fikrimcə, seksual maarifləndirmə çox vacibdir. Məktəblilərə böyümə və inkişaf, cinsi anatomiya və fiziologiya, reproduksiya, kontrasepsiya, hamiləlik və uşağın doğulması, İİV və QİÇS, cinsi yolla keçən infeksiyalar və.s haqqında məlumatlar açıq şəkildə olmasa da, verilməlidir.

Ən azından gənclər  bu haqda bilikləri və onları narahat edən məsələləri məhəllə uşaqlarından yaxud  qeyri-rəsmi internet saytlarından deyil, mütəxəssisdən almalıdırlar”.

“Peyğəmbərlərin gətirdiyi din, həyatın bütün sahələrini əhatə etməlidir”

Məşədi Dadaş məscidinin imam-camaatı  Hacı Şahin Həsənli saytımıza açıqlamasında qeyd edib ki, cinsi tərbiyə dərsləri ilə bağlı praktika müxtəlif ölkələrdə var və dinlə ziddiyyət təşkil etmir:

“Ümumiyyətlə,  əxlaq çərçivəsində hansısa cinsi məsələlər haqda şagirdlərə məlumat verilməsi normal haldır. Sovet dövründə də bu barədə ümumi məlumatlar verilirdi. Dərslərdə qızlar və oğlanlar ayrı iştirak edirdi. Bu şəkildə  ümumi məlumatın verilməsi, dinimizdə də nəzərdə tutulub. Təbii ki, dinin göstərişinə əsasən, bunu həm də valideynlər etməlidir. Bununla bağlı dində ayrıca bölmələr, hədislər var. Çünki bu, həyatın ayrılmaz hissəsidir. Cinsi tərbiyə haqqında məlumatsızlıq digər fəsadlara yol açır. Məktəblərdə  seksual maarifləndirmə aparılmasında hər hansı qəbahət yoxdur.

Adətən dinin bir çox məsələlərə mane olduğu düşünülür. Amma bu yanlış streotiplərdən qaynaqlanır.  Dinin bir çox məsələlərlə bağlı mövqeyi müsbət olduğu halda, biz yasaqlardan, qadağalardan danışırıq. O cümlədən, bu məsələdə  İslam dini məhdudiyyət tətbiq etmir. Bu barədə Quranda qadağaların olması istiqamətində dəlillər də tapmaq olmaz. Əksinə, peyğəmbərlərin gətirdiyi din, həyatın bütün sahələrini əhatə etməlidir”.