Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-11 09:25:00
Bakı məktəbindəki bibər qazı müəmması – “Bunun mənbəyi araşdırılmalıdır, əks halda...”

“Məktəb şəraitində xüsusi olaraq kiminsə çantasını yoxlamaq çox çətin məsələdir. Baş verən hadisələrin qarşısını birmənalı şəkildə almaq isə mümkün deyil. Ən yaxşısı uşaqları maarifləndirməkdir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. O, şagirdin məktəbə bibər qazı gətirməsi nəticəsində baş verən hadisə haqda danışarkən bu vasitənin əldə olunmasının çətinliyini vurğulayıb:

“Bibər qazı satışda deyil. O, müəyyən orqanlara yalnız nəyinsə qarşısını almaq üçün verilir. Öncə bibər qazının həmin uşağın əlinə haradan düşdüyü aydınlaşmalıdır. O, uşaqdır, belə hərəkət edə bilər. Amma bunun mənbəyinə gedib çıxmaq lazımdır. Bu, hansısa orqan işçisinin səhlənkarlığı ucbatından olubsa, o, cəzalandırılmalıdır”.

Məktəblərdə təhlükəsizlik qaydalarına gəlincə isə ekspert bildirib ki, bu, metroda təhlükəsizlik kimidir. Çünki məktəbə gündə nə qədər uşaq girib çıxır. Hər kəsi yoxlayıb içəri buraxmaq isə qeyri-mümkündür:

“Zərər gətirəcək maddələrin əldə olunması ilə bağlı şagirdlərlə profilaktik söhbətlər aparmaq lazımdır. Bunu müəllim də, səlahiyyətli orqanın nümayəndəsi də edə bilər. Xüsusi olaraq kiminsə çantasını yoxlamaq çox çətin məsələdir”.

Onun sözlərinə görə, dünya təcrübəsinin ən real nümunələrində belə məktəblərdə daha betər hadisələr baş verir:

“Dünya təcrübəsinin ən böyük nümunəsi Amerikadır. Bir də görürsən  ki,  orada hətta məktəbə silahla girib 10 nəfəri öldürürlər. Yəni, belə hadisələrə çox yerdə rast gəlinir. Bunların qarşısını birmənalı şəkildə almaq isə mümkün deyil. Ən yaxşısı uşaqları maarifləndirməkdir”.

Qeyd edək ki, bu gün 76 nömrəli məktəbdə tənəffüs zamanı  6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Şagirdlər dərhal təxliyyə olunublar. 

Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıblar.

Bibər qazının isə hadisəni törədən şagirdin atasına məxsus olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları