Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 15:50:00
“Məktəbə bibər qazı gətirib, uşaqları zəhərləyən şagird və valideyninə hansı cəza verilə bilər? – Hüquqi rəy

“Məktəbə bibər qazı gətirən şagirdin artıq 16 yaşı olubsa, inzibati məsuliyyətə cəlb oluna bilər. Valideyn də uşaqların tərbiyəsi ilə məşğul olmamaq barədə 189-cu maddə ilə məsuliyyət daşıyır. O,  40, 50, 100 manat cərimə ödəyə bilər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı hüquqşünas  Anar Ramazanov deyib. O, şagirdin məktəbə bibər qazı gətirilməsi nəticəsində baş verən hadisənin hüquqi tərəfindən danışarkən bildirib ki, burada təxribat ehtimalı da ola bilər:

“Öncə polis əməkdaşları həmin bibər qazının haradan, necə əldə olunması ilə bağlı araşdırma aparmalıdırlar. Şagirdin qanunla qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan avadanlığı haradan əldə etdiyi aydınlaşmalıdır. Bəlkə, kimsə o qazı həmin şagirdə qəsdən verib və onun vasitəsilə  məktəbdə  təxribat  törətmək istəyir?  Bəlkə, onu verən teroristdir?

Yəni, işin davamında kütləvi  iğtişaş, qəsdən sağlamlığa zərər vurma  kimi məsələlər aşkarlana bilər.

Yeri gəlsə valideyn və ya onu əvəz edən şəxsin də fəaliyyəti araşdırılmalıdır. Bəlkə də uşaq evə gec gəlir, valideyn isə onunla maraqlanmır. Yəni, burada valideynlərin də məsuliyyəti istisna olunmur”.

Hüquqşünasın sözlərinə görə, belə məsələdə müəllim də məsuliyyətə cəlb oluna bilər:

“Məktəbin məsuliyyətindən birmənalı danışmaq olmur. Yalnız ümumi məsuliyyətdən söhbət gedə bilər. Çünki uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq müəllimin işidir. Müəllimin nə vaxtsa bu məsələ ilə bağlı şagirdə məlumat verib-vermədiyi, ona həyat bilgisi fənninin necə tədris olunduğu araşdırılmalıdır.  

Bəzi məktəblərdə belə məsələlələr nəzarət edir, şagirdlərin çantasını yoxlayırlar. Orta təhsil müəssisəsində belə cavabdeh şəxs varsa, onun məsuliyyəti də danılmazdır.

Vəziyyətdən asılı olaraq, burada müəllimin də, məktəb rəhbərliyinin  də məsuliyyətindən söz gedə bilər. Müəllimin bibər qazının gətirildiyini eşitdikdə hansı tədbir görməsi də önəmli məsələdir. Onun hadisə ilə bağlı kimi məlumatlandırdığı aydınlaşdırılmalıdır. Bəlkə, müəllim bibər qazının gətiriləcəyini bilsə də, gizlədib? Məktəb bu hallarda məsuliyyət daşıya bilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları