Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 14:16:59
“Xaricdə maşınla qəza törədən, pis yola düşüb pulları sovuran azərbaycanlı tələbələr çoxdur” – Direktordan acı etiraf

“Türkiyəyə, eləcə də digər xarici ölkələrə oxumaq üçün üz tutan tələbələrimizin xaricdə olma məqsədləri fərqlidir. Hərbi xidmətdən yayınmaq istəyən, Azərbaycanda keçirilən qəbul imtahanında yetəri bal toplaya bilməyən və ya savadlı kadr kimi yetişmək üçün xaricdə olan tələbələrimiz var”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Global Kariyera İnstitunun direktoru Orxan Həsənoğlu deyib.

O, Şimali Kiprdə çalışdığı üçün bənzər problemlərlə tez-tez qarşılaşdığını  vurğulayıb:

“Bu, olduqca maraqlı və yaralı məsələlərimizdən biridir. Türkiyədə və digər ölkələrdə bu kimi problemlər mövcuddur. Hazırda xaricdə təhsil alan tələbələrimiz bir neçə sinfə ayrılmalıdır. Çünki onların xaricdə olma məqsədləri fərqlidir. Hərbi xidmətdən yayınmaq istəyən, Azərbaycanda keçirilən qəbul imtahanında yetəri bal toplaya bilməyən və ya savadlı kadr kimi yetişmək üçün burada olan tələbələrimiz var. Türkiyədə bu kimi kateqoriyalara aid tələbələr çoxdur.

Maşın kirayələyib qəza törədənlər, valideynin göndərdiyi pulun çoxluğundan xoşagəlməz yollara baş vuran tələbələrimiz də olur”

Orxan Həsənoğlu problemin həlli üçün valideynləri diqqətli olmağa çağırıb:

“Problemin həlli üçün ilk növbədə valideynlər düşünməli və sağlam qərar verməlidirlər. İkinci isə Təhsil Nazirliyi bu məsələni xüsusi nəzarətə götürməli və Diaspor Komitəsi ilə birgə qurum və ya xüsusi şöbə yaradılmalıdır. Xaricə gedəcək tələbələrimizlə brifinq keçilirməli və onları nəzarətə götürməlidirlər. Bu, əslində, olduqca ciddi məsələdir. Çünki onlar getdikləri ölkələrdə Azərbaycanı təmsil edirlər. Uğurları və uğursuzluqları da Azərbaycanın adı ilə bağlıdır”.

Müsahibimizin sözlərinə görə, əvvəllər xaricə qəbul olmağın daha asan olduğu düşünülürdü:

“Bu qəbilədən olan tələbələr və onların valideynləri zamanla gördülər ki, bu çıxış yolu deyil. Çünki qəbul olmaq asan olsa da, təhsili başa vurmaq üçün sadəcə, oxumaq lazımdır. Bu tələbə cavab verə bilməyənlərin sayı azalır. Yalnız hərbi xidmətdən yayınmaq məqsədi ilə xaricə üz tutanların sayında azalma yoxdur. Bizim universitetə və həmçinin digər universitetlərə müraciət edən valideynlər fikirlərini ifadə etməkdən çəkinmirlər. Onların birbaşa “əsas odur hərbi xidmətə getməsin" deməsi acınacaqlı haldır. Bu düşüncədə olan valideynlərin sayını azaltmaq üçün cəmiyyətimizdə maarifləndirmə işi aparmaq lazımdır.

Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, artıq Kiprdə və Türkiyədə bizi sevindirən tələbələrin sayında olduqca artım var. Təhsil və cəmiyyətdə əldə etdikləri uğurlar ölkəmiz adına sevindirici haldır. Mən bu tələbələri yetişdirən cəmiyyətimizə və valideynlərə öz minnətdarlığımı bildirirəm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları