XƏBƏRLƏR

10.10.2018 12:21
Alimlərimizin məqalələrinin 90 faizi saxta elmi jurnallarda çap olunur” – Prorektordan heyrətləndirici faktlar

“İmpakt faktorlu jurnal”deyəndə əsasən, iki sistem nəzərdə tutulur: Birincisi, “Web of Science  sistemindəki jurnallar - bunların sayı 8 minə yaxındır. Digəri isə, SCOMPUS bazasında olanlardır - onların da sayı  20 minə yaxındır. Bu jurnallar müxtəlif ölkələrdə və universitetlərdə nəşr olunur.

Dünyada təxminən, 200 minə yaxın elmi jurnal var. Bunlardan ciddi olanı SCOMPUS bazasındakı 20 min və Web of Science -ə daxil olan 7 min jurnaldır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov deyib. Onun sözlərinə görə,  bu jurnallara tələb çoxdur:

Azərbaycandakı saxta elmi jurnallar

“Böyük şirkətlərin jurnalları bu bazalarda indeksləndiyi üçün məqaləni pullu satırlar. Məqalələri dərc etməkdə isə bu bazadakı jurnalların 70%-i pulsuzdur. 30% jurnal isə pulu məqalələrin oxucular tərəfindən pulsuz oxunması, şirkət tərəfindən satılmaması üçün alır. Bu da məqalə dərc edən tərəfindən ödənilir ki, yazını daha çox adam oxusun. Bir məqalənin qiyməti təxminən, 40-50 dollardır. Azərbaycan elm bazarında pulla məqalə çap olunan jurnalların 70-80%-i saxta jurnallardır.Bu, dünyada  böyük  problemdir. Ən çox Pakistan, Ermənistan və bir sıra qanun boşluğu olan ölkələrdə deyirlər ki, bizim jurnallar bu bazalarda indekslənib. Bizim elm adamları da bəzən, bunu dəqiq  bilmirlər.  Pul verirlər dərc olunur, amma 1-2 ay sonra görürlər ki, jurnal da, veb-saytı da yoxdur. Ciddi impaktfaktorlu heç bir jurnal pulla məqalə çap etmir. Əgər pul tələb olunursa, demək, saxta jurnaldır. Elm  adamları bunu rahatlıqla ölçə bilir.

“Thomson Reuters”-in Təhsil Nazirliyi ilə müqaviləsi var. Ali Attestasiya Komissiyasında da elmlər namizədi, doktoru üçün bəzi şərtlər qoyurlar”.

E.Süleymanov bildirib ki, keçənilki 30 məqalədən xüsusilə, ictimai elmlər sahəsində olanların təxminən, yarısı saxta imiş:

“Dissertasiya nəticəsi olaraq göstərirlər ki, məqaləm filan jurnalda dərc olunub. Azərbaycanda ictimai elmlərdə keçən il cəmi 13 məqalə çıxıb. Ədəbiyyatlarda, İnstitutların “facebook”  səhifələrində isə yazırlar ki, bizim institutun bu il 20 məqaləsi dərc olundu. Toplananda 300-400 olur, yəni bunun realı on beşdirsə, bu o deməkdir ki, 400-ün  90% -i saxta jurnallarda çıxıb. Bu jurnallarda pul müqabilində çıxarırlar.

Bir çox ölkələrdə ciddi məqalənin dil redaktəsi üçün,- məsələn, məqalə ingiliscədir, amma tam akademik deyil, - pul ala bilərlər. Elm adamları əgər bunu nəzərdə tutursa, başadüşüləndir. Təhsil Nazirliyində hər il həmin məqalələr nəşr olunur və statistikada da yazılır. Məsələn, baxırsan, universitetin nəşri il ərzində 7 olub, amma universitetlərin hesabatında isə bu rəqəm 100 göstərilib.

Bu, Bakı Mühəndislik Universitetində pulsuzdur. Amma  bəzi yerlərdə pul tələb olunması, iki məntiqlə ölçülür. Çap xərcləri məqsədilə alınırsa, jurnalın saytında rəsmi göstərilibsə, bu,başadüşüləndir. Məqalə verən də baxır, bu jurnala filan qiymətə məqaləni dərc etməyə dəyər ya dəyməz. Əgər bu göstərilməyibsə, pul tələb olunursa, etik deyil və saxtakarlığa gedib çıxır.

Prorektor onu da vurğulayıb ki, Ali Attestasiya Komissiyası bu jurnalları iki ildə və ya ildə bir dəfə monitorinqdən keçirir:

“Burada dissertasiyaların müdafiəsində qəbul edilən məqalələr seçilir. Orada şərtlərdən biri budur ki, əgər pulludursa, bu jurnalın saytında mütləq göstərilməlidir, deyilsə, saxta jurnaldır. Bildiyim qədəri ilə digər universitetlərdə bu, Elmi Şura və ya rəsmilərin qərarı ilə müəyyənləşdirilir. Dünyada təcrübə odur ki, elmi jurnallarahansısa şirkət sponsorluq edir. Bəzi ölkələrdə isə rəyə göndərərkən, redaktə zamanı pul ödənilir. Amerikada bir çox jurnallarda kağız çapı çox da arzu edilmir, jurnalların elektron variantları mövcuddur. Kimsə kağız formatında istəyirsə, onun qiymətini ödəyir.Tövsiyə edərdim ki, universitetlərin çoxu elektron jurnal sisteminə keçsinlər, maya dəyəri də aşağı düşsün. Bu zaman proqramın müəyyən xərci olur.

Dövlət universitetlərində məqalənin dərci üçün pul tələb olunması düzgün deyil. Universitetlər buna büdcə ayırmalıdır. Onsuz da bizim elm adamlarının maddi vəziyyətləri yaxşı deyil.  Bir çox ölkələrdə universitet büdcəsində hər il beynəlxalq konfrans  üçün elm adamının iştirakına görə, pul ayrılır. Biz də universitet, institut daxilindəki jurnalın nəşrini nəzərə almalıdır. AMEA əməkdaşlarının xaricdə dərc olunan məqaləsi üçün rəsmi ödəniş tələb olunarsa, bunu AMEA-nın ödəməsi daha yaxşıdır. Bu, ümumilikdə Azərbaycan elmi üçün faydalıdır. Düşünürəm ki, universitetlər üçün  jurnalın nəşri və məqalələrin dərci  çox böyük rəqəm deyil”. 

 

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR