Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 12:50:54
Kitab oxuma vərdişinin şagird üçün möcüzəvi təsirləri - Araşdırma

Aparılan araşdırmalar göstərir ki, kitab mütaliəsi uşaqların məktəbdə oxuduqları zaman əldə etdikləri uğurlara birbaşa təsir edir.

Hacettepe Universitetinin Ədəbiyyat Fakültəsi Məlumat və Sənəd İdarəetmə Kafedrasının müəllimi, professor Bülənt Yılmaz uşaqların uğuruna səbəb olan müxtəlif aspektlər mövzusunda araşdırma aparıb. Bunun üçün Ankaranın 100 məktəbində 8-ci siniflər arasında sorğu keçirib. Nəticələrə görə, oxuma vərdişi məktəblilərin ümumi ortalama müvəffəqiyyət balına təsir edir. Onun sözlərinə görə, oxumağı az sevən şagirdlərin 5%-nin ÜOMG-sı yaxşı olduğu halda, çox kitab oxuyanlarda bu, 20% təşkil edir. Ayda iki və daha çox kitab oxuyanların 14% -nin ümumi ortalama balı yaxşı olur. Heç kitab oxumayanlarda isə bu göstərici cəmi 1%-dir. Araşdırmaya görə, dərsdən əlavə kitablar oxumayanlarda imtahan nəticələri zəif olur və ÜOMG aşağı düşür.

Kitab oxumaq beynin qabiliyyətini inkişaf etdirir
Kitab oxumaq uşağın söz ehtiyatını artırdığı üçün düşünmə və fikirlərini ifadəetmə qabiliyyətlərini inkişaf etdirir. Bir çox elmi işin nəticəsi olaraq demək olar ki, insan beyni, düşüncəsini inkişaf etdirməyin ən təsirli yolu kitab oxumaqdır. Düşünmə bacarıqları inkişaf edən uşaqlar dərsləri daha tez qavrayırlar. Bundan başqa, düşüncələrini yazılı və şifahi şəkildə ifadə edə bilirlər. Halbuki, bir çox tələbə özünü doğru ifadə edə bilmədiyinə görə, istədikləri qiymətləri ala bilmirlər. Oxuduğunu dərketmə bacarığı inkişaf etməmiş şagirdlər mövzunu bilsələr də sualları ya həll edə bilmirlər, ya da səhv edirlər.

Düzgün istiqamətləndirmə
Müxtəlif araşdırmalar göstərir ki, oxumağa meyilli olan valideynlərin uşaqlarının da oxuma vərdişi yaxşı olur. Heç kitab oxunmayan bir evdə uşağın marağının olması nadir görünən bir haldır. Evdə valideynlər, ətrafda kitab oxuyan dostlar uşağın kitab oxuma vərdişi əldə etməsində son dərəcə əhəmiyyətlidir. Bu prosesdə müəllimlər, ailə üzvlərinə nisbətən daha çox rol oynayır. Bu səbəblə, düzgün istiqamətləndirmə məsələsi ailə qədər müəllimə də aiddir.

Ən gözəl hədiyyə kitabdır
Kitab ən gözəl hədiyyədir. Ad günlərində, uğurlar əldə ediləndə, qonaqlığa gedərkən kitab hədiyyə etmək, uşaqlarınızın kitablara marağının artmasında əhəmiyyətlidir. Uşaqlarla birlikdə kitabxanada keçirilən vaxt , kitabların araşdırılması, alınması, evdə kitabxana yaradılması, oxuma saatlarının müəyyən edilməsi kimi fəaliyyətlər, kitab oxuma vərdişini dəstəkləyən ünsürlərdir. İosif Brodskinin gözəl sözü var: “Kitapları yandırmaqdan daha böyük bir günah varsa o da onları oxumamaqdır".

Əsmər Qabil