Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 17:15:00
Ekspert növbəti qəbul imtahanlarında abituriyentləri çaşdıracaq dəyişikliklər sadaladı – Bu detallara diqqət

“2019-cu ildə keçiriləcək qəbul imtahanında fənlər üzrə proqramda müəyyən dəyişikliklər edilib. Qaydalar tam təsdiq olunmasa da, bəzi nüanslar artıq bəllidir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. O proqramda edilən bəzi dəyişiklikləri sadalayıb:

“Azərbaycan dili fənni üzrə vurğu, heca builki qəbul proqramında olmayacaq. Təsirli, təsirsiz fel anlayışı, əməli yazı növləri, tabeli və tabesiz mürəkkəb cümlənin növləri, neologizmlər və dialekt sözlər, obrazlılığın səviyyə göstəriciləri proqramdan çıxarılıb. Xülasə və tezisin yazılması əlavə olunub.Azərbaycan dilindən bir neçə il sonra xarici dildəki kimi dinləyib anlama standartına uyğun mətnlərin də qəbula salınması nəzərdə tutulub”.

Kamran Əsədovun sözlərinə görə, qəbul imtahanları ötən il olduğu iki dəfə keçiriləcək.

“Ədəbiyyatdan nəzəriyyə materialları əvvəllər olduğu kimi qalır. V  siniflərin dərsliklərindəki son səhifədə ədəbiyyatşünaslıq terminlərindən test düşə bilər. Ədəbiyyat üzrə əsas qəbul proqramı X-XI sinif dərslikləri üzrədir. Ədəbiyyatdan aşağı siniflərdən (V-IX sinif)  100-ə qədər əsər seçilib proqrama salınacaq. İxtisarla, yarımçıq verilən əsərləri tam oxumağa ehtiyac yoxdur. Dərslikdə nə qədərdirsə, elə də sual düşəcək. Amma növbəti illərdə xarici ədəbiyyatdan da suallar olacaq. Ədəbiyyatda icmal mövzuları da düşəcək.

V qrup üzrə mətn standartları müəyyənləşməyib. Digər ixtisas qruplarında 10 qapalı sualının məzmunu da V-XI siniflərin bütün qrammatika mövzularını əhatə edəcək. Qapalı tapşırıqlarda səhv düzü aparacaq”

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları