Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 15:32:00
Lənkəran Dövlət Universitetində hicab QALMAQALI– Ali məktəb xanım tələbəni təkzib etdi

Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin I kursunda təhsil alan Nərgiz Bayramzadəyə tələbə biletinin verilməsi gecikdirilib. Tələbə təqdim etdiyi şəkildə hicablı olduğu üçün vəsiqənin verilməsinin gecikdirildiyini iddia edir.

Məsələylə bağlı Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova AzEdu.az-a açıqlamasında bildirib ki, Nigar Bayramzadənin tələbə biletinin gecikdirilməsinin xüsusi səbəbi var:

“Lənkəran Dövlət Universitetində tələbə biletləri şəxsiyyət vəsiqəsi əsasında verilir. Nərgiz Bayramzadə şəxsiyyət vəsiqəsindəki şəkildə hicabsızdır. Biz ondan şəxsiyyət vəsiqəsini istəmişik. Tələbənin dövlət sənədindəki şəkli hicablıdırsa, həmin vəsiqə əsasında heç bir problem olmadan ona tələbə bileti təqdim edilir. Xanımın özü bizə müraciət etməyib. Hər həftənin V günü rektorun qəbul günüdür. Qəbula gələ, tədris şöbəsinə narazılığını bildirə bilərdi”.

Esmira İsmayılova LDU-da hicablı tələbələrin dərsə buraxılmamasıyla bağlı məsələyə də aydınlıq gətirib:

“Hicablı tələbələrin dərsə buraxılmasıyla bağlı hər hansı qadağa yoxdur. Universitetin şəkillərinə baxsanız, görərsiniz ki, bizdə hicablı müəllim və tələbələrin sayı çoxdur. Builki birinci kurslarda hicablıların sayında artım müşahidə olunur. Nərgiz Bayramzadəyə də heç kəs “hicabını aç, dərsə gəl” deməyib. Xanım gedib polisin qarşısında hicabı açıb şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdiribsə, tələbə bileti üçün də bu problem olmamalı idi”.

Bəs sənədlər üçün hicablı formada şəkil çəkdirməyə qanun icazə verirmi?

Məsələylə bağlı Vəkillər Kollegiyasının üzvü Anar Ramazanovla əlaqə saxladıq. Hüquqşünas qeyd edir ki, bir neçə il öncə bir sıra qanunlara kütləvi dəyişikliklər edilib:

“Bunlardan biri, pasportlar haqqında qanunlara edilən dəyişiklikdir. O vaxta qədər bu məsələ başqa cür tənzimlənirdi. Hazırda şəxsiyyət vəsiqələri haqqında qanunda göstərilir ki, bu sənədlərə çəkilən şəkillər Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun çəkilməlidir. Əsasnamələrdə də şəklin hicablı və ya hicabsız çəkilməsiylə bağlı konkret tələb yoxdur. Təcrübədə isə hicabla şəkil çəkdirmək birməmalı şəkildə qadağan edilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarında hicab istisna olmaqla, baş geyimi ilə şəkil çəkdirmək qadağandır. Şəxsin inancı varsa, ona belə şəkil çəkdirməyə icazə verilir. Bu formada şəklin  də standartları var. Alın yuxarıya kimi tam açıq olmalı, çənənin aşağısı və üz yanlardan görünməlidir. Niqabla şəklə icazə verilmir. Fikrimcə, hansısa inanclı xanıma  müəssisələr bunu qadağan edərsə, həmin orqanı məhkəməyə verib, beynəlxalq standartlara uyğun şəkil çəkdirməyi tələb etmək olar”.

Anar Ramazanov universitetlərin əksəriyyətinin publik-hüquqi şəxsə çevrildiyini vurğulayıb:

“Bu məsələ qanunla tənzimlənməsə də, universitetlərin daxili nizamnaməsinə, korporativ standartlarına baxılmalıdır. Amma ümumi olaraq qanunverciliyimiz dolayı da olsa, Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun hicablı şəkil çəkdirməyə icazə verirsə, universitet də buna qarışmamalıdır. Hər bir şəxsin din azadlığı var. Bu konstitutsion hüquqdur. Bunu  heç bir idarə, müəssisə məhdudlaşdıra bilməz. Hansısa universitetin hicablı şəkildə tələbə bileti çəkdirməyə icazə verməməsini hüquqa zidd hesab etmək olar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları