Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 10:43:21
BANM-ın tələbələri Robot Olimpiadasında ilk üç yerin qalibi oldular

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Dünya Robot Olimpiadasında (World Robotics Olympiad) 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

AzEdu.az xəbər verir ki, Azərbaycanın ikinci dəfə iştirak etdiyi bu olimpiadanın  regional turu Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Robotexnika və Mühəndislik Akademiyasının (AREA) təşkilatçılığı ilə keçirilib.  

Yarışda “Open” və “Regular” olmaqla 2 kateqoriya və müxtəlif yaş qrupları üzrə 50-dən çox komanda iştirak edib. BANM-ın tələbələri Senior Open (yaşca daha yuxarı iştirakçıların kateqoriyası)  kateqoriyada yaratdıqları kreativ robotları ilə öz güclərini sınamış və ilk 3 yeri qazanmışdırlar. Ali Məktəbin “Robo-Sapiens” adlı  komandası Robot Olimpiadasında I yerə layiq görülərək, Tailandda keçiriləcək final mərhələsinə  vəsiqə qazanıb. Komandada BANM-ın 2-ci kurs “Proseslərin avtomatlaşdırılması mühəndisliy”i ixtisasının tələbələri  Xalidə Əliyeva, Eyvaz Nəcəfli, Ramil Abbaszadə və onların mentorları – III kurs eyniadlı ixtisasın tələbələri Fərid Həmidov və Nəriman Tağızadə yer alıblar. Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və  “Hər şeydə internet” laboratoriyasının rəhbəri, baş müəllim Abbas Əlili isə tələbələrə baş mentorluq ediblər.

 BANM tələbələrinin  “İcarus” və “RoboMonster” adlı komandaları isə ikinci və üçünyü yeri əldə edərək, sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

“Bu uğurumuzda əsas səbəb, iştirakçıların əzmkar çalışqanlığı, mentorların iştirakçılara unikal metodu öyrətməsi, müəllimlərin və rəhbərliyin maddi və mənəvi olaraq hər zaman tələbələrə lazımi dəstəyi göstərmələridir.” -  deyə Ali Məktəbin komandalarının baş mentoru Nəriman Tağızadə bildirib.