Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 16:14:00
“Elmi jurnallar məqalələrimizi çap etmək üçün bizdən pul tələb edirlər” – Xanım alim qəzəbləndi

Dünyada elm adamlarının məqalələrinin nüfuzlu  jurnallarda dərc olunması əsas məsələlərdən biridir.

Xüsusən impaktfaktorlu jurnallarda dərc olunan elmi məqalələr, həm reytinq cədvəllərinə görə, həm də dünya elminə səviyyəsinə qoşulmaq üçün əsas vasitələrdən biridir.

Digər ölkələrdə belə jurnallarda yazıları dərc olunan şəxslər bunun müqabilində müəyyən qonorar alır.

Amma yerli alimlərin – bəzilərinin- iddiasına əsasən bizdə  bu tip jurnallarda yazının getməsi üçün bəzən, elm adamlarından müəyyən məbləğ tələb olunur.

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva AzEdu.az-a açıqlaması zamanı bildirib ki, ümumiyyətlə, elmi, bədii, publisistik yazılara qonorar verilməsinin tərəfindədir və bunu qanunauyğun hal hesab edir:

“Söhbət  ciddi, normal müəlliflərin məqalələrindən gedir. Elmi məqalələri isə xüsusi olaraq vurğulayıram. Əgər bir alim, ziyalı elmi araşdırma aparıb məqalə yazırsa, onu bu yazılara ehtiyacı olan auditoriya üçün hazırlayır. Məsələn, bizim filoloji auditoriyamızın bu gün ədəbiyyatşünaslıq, xüsusən də ədəbi tənqid məqalələrinə böyük ehtiyacı var. Şəxsən mən məqalələrimi heç bir qonorar almadan, iri həcmli ədəbi tənqid kitablarımı, monoqrafiyalarımı isə ailəmin büdcəsi hesabına çap etdirirəm. Qəribə anlaşılmazlıqlar yaşayırıq bu sahədə... 

Elm və ədəbiyyat, mədəniyyət sahəsinə dövlət pul ayırmırsa, bu, çox pis, yox, pul ayırır, amma o biz alim və tədqiqatçıların zəhmətinə qarşılıq  kimi xərclənmirsə, bu, ikiqat pis! Belə çıxır ki, elmi –mədəni sahəyə ayrılmış dövlət maliyyəsi də kimlərinsə əlində mərkəzləşir və zəruri sahələrə xərclənmir. Hələ bu azmış kimi, elmi məqalələr toplusunda elmi məqalələrimizi bizdən pul alıb çap edirlər. Özəl müəssisələri yenə birtəhər başa düşərik.

Bəs dövlət müəssisələrində,  universitetlərində niyə bu cür qeyri-ciddi yanaşma hallarına rast gəlirik?!”

İ.Musayeva bildirib ki, təhsil və elm sahələrinin bu şəkildə biznesləşməsi bizim elmi-intellektual səviyyəmizin süquta doğru  enməsindən xəbər verir:

“Məsələn, ildə 4 dəfə çap olunan jurnallar, elmi məqalələr toplusu vaxtında işıq üzü görmür. Bu xoşagəlməz halla bağlı sosial şəbəkədə status yazmışdım, o statusa yazılan rəylərdən biri təxminən belə idi:

“Dövlət universitetləri ildə binanın təmirinə neçə yüz min manatlar xərcləyir, amma 2-3 min manatdan da az çap xərci olan elmi məcmuələri normal və səviyyəli şəkildə, vaxtında ortaya qoya bilmir”.

Sözsüz ki, bu hal bütün dövlət universitetlərinə aid deyil, amma qarşılaşdığımız  bu cür halları biabırçılıq kimi qəbul edirəm.

AMEA-nın Ədəbiyyat İnstitutunda isə çap etdirdiyim məqalələr ilə bağlı belə bir halla qarşılaşmamışam”.