Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-06 14:37:00
Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir  

Oktyabrın 8-dən 10-dək Lənkəranda, 15-dən 19-dək isə Bakıda Təhsil Nazirliyinin uşaq və gənclər üçün inkişaf mərkəzlərinin ekoloji təhsil sahəsində müəllimləri üçün silsilə təlimlər keçiriləcək. Bu təşəbbüs UNICEF və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsinin tərkib hissəsidir. O, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”ya uyğunlaşdırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə UNICEF-in media və ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib. 

Dünya liderləri tərəfindən qəbul edilmiş müasir standartlar və Dayanıqlı İnkişafın Məqsədləri əsas götürülməklə layihə çərçivəsində məktəbdənxaric ekoloji təhsil proqramı hazırlanacaq. Yeni tədris metodları qabaqcıl beynəlxalq təcrübələri əhatə edəcək və müxtəlif yaş qruplarının mövzuya dair biliklərini artıracaq.

Cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədilə, Bakı şəhərində fəal təbliğat və kommunikasiya kampaniyası keçiriləcək. Bu kampaniyanın bir hissəsi olaraq, 6-9-cu siniflərin məktəb uşaqları arasında sənədli film müsabiqəsi elan edilib. Müsabiqənin qalibləri havanın çirklənməsi, iqlim dəyişmələri, təbii ehtiyatlardan qeyri-səmərəli istifadə, quraqlıqların artması, meşələrin qırılması, içməli suların azalması və s. problemlərin ən yaxşı filmləşdirilməsi əsasında müəyyənləşdiriləcək.

Noyabrın 21-də saat Nizami Kino Mərkəzində UNICEF-in və Təhsil Nazirliyinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə mükafatlandırma mərasimi keçiriləcəyi planlaşdırılır.