Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-06 12:52:00
“Mənim sevimli texnoparkım” layihəsi uğurla reallaşdırılır  

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalara dair 2-ci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilən “Mənim sevimli texnoparkım” layihəsi uğurla həyata keçirilir.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, Bakının Nərimanov rayonundakı 57 nömrəli orta məktəbin kimya müəllimi Tamilla Süleymanovanın rəhbəri olduğu layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, laboratoriyada işləmək qabiliyyətilərinin genişləndirilməsidir.

Layihə kristolloqrafiya və robototexnika bölmələri üzrə 57 nömrəli məktəbin fizika və kimya laboratoriyalarında reallaşdırılır. Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdimetmə ilə bağlı təlimlər keçirilir.

Oktyabrın 18-də layihənin təqdimatının keçirilməsi nəzərdə tutulur. Layihə iştirakçısı olan şagirdlər artıq 5 kristal növü yetişdirib və hazırda onların xassələrini öyrənirlər.

İcra müddəti dörd ay olan bu layihə üzrə işlər oktyabrın sonunadək yekunlaşacaq.