Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 14:30:00
Təhsilə yarım əsr xərcləyən Əməkdar müəllim – “İtirdiyim vaxtlar yadıma düşəndə, məni tər basır”

5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi, dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bu şərəfli, müqəddəs peşəyə ömrünü həsr edən insanlar, həqiqətən də bənzərsiz missiyanın daşıyıcısıdırlar.

AzEdu.az təhsil portalının əməkdaşları Masallıya təşkil olunan mediatur çərçivəsində Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli məktəbdə Əməkdar müəllimi Əfsər Məmmədovla da görüşüb:

Əfsər müəllimin hazırda 82 yaşı var. O, 1955-ci ildə universitetə daxil olub,1960-cı ildə oranı bitirib. O vaxtdan 1-2 il bundan öncəyə qədər bu məktəbdə Fizika müəllimi kimi fəaliyyət göstərib.

AzEdu.az-a açıqlama verən əməkdar müəllim gənc müəllimlərə  tövsiyələrini verib:

“Müəllimlərə demək istəyirəm ki, tədris etdikləri fənni dərindən öyrənsinlər. Ən əsası zamanın qədrini bilsinlər. Zaman çox qiymətliymiş. İtirdiyim dəqiqələr yadıma düşəndə məni yerimdə tər basır...

1960-cı ildən, yəni, universiteti bitirəndən  1-2 il öncəyə kimi müəllim işləmişəm. Lənkərandan tutmuş Bakıya qədər çox uşaqlara yardım etmişəm. Əvvəldən çalışmışam ki, müəllimlərin qədrini bilim, professor Abbasqulu Abbaszadə kimi işləyim.  O, SSRİ Elmlər Akademiyasının müxbir üzvü idi. O vaxt mənim məruzəmi yazandan sonra çap etdirmişdi. Elə müəllimlərlə hər zaman fəxr etmişəm. 4 qızım, 1 oğlum var, beşi də ali təhsillidir”.

Masallı şəhər 1 saylı orta məktəbin Əməkdar müəllimi Hüseynov Mirqabil müəllim də öz fikirlərini AzEdu.az-la bölüşüb. O,  51 il pedaqoji  fəaliyyətlə məşğul olub.

“Bu gün çox fərəhli gündür.  Bizim məktəb 2018-2019-cu tədris ilində vakant yer verib. Ən yüksək bal toplamış 7 müəllim bu məktəbi seçib. Gəncliyə estafeti vermək çox gözəldir. Qoy, Azərbaycanın sabahı bizim gəclərlə nurlansın.Hamını yetişdirən müəllimdir. Bu münasibətlə hamını təbrik edirəm”.