Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 16:25:00
Qəbul imtahanlarında fənlərin bal bölgüsü belə olacaq – Ən çox və ən az bal verəcək fənlər

 

Gələn il keçiriləcək qəbul imtahanlarında fənlər üzrə balların  bölgüsü məlum olub.

Bu barədə AzEdu.az-a təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məlumat verib. O qeyd edib ki, hər blok üzrə əsas hesab olunan fənlərdə toplam bal 150 olacaq.

I fənn blokunda Riyaziyyat, Fizika hər biri 150, Kimya isə 100 bal gətirəcək.

II blokda  Riyaziyyat, Coğrafiya fənlərinin hər biri üzrə toplam bal 150, Tarix üzrə isə 100 bal olacaq.

III fənn blokunda Azərbaycan dilindən bütün sualları düzgün cavablayan abituriyent 150 bal toplaya biləcək. Bundan əlavə, həmin blok üzrə Tarix 150, Ədəbiyyat isə 100 bal hesablanacaq.

IV fənn blokunda Biologiya, Kimya fənlərindən toplam bal 150 bal, Fizikadan isə 100 olacaq.

V fənn blokunda isə hər fənn abituriyentə maksimum 100 bal gətirə biləcək. Azərbaycan dili, Riyaziyyat və Xarici dil olmaqla toplam 300 bal hesablanıb.

Qeyd edək ki, yeni qəbul qaydalarına əsasən, şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları isə 0, 1 və ya 2 balla, digər formalı açıq və qapalı test tapşırıqları isə 0 və ya 1 balla qiymətləndirilir.

Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının 1/4-i ümumi baldan çıxılır. Açıq formalı test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları