Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-03 09:48:00
“Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olsam da, maddi imkansızlığa görə başqa seçim etdim” – Beynəlxalq olimpiada rekordçusu

Müsahibimiz Kimya fənni üzrə bir çox Beynəlxalq və Respublika Olimpiadalarının qalibi, hazırda Koreyada təhsil alan Ramil Babazadədir. Ramil bu il Koreyanın KAIST Universitetinə qəbul olub.

AzEdu.az müsahibəni təqdim edir:

-Ramil, bir çox olimpiadalarda iştirak etmisən. Orada əldə etdiyin uğurlar sənə həyatda, təhsildə nə qazandırıb?

-Olimpiadada iştirakım mənə biliklərimi daha da möhkəmləndirməyə, öz üzərimdə daha məsuliyyətlə çalışmağı öyrətdi, böyük təcrübə qazandırdı. Düşünürəm, uğurla addımlamağımın başlanğıcı və elə əsas səbəbi məhz olimpiadalarda iştirakım oldu.

-Kimya bir çox məktəbli üçün çətin fənlər sırasındadır. Səncə, bunun səbəbi nədir?

-Bildiyiniz kimi, məktəbdə Kimyanın yalnız iki: üzvi və qeyri-üzvi bölməsi tədris olunur. Əslində isə Kimya çoxşaxəli elm sahəsidir. Həqiqətən, ağır  fənn olmaqla yanaşı, həm də çox maraqlıdır. Qısası, Kimya həyatın özüdür. Bu elmi sevmək üçün maraq və həvəs lazımdır. Ondan sonra çətinlik özü  aradan qalxacaq.

-İştirak etdiyin olimpiadalar, oradakı uğurların haqqında danışardın...

-2016-cı ildə Gürcüstanda 48-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc,2016-cı ildə Respublika fənn olimpiadasında gümüş, 2016-cı ildə İndoneziyada keçirilən 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasında bürünc medal, 2017-ci ildə  51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (Qazaxıstan) bürünc medal, 2017 və 2018-ci il Respublika fənn olimpiadasında “Birincilər Birincisi” nominasiyası və qızıl medal, 2017-ci il Tailand 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl, 2017-ci ildə 2-ci Beynəlxalq Meqapolis şəhərlərin Olimpiadası (Rusiya) qızıl medal, 2018-ci il 50-ci Beynəlxalq Kimya Olimpiadası (Çexiya ve Slovakiya) gümüş medal qazanmışam.

-Olimpiadada ilk iştirakını xatırlayırsanmı? Hansı hissləri keçirmişdin?

-Mən olimpiadalara yalnız son 3 ildə qatılmışam. Əlbəttə ki, ilk qatıldığım olimpiadanı da xatırlayıram. Bu, Gürcüstanda keçirilən 48-ci Beynəlxalq Kimya Olimpiadası idi. Bu olimpiada bir çox özəllikləri ilə yadımda qalıb. Mənim üçün ilk olması ilə yanaşı, dünya ölkələri arasında qatılan ən azyaşlı iştirakçı olmağımla da yadımda qalıb. Çox həyəcanlı və məsuliyyətli yarış oldu.

-Kimyaya maraq nədən yaranıb, ailədən gələn bir həvəsdirmi?

-Kimya olimpiadaçısı olmağım tamamilə təsadüfdür. Mən olimpiadaya imtahan nəticəsində seçildim, öyrənməyə başladım, öyrəndikcə də çox sevdim.

-Orta təhsilini harada almısan və Azərbaycan təhsili haqqında fikirlərini bilmək istərdik?

-Orta məktəbi VI sinfə qədər 74 nömrəli tam orta məktəbdə, VII sinifdən  isə Zərifə Əliyeva adına liseydə almışam. Bu suala daha ətraflı cavab vermək üçün yaşım və təcrübəm o qədər çox olmasa da, düşünürəm, müəyyən amilləri qeyd edə bilərəm. Azərbaycanda təhsil sisteminin müsbətə doğru dəyişikliyini görmək olur. Hər il 700 bal toplayanların sayı artır, o cümlədən, beynəlxalq olimpiadalarda əldə edilən nəticələr olduqca ürəkaçandır. Həmyaşıdlarımız beynəlxalq olimpiadalardan medalla qayıdırlar. Bu olimpiadalara dünyanın ən güclüləri qatılır və onlar arasında seçilmək uğurdur.

-Ölkəmizdə olimpiadalar şəffaf keçirilirmi?

-Kimya olimpiada komandasının üzvü olduğum 3 il ərzində Respublika fənn olimpiadalarında da iştirak etmişəm. Heç bir zaman qeyri-şəffaflıqla üzləşməmişik. Çəkdiyimiz əziyyətin, qazandığımız biliyin nəticəsini görmüşük.

-Respublika olimpiadalarında yer tutmağına görə sənə hansısa güzəştlər oldumu?

-Beynəlxalq və Respublika fənn olimpiada qaliblərinin yüksək hazırlığa malik olduğunu Təhsil naziri Ceyhun Bayramov da qeyd edib. Qanunvericilikdə müvafiq dəyişiklik edilməsi ilə bağlı müraciət edildi ki, bizim kimi məzunlar ali məktəbə birbaşa qəbul olunsunlar. Bu güzəşt elə mənə də aiddir.

-Ümumiyyətlə, hansı güzəştlərin olması arzuolunandır?

-Əlbəttə ki, bu, arzuolunandır. Şagirdlərdə olimpiadalara yüksək maraq, stimul yaradır. Hər zaman belə təəssürat yaranır ki, yalnız idmançılar mükafatlandırılır. Ancaq bilik olimpiadasının qalibləri də mükafatlandırılanda bu digər şagirdlər üçün də bir həvəs deməkdir.

-Bu il Koreyada universitetə daxil olmusan. Öncə, səni təbrik edirik. Bir çox gəncin Avropa ölkəsinə üstünlük verdiyi halda, necə oldu sən Koreyanı seçdin?


-Təşəkkür edirəm! Əslində, təkcə Koreyaya deyil, Kanada, Sinqapurun dünyaca ən reytinqli universitetlərinə də qəbul olmuşdum. Sadəcə, maddi vəziyyətimin yaxşı olmaması səbəbindən onları seçmək mənə çətin oldu. Ancaq hazırda təhsil aldığım universitet də dünyanın nüfuzlu ali təhsil müəssisələri arasındadır. İxtisasım üzrə təhsil verən ən yaxşı universitetlərdən biridir.

-Hansı ixtisas üzrə təhsil alırsan, seçimindən peşman deyilsən ki?

-Burada elədir ki, ixtisası ikinci kursdan seçməliyik. Əlbəttə ki, seçimim kimya üzrə olacaq.

-Yeni başlasan da Koreya təhsilini fərqləndir ən əsas cəhətləri müşahidə etmiş olarsan. Səncə, əsas üstünlükləri nələrdir?

-Burada xüsusi qanunla idarə olunan akademik bir sistem mövcuddur. Bu ali məktəbdə ümumilikdə 701 professor-müəllim heyəti çalışır.2011-2012-ci tədris ilinin yekununa əsasən, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 5-ci pillədə olub. Burada müəllim-tələbə münasibəti tam səmimi, inam, qarşılıqlı hörmət, etibar və deyərdim ki, dostluğa söykənir. Tələbələr nəzəri biliklərlə yanaşı, təcrübəyə çox vaxt ayırırlar ki, bu da uğurlu kadr kimi yetişmək üçün əsas amillərdəndir.

-Azərbaycanda qəbul imtahanlarıda iştirak etdinmi?

-Mən həmin ərəfədə 50-ci Beynəlxalq Kimya Olimpiadasına hazırlaşırdım, ona görə də qəbul imtahanına qatıla bilmədim. Biz həm Olimpiadaya Hazırlıq Mərkəzində, həm də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Rusiyadan dəvət  olunmuş müəllimlərlə laboratoriya hazırlıqları edirdik.

-Koreya universitetinə qəbul olmaq üçün hansı proseduradan keçdin? Hansı sənədlər lazımdır?


-Təhsil ingilis dilində oluduğu üçün əvvəlcə ingilis dili biliyimin lazımı səviyyədə olduğunu göstərmək üçün IELTS imtahanı verdim. Universitetlərə qəbul olmaq üçün nəzərdə tutulan Riyaziyyat və İngilis dilindən ibarət olan standartlaşdırılmış testi – SAT-ı verdim. Bundan əlavə,həmin testin individual fənlər üçün nəzərdə tutulan SAT subject testlərindən fizika və kimya imtahanlarını verdim. Lazımı balları topladıqdan sonra olimpiada sertifikatlarımla birlikdə universitetin qəbul komitəsinə göndərdim.

-Xaricdə təhsil almaq əvvəldən olan bir qərar idimi, yoxsa olimpiadalardakı uğurların buna yol açdı?


-Ümumiyyətlə, xaricdə təhsil almaq mənim çoxdankı arzum və məqsədim idi. Qazandığım uğurlar bu arzumu reallaşdırmağa təkan, hətta deyərdim birbaşa vasitəçi oldu.

-Bakalavr təhsilini bitirdikdən sonra magistr üzrə oxumaq istəyirsənmi? Hansı ölkədə oxumağı planlayırsan?

-Sözsüz. Təhsilimi daha dərinləşdirmək, ixtisasım üzrə ən yüksək biliklərə malik olana qədər davamlı oxumağı planlaşdırıram.

-Başqa ixtisas üzrə təhsil alaraq, yeni bir sahədə biliklərinin olmasını istəyirsənmi?


-Özümü başqa ixtisasda təsəvvür belə etmirəm. Düşünürəm ki, bildiyim, bacardığım, ən əsası isə marağım olan işin arxasınca getməliyəm.

-Təhsilini bitirib ölkəyə qayıtmağı düşünürsənmi?

-Əlbəttə. Mükəmməl bir təhsil alıb Azərbaycana qayıtmaq, savadlı kadr kimi xalqıma xidmət etmək istəyirəm.

-Kimyada hansısa yeniliklər etmək istəyərdinmi? Elm istiqamətində getmək fikrin varmı?

-Təhsilimi davamlı alaraq məqsədli şəkildə yeniliklər etməyi düşünürəm. Artıq bu yolda hədəflərimdə var. Ancaq qeyd etdiyim kimi birinci bu yolda biliklərimi möhkəmləndirməliyəm. Bunun üçün isə yalnız oxumaq lazımdır.

-Azərbaycanda kimya elmi hansı vəziyyətdədir? ?

-Azərbaycanda kimya elmi, kimya sənayesi 19-cu əsrin ortalarından başlayaraq inkişafda olub. Bir çox tanınmış kimyaçı alimlərimiz –Yusif Məmmədəliyev, Şirbala ƏLiyev, Rəfiqə Əliyeva, Tofiq Nağıyev və digərləri bu elmə misilsiz yeniliklər gətiriblər. İnanıram ki, onların davamçısı olaraq biz də Azərbaycan elminə öz töhfəmizi verə biləciyik, ölkəmizin adını dünyada tanıdacağıq.