Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 16:50:00
Qəbul olunduqları məktəbdən imtina edən MİQ müəllimlərinə  qadağa – “Anlasınlar ki, bu, olmaz”

“MİQ nəticəsində qəbul olunduqları vakant yerdən imtina edənlərin növbəti turda iştirakına icazə vermirik. Qoy anlasınlar ki, bunu etmək olmaz. Çünki imtina etdikləri yer kiminsə haqqı idi”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İnsan Resursları Mərkəzinin müdir müavini Tükəzban Məmmədova deyib.

Onda artıq gec olur...

O, qəbul olunduğu vakant yerdən imtina edən müəllimlər haqqında danışarkən bu kimi halların baş vermə səbəbini izah edib:

“Müəllimlər vakant yerləri ilk sıralarda yazanda orada mütləq işləyəcəklərindən əmin olurlar. Sonrakı vakant yerləri isə məktəblə maraqlanmadan, ehtimallara əsasən yazırlar. Elə bilirlər ki, yazdıqları təhsil müəssisəsi şəhər tipli məktəbdir. Məktəbi tanımadan, onun harada yerləşdiyini bilmədən, avtobuslarla bağlı məlumat almadan vakansiya xətrinə məktəb yazırlar ki, təki qəbul olunsunlar. Sonradan araşdırıb görürlər ki, məktəb tam başqa yerdədir və ya ora avtobus sayı azdır. Onda isə artıq gec olur”.

O bildirib ki, işə qəbul olunub imtina edənlər o qədər də çox deyil. Amma belə faktlar var:

“İmtinaetmə halları əsasən ucqar kəndlərlə bağlıdır. Məktəbin ucqarlarda, vakant saatın az olması səbəbindən işdən imtina edirlər. Bu problemin yaşandığı konkret ərazi deyə bilmirik. Amma əsasən regionlarda müşahidə olunur. Bu hal şəhər mərkəzindən çox uzaqda yerləşən məktəblərə aiddir”.

İmtina etdikləri yer kiminsə haqqıdır...

Tükəzban xanım bu kimi halların qarşısını almaq üçün atılan addımlardan da danışıb:

“Artıq müddətli müqavilə ilə işə qəbulda iki vakant  yer seçmək hüququnu tətbiq edirik. Belə olduqda  namizədlər yalnız bütün ciddiyyətləri ilə istədikləri vakant yerləri yazırlar. Bu yenilik problemi az da olsa aradan qaldırıb. Bundan əlavə, imtina edənlərin növbəti turda iştirakına icazə vermirik.

Qoy anlasınlar ki, bunu etmək olmaz. Çünki imtina etdikləri yer kiminsə haqqı idi...”

Onun sözlərinə görə, dərslər başlanmamış imtina etdikləri üçün bu, tədrisə təsir göstərmir:

“Onlara vaxt qoyuruq. Qəbul olunduğu gündən etibarən 3 gün ərzində İnsan Resursları Mərkəzinə gəlib, şəxsiyyət vəsiqəsini təqdim etməklə tutduqları vakant yerdən imtina edirlər. Bu zaman namizədlər həmin ərizədə səbəb göstərirlər. Səbəblər isə adətən eyni olur: “araşdırmadan yazmaq”.

Turları da davamlı edirik ki, bu, tədrisə maneə yaratmasın”.

“Bəs vakant yerdən imtina edən müəllimlərin yaratdığı boşluq necə doldurulur?”

“Həmin vakant yer tutulana qədər dərs eyni ixtisaslı müəllimlər arasında paylanır. Yəni, diaqnostikası yüksək olan müəllimlər burada əvəzedici qismində iştirak edirlər. Həmin vakantın onlara verilməsində məqsəd dərsin boş keçməməsidir. Bu, yalnız DQ balı yüksək olan müəllimlərər aidddir.

İnsan Resursları Mərkəzinin səlahiyyətlisi sonda müəllimlərə professional seçim etmələri ilə bağlı çağırış edib:

“Elə seçim etsinlər ki, hədəfləri boşa getməsin. Anlasınlar ki,onların  imtina etdikləri yer başqalarının haqqıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları