Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 15:30:00
Bilik Fondu Şirvan müəllimlərini təbrik etdi   

1 oktyabr - Beynəlxalq Ahıllar günü və 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şirvan şəhərində silsilə tədbirlər keçirilib.

Fonddan AzEdu.az-a verilən məlumata görə, Şirvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlərdə rəsmi qurumların nümayəndələri, tələbələr, müəllimlər və təqaüddə olan təhsil işçiləri iştirak ediblər.

Nümayəndə heyəti Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla görüşüb. İcra başçısına Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun salamları çatdırılıb və Fondun Şirvan şəhərində Bilik Evinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. M.Camalov maarifçilik işinin təşkilində İcra Hakimiyyəti orqanının hər cür dəstək verməyə hazır olduğunu bildirib və Şirvan Bilik Evinin açılması ilə bağlı ilkin razılıq əldə olunub. İcra başçısı əhalinin maarifləndirilməsi istiqamətində birgə fəaliyyətin səmərəsindən danışıb, Bilik Fondunun bu layihələrə dəstək verməsinin nəticənin effektivliyinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Öncə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Fondun nümayəndə heyətinin tədris ocağının müəllim və şagird kollektivi ilə görüşü keçirilib. Tədbiri İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov açaraq, qonaqları iştirakçılara təqdim edib və maarifləndirmə missiyasının insanların mənəvi zənginləşməsinə böyük təkan verdiyini bildirib, şəhər rəhbərliyi ilə Fondun yaxından əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova kollecin müəllim kollektivini və gələcək müəllimləri 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib, Fondun bölgələrdə həyata keçirdiyi layihələrdən bəhs edib.

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Gənc nəslin tərbiyəsində və tədrisin keyfiyyətinin artırılmasında müəllimin rolu” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirəçi bildirib ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllimlə şagird arasında səmimi münasibətin dərsin mənimsəmə keyfiyyətinə böyük təsir göstərdiyini deyən S.Əliyeva müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı pedaqoqların ölkəmizdə çoxluq təşkil etdiyini diqqətə çatdırıb və müəllim nüfuzunun cəmiyyətimizdə son illər artması faktını da alqışlayıb.

Uzun illər pedaqoji fəaliyyət göstərmiş və hazırda təqaüddə olan müəllimlərlə Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə qocaman müəllimlər gənc nəslin təlim və tərbiyə prosesində qazandıqları təcrübəni bölüşüblər. Çıxış edən təqaüdçü müəllimlər dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan söz açıblar, uzun illər ərzində çalışdıqları təhsil ocaqlarında əhatə olunduqları diqqət və qayğının, şagirdlərin məhəbbət dolu münasibətinin unudulmaz olduğunu vurğulayıblar.
Bilik Fondunun nümayəndələri şərəfli peşəni ləyaqətlə icra edən, hazırda təqaüddə olan 16 müəllimə təşəkkürnamələr və hədiyyələr təqdim ediblər.
Tədbirdə Bilik Fondu və Şirvan şəhər Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədə Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva imza atıblar.

X.Hüseynova təmsil etdiyi qurumun digər rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlığı barədə məlumat verərək, bundan sonra Şirvan şəhərində tədbirlərin mütəmadiliyinə xüsusi diqqət ayrılacağını bildirib.

A.Fərzəliyeva da öz növbəsində qeyd edib ki, Fondla əməkdaşlığa hazırdırlar və maarifləndirici tədbirlərin təşkilinə yaxından dəstək verməkdən məmnun olarlar.

Tədbirdə çıxış edən Bilik Fondunun Şirvan rayonu üzrə nümayəndəsi Çingiz Şirəliyev yerli əhalinin Fondun maarifləndirici layihələrinə həvəslə qatıldığını bildirib, bundan sonra da sosial sifariş əsasında müxtəlif yönümlü maarifləndirici tədbirlərin keçiriləcəyini vurğulayıb.

Yekun tədbir Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə keçirilib. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı və mətbuat katibi Ceyhun Musaoğlu şagird və müəllim kollektivinə Bilik Fondunun maarifləndirici layihələrindən danışıblar, “Qardaşlaşmış məktəblər”, “Yazmağı bacaracaqsan”, “İmzalı görüş”, “Ev kitabxanası”, “Vətənin pərvəri ol!” və digər layihələr dinləyicilərin marağına səbəb olub. İştirakçılar layihələrlə bağlı onları maraqlandıran sullara ətraflı cavablar alıblar.

Tədbirdə Bilik Fondunun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Sonda Bilik Fondu yaranandan Şirvan rayonu üzrə nümayəndə kimi fəaliyyət göstərmiş Çingiz Şirəliyev maarifçilik istiqamətində göstərdiyi fəaliyyətə görə təşəkkürnamə ilə təltif olunub.