Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 14:54:46
ADU-da Çin filosofu Konfutsinin doğum günü qeyd olunub  

Azərbaycan Dillər Universitetində (ADU) Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Tədbirdə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb.

R.Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. O, ADU-nun Konfutsi İnstitutunun Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə Çin dilində nəşr etdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” əsəri və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitabı haqqında məlumat verib.

Konfutsi İnstitutunun əməkdaşları qonaqları Çin Dövlət Dəftərxanasının Çin dili və mədəniyyətinin məşhurlaşması sahəsindəki fəaliyyəti, Konfutsi İnstitutunun təsis olunmasında ADU-nun rəsmi tərəfdaşı sayılan Xuçjou Universitetinin təhsil əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, bu ölkədə təcrübə və tədrisin müxtəlif proqramları ilə tanış ediblər. Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı və şahmatı, kağız kəsimi və incəsənəti, düyün vurulması sənəti sahələrində ustad dərsləri keçiblər. Tədbir çərçivəsində Çin dilində olan ədəbiyyat və materialların sərgisi də keçirilib.

Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib.