Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 11:55:00
Xocavənd məktəbinin direktoru –  “İşğal günü bir şagirdim raket zərbəsindən parça-parça oldu”

Xocavəndin işğalından 26 il ötür. Rayon 2 oktyabr 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilib.

Xocavənd Rayon Xocavənd kənd 1 saylı tam orta məktəbin direktoru Məmmədova Sürəyya Hüseyn qızı həmin günlə bağlı  xatirələrini AzEdu.az-la bölüşüb.

Qəlbimizə yazılan qara gün...

Sürəyya xanım  Xocavənddəki döyüşlərin canlı şahidi olub. O deyir ki, hələ 1988-ci ildən ermənilər rayonu mühasirəyə alıblar:

“İşğaldan öncə biz artıq uzun müddət idi, çətin günlər keçirirdik. Martunidə (indiki Xocavənd rayonu) yolun içərisi ilə hərəkət edə bilmirdik. Başqa çıxış yolundan – körpüdən istifadə edirdik. O  körpünü də partlatmışdılar, təsəvvür edin, bir tərəfi asılı qalmışdı. Onsuz da həmişə  körpünün qırılacağından ehtiyat edirdik, çox təhlükəli idi.

Bir də görürdük, evin üstünü topla vurub dağıtdılar və çardaq  harasa uçdu. Ya da atışma başlayırdı və bu zaman kiçik uşaqlardan elə yoldaca vəfat edənlər olurdu. Maşınlarla gedəndə kəndliləri girov götürürdülər. Təəssüf ki, qaniçən erməni lobbiləri kəndimizə hücum etdilər və 2 oktyabrda Xocavənd rayonu işğal olundu. Dünyada elə hadisələr var ki, onlar heç vaxt unudulmur. O cümlədən, bizim də həyatımıza, qəlbimizə yazılan bu gün heç vaxt silinməyəcək. Həmin gün taleyimizə qara gün kimi yazılıb”.

“Cənnət dünyamız cəhənnəmə çevrildi”

Müsahibimiz Xocavəndin işğal gününü belə xatırlayır:

“O gün ana, bacı fəryadı göyə qalxır, küçədə, həyətdə yaralıların inilitisindən qulaq tutulurdu. Sağ qalanlarımız isə vətən, torpaq, namus  uğrunda şəhidliyə, ölməzliyə qovuşmağa  hazır idilər. Bilirdik ki,  vətən üçün vuruşuruq və bu, bizim baş ucalığımızdır. Qaniçən ermənilər hər yeri viran qoydular. Cənnət dünyamız cəhənnəmə çevrildi. Silah və texnikalardan istifadə edərək kəndlərimizi, məktəblərimizi oda qaladılar. O vaxt bizə heç bir yerdən kömək yox idi. Xocavənd rayonunun müdafiəsi ancaq öz  üzərinə atılmışdı. Xocavəndlilərin həqiqətən böyük müharibə qüdrəti var. Ancaq  öz havadarları, qardaşlarının köməkliyi ilə hücum edən ermənilərə güc gələ bilməzdik və onlar tərəfdən təklənmişdik. Bu səbəbdən şəhidlərimizin sayı daha çox oldu və ölməzliyə qovuşdular. O cümlədən, mənim  qardaşım da şəhidlik zirvəsinə yüksəldi. Bununla fəxr edirəm və onun yolunu getməyə həmişə hazıram. Vətən uğrunda ölmək şərəfdir”.

 “Xocavəndin saf suyu, təmiz havası hər şeyə dəyərdi”

 Sürəyya xanımın sözlərinə görə, Xocavəndin işğal günü məktəblər xüsusilə mühasirəyə alınırdı:

“Həmin zaman mən Xocavənd Rayon Xocavənd kənd 1 saylı tam orta məktəbdə Tarix  müəllim kimi fəaliyyət göstərirdim.  İşğal günü atışma başlayanda uşaqları bir yerə yığdıq, ara sakitləşəndə hamısını evlərinə, valideynlərinə təhvil verdik . Biz rayondan çıxan gün bütün məktəb  oda qalanmışdı. Həmin gecə ölənlərin sayı daha çox idi, atəş səsləri kəsilmirdi. 100 metr aralıqdakı Çartar kəndinin arxa tərəfindən ermənilər məktəbimizi gecə-gündüz atəşə tuturdular.

Xocavəndin işğalı günü  qurban olan məktəblilər də çox oldu. Elə biri mənim şagirdim Babayev Səbuhi Sahib oğlu idi. O, axşamçağı atışma olan zaman Çartar deyilən yerə yaxın idi. Babasının evinə getmək istəyib, qapının darvazasına  çatanda “Alazan” raketi   uşağı parça-parça etmişdi.

Hamımız  yurd-yuvamızdan çiçək kimi qoparılmışıq. Düzdür, prezidentimiz bizə yaxşı şərait yaradıb. Ancaq günahsız şəhidlərimiz məzar daşlarından boylanır, bizi gözləyir. Biz Xocavəndimizə qayıdıb həmin şəhidlərin abidələrini ucaltmalıyıq. Bəlkə torpaqlarımızın düşmən tapdağından azad olduğu günləri rayonumuzda keçirsək, yaralarımız  sağalar”.