XƏBƏRLƏR

02.10.2018 11:20
Xaricdə hüquq təhsili alıb, bir həftədən sonra əsgər gedəcək gənc-“Müəllim məktəbdə vaxtını keçirib, şagirdi pullu dərsə dəvət edir”

Prezident qarşısında çıxış edən gənc - “Biz əksər hallarda universitet müəlliminin əzbərçi yanaşma ilə dərs keçdiyindən şikayətlənirik. Fəqət, həmin müəllim müəyyən mənada haqlıdır”.

Xaricdə təhsil alan gənc müsahibimizə aiddir bu sözlər... Əvvəlcə özünü tanıyaq. Demək,  Mirhadı Səmidzadə 2002-ci ildə Cəlilabad rayon, Komanlı kənd orta məktəbinin I sinfinə gedib. O, 6-cı sinifdə oxuyarkən imtahanla  Lənkəran Özəl Türk Liseyinə qəbul olub,  2013-cü ildə isə oranı bitirib.

Məzun olduqdan sonra  659 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunan Mirhadının, hələ 8-ci sinifdən etibarən bu sahəyə marağı var.

Mirhadı başlanğıc  karyerasını da öz ixtisası üzrə qurmaq istəyir. Lakin, o, hesab edir ki, gələcəkdə başqa sahədə də çalışa bilər.

O, 2013-cü ildə Prezidentlə görüşür…

Mirhadı Səmidzadə təqdimatına əlavə edir:

“BDU-da iki həftə azərbaycandilli bölmədə təhsil aldıqdan sonra müsabiqədən keçərək ingilisdilli bölməyə qəbul oldum. Birinci kursu bitirdikdə isə o vaxt yeni yaradılan SABAH qruplarına imtahan verərək, SABAH tələbəsi oldum. Əvvəldən xaricdə təhsil almağa həvəsim var idi. Bu istək həm ixtisasım sahəsində irəli getmək, dünyagörüşümü artırmaq, dil biliyimi təkmilləşdirmək, həm də fərqli diyarlardan insanlarla tanış olmaq üçün yaranmışdı.

Üçüncü kursda olarkən Macarıstanda təhsil alan dostumdan xaricdə təhsil barədə məlumat aldım. Xüsusən, Macarıstan və Azərbaycan dövlətləri arasında imzalanan müqavilə əsasında həyata keçirilən “Stipendium Hungaricum” proqramı diqqətimi çəkdi. Müraciət etdim- müsahibə və digər sənəd qəbulu mərhələlərindən keçərək qəbul olundum. Başqa ölkədə də magistratura pilləsində universiteti qazanmağıma baxmayaraq, bu proqramı seçərək, 2017-2018-ci tədris ilində Budapeştdə yerləşən Karoli Gaspar Universitetində Avropa və Beynəlxalq Biznes Hüququ ixtisası üzrə magistratura təhsilinə başladım”.

5 il öncədən Prezidentlə görüşə “hazırlıq”

 “…2008-ci il idi. 6-cı sinfi bitirib liseyə qəbul olmuşdum. Artıq ailəmdən uzaqda keçirəcəyim günlərin sayı çox olacaqdı. Üstəgəl, ciddi dərs rejimi… Atam hər zaman mənimlə dost kimi söhbət edir, məsləhət verir, ruhlandırır, qısası,  motivasiyasız qoymurdu. Liseyə getmədən öncə də eynən bu cür söhbətləşdik.

Atam dedi ki, burada dərslərinə hər zaman məsuliyyətlə yanaşdın və nəticədə liseyə qəbul oldun. Liseydə də bu cür davam edib, 5 ildən sonra ali məktəbə qəbul imtahanı verərkən yüksək bal toplasan, uğuruna görə, ölkə başçısının regionlara səfəri çərçivəsində  onunla görüşmək şansın olacaq”.

Və nəhayət: PREZİDENTLƏ GÖRÜŞ

Məkan: Lənkəran Gənclər Mərkəzi,
Tarix: 05.09.2013

Mirhadı Səmidzadə Prezident İlham Əliyevlə görüşünü təsvir edir:

“… 2013-cü il idi. Bu görüş olmasa, bəlkə də atamın o vaxt dedikləri yadıma düşməzdi. Lakin yüksək bal topladıqdan sonra səlahiyyətli şəxslər bizimlə əlaqə saxladıqda atamın sözünü xatırladım. Bilmirəm, bəlkə də həmişə olduğu kimi, onda da Allah atamın yanımda yalançı çıxmağını istəməmişdi. Prezidentlə görüşəcəyim üçün müəyyən qədər həyəcanın olması  mümkündür. Fəqət, ümumilikdə, bu həyəcan destruktiv, görüşü korlayan, mənim orada iştirakıma mənfi dərəcədə təsir edəcək səviyyədə deyildi. Açığı, belə vəziyyətlərə hazır insanam.

Görüşdə, təxminən, 20 nəfər gənc iştirak edirdi. Dövlət başçısı giriş nitqini söylədikdən sonra tələbələr adından həmin görüş üçün prezidentə təşəkkür etdim. Həmçinin, tələbə kartlarında tələbələr üçün olan bəzi güzəştlər üçün müəyyən təkliflər etdim. Həmin güzəştlərə ictimai nəqliyyatda və tibbi müayinə zamanı üstünlüklərin verilməsinin əlavə ediləcəyinin uğurlu olacağını vurğuladım. Təkliflərim müsbət qarşılandı”.

Gənc hüquqçu “xaricdə təhsil” barədə: Ümumiyyətlə, xaricdə təhsil gerçəkləşdirilməsi mütləq vacib olan bir şey deyil”.

“İllər öncə, bəlkə də, bu fikirlə müəyyən qədər razılaşmaq olardı. Lakin indiki internet dövründə bu fikrin düzgün olduğuna inanmıram. Biz müxtəlif universitetlərin təhsil proqramlarını rahatca əldə edə, onların istifadə etdiyi kitablar haqqında məlumat alıb həmin kitabları sifarişlə evimizə qədər gətirə bilirik”.

Müsahibimiz qeyd edir ki, əksər hallarda universitet müəlliminin əzbərçi yanaşma ilə dərs keçdiyindən şikayətlənirik. Fəqət, onun fikrincə, həmin müəllim müəyyən mənada haqlıdır:

“Misal üçün, gələcəkdə xüsusən hüquq-mühafizə orqanlarında çalışmaq istəyən şəxs məcbur olacaq ki, bəzi imtahanlardan keçsin. Baxsaq, görərik ki, həmin imtahanlarda iştirak edən namizəd müxtəlif qanun və məcəllələrdəki müddəaları əzbər formada bilməsə, suala doğru cavab vermək şansı olmayacaq. Beləliklə, müəllim də tələbəni həmin sistemə görə hazırlaşdırmaq məcburiyyəti qarşısında qalır. Təcrübi materiallara əsaslanan, analitik düşüncənin inkişafına yönələn öyrənmə forması, düşünürəm ki, daha məqsədəuyğundur. Macarıstanda təhsil aldığım universitetdə də bunun şahidi oldum. Məsələn, hansısa bir fənlə əlaqədar beynəlxalq konvensiyaların biri ilə məşğul olmalı idik. Müəllim həmin konvensiyanın müddəalarını sözbəsöz öyrətmək əvəzinə, onun əksərən problematik maddələri haqqında danışır, onları izah edirdi. Həmin maddələrlə əlaqədar məhkəmə işlərindən misal gətirərək praktiki biliklərimizi zənginləşdirirdi.

Məni təəccübləndirən məqamlardan biri budur ki, məsələn, ölkəmizdə olarkən sessiya imtahanlarından bir-iki gün öncə bütün yarımil materiallarını təkrarlamasaq, imtahandan yüksək nəticə əldə etmək çətin, hətta qeyri-mümkün olardı. Magistr təhsili zamanı isə "The Legal Profession within the EU and Drafting Legal Documents in English" fənnindən imtahanqabağı hazırlığa çox da zaman ayıra bilmədiyimə baxmayaraq, digərlərindən yüksək qiymət almışdım. Çünki semestr boyunca fənni praktiki cəhətdən öyrəndiyimizə görə, yaddaşımızdan silinməmişdi.

Digər bir məsələ, müəllimlərin yanaşma tərzidir. Həmyerlimiz olan bir çox müəllimdə sanki tələbə ilə daha çox xoş münasibətdən çəkingənlik hiss olunur. Lakin müəllimlə tələbə mümkün olduğu qədər hörmət xətti ilə çərçivələnmiş dostluq qurmalıdır.

Başqa mühim tərəf isə bəzi pedaqoqlarımızın ali təhsil müəssisəsində dərs deməyə sadəcə, hobbi kimi yanaşmasıdır. Bır sıra müəllimlər tədris edəcəyi fənlə əlaqədar yenilikləri izləmir. Budapeştdə olarkən isə müəllimlər hansısa anlamadığımız məhkəmə işini tənəffüsdə də dəfələrlə tələsmədən izah edirdi. Sanki, işi yalnız bundan ibarətdir.

Əlavə olaraq, müəllimlərin biliyini təkrarlamağı bir tərəfə qalsın, ölkə və ölkə xaricində ixtisasımızla əlaqədar yarışmalarla maraqlanır, bizim orda iştirakımızı təmin etməyə çalışırdılar. Universitet tələbənin inkişafı üçün peşəkar müəllim təminetmə vəzifəsindən əlavə, nümunə kimi desək, onun hansısa bir ölkədə- proqram və layihədə iştirakını reallaşdırmaq üçün maddi və digər mümkün yardımları etməkdə də maraqlı olmalıdır. Biz bu cür dəstəklərlə Budapeştdə qarşılaşmışdıq.

Lakin qeyd edim ki, həm birinci kursda təhsil aldığım ingilisdilli bölmədə, həm də sonradan qəbul olduğum SABAH qruplarında peşəkarlıq və əxlaqi cəhətdən kifayət qədər yüksək səviyyəli müəllimlərin biliyindən bəhrələnmişəm”.

Mirhadı şəxsiyyətin yetişməsi üçün lazım olan faktorları sıralayır. Onun fikrincə, şəxsiyyət kimi yetişmək üçün ən mükəmməli odur ki, insan yüksək səviyyəli ailədə doğulsun, keyfiyyətli orta məktəbi bitirib, mənəvi və elmi cəhətdən irəlidə olan mütəxəssislərin mövcud olduğu universitetə daxil olsun:

“Bu üç məkanda düşdüyü gözəlliklər ona kamil bir şəxsiyyət olma yolunda münbit zəmin rolunu oynayacaq. Fəqət ola bilər ki, ailə həmin insana elə təsir etsin, ətrafın təsirinə düşmədən doğru qərarlar verə bilən formada elə hazırlasın ki, nəticədə həmin şəxsin heç yüksək səviyyəli orta və ali məktəbə də ehtiyacı olmasın və öz qərarını verə biləcək səviyyədə şəxsiyyət olsun”.

Bəs görəsən, Mirhadı Səmidzadə necə düşünür? Məhz orta məktəblər şəxsiyyət yetişdirmə funksiyasını icra edə bilirmi?

-Deyərdim ki, çox çətin. Çünki orta məktəbdə şagirdi yetişdirəsi insan müəllimdir. Onun şagirdi hərtərəfli şəxsiyyət kimi yetişdirməsi üçün əvvəla o müəllimin özündə istək olmalıdır. İstək çox mühümdür. Şagirdi elmi, əxlaqi cəhətdən gələcəyin sağlam düşüncəli fərdi olaraq yetişdirməyə istək güclü olmalıdır. Bu istəyin müəllimdə yaranması üçün, gərək, müəllim ətraf aləmin problemlərinin məngənəsində olmasın. Misal üçün, aylıq gəliri ona həyatını normal vəziyyətdə yaşamağa imkan verməlidir.

Bu gün mən müəllimlər tanıyıram ki, onlar dərslərdən sonra ustalıqla, bacardığı digər sənət sahələrilə, kəndlidirsə, mal-heyvanla öz gəlirini qazanmağa çalışır. Bu adamın həyatındakı problemlər öz övladını şəxsiyyət kimi yetişdirməyə imkan vermir. İndi biz həmin şəxsdən xalqımızın övladına yüksək dəyərlər aşılamasını gözləməkdə haqlıyıqmı?!

-Azgəlirli müəllim bu işlərin öhdəsindən gələ bilməzmi?

-Bilər, niyə də olmasın? Amma siz bu keyfiyyətdə, hər şeyə rəğmən işini layiqincə görə bilən neçə insan göstərə bilərsiniz?! Hələ mən bu nümunələri kənara qoyuram, bəzən də olur ki, müəllim məktəbə öz vəzifəsini icra etməyə deyil, vaxtını keçirib, sonra da şagirdləri evdə verəcəyi ödənişli dərslərə dəvət etmək üçün gedir.

Gözəl bir söz var: İnsan insanın kölgəsində yetişir…

HAŞİYƏ – Yaxud, Mirhadıdan motivasiya dərsləri

-“Bu cür kölgədə yetişəndən sağlam qərar verən şəxsiyyət olmasını gözləmək olarmı?! Görünən odur ki, hər müəllimdən də şərtlər nə olursa olsun, gəncləri yetişdirən, yəni gələcəyi quran insan olduğunun şüuru ilə hərəkət etməsini gözləmək bir az sadəlövhlük olar. Çünki heç də hər kəs bu sahəyə xidmət məqsədilə gəlmir. İnsanların maraqları var, hətta bəzən bu maraqlar haqlı səbəbə əsaslanır və təmin olunmalıdır”.

“Müəllimlərin əksəriyyətinin motivasiyasının maddiyyat olduğundan danışsaq,deyə bilərik ki, maddi cəhətdən hamı kifayət edənə qane olmayacaq. Buna görə, başqa vasitələrdən də istifadə etmək lazımdır. Bunu müəllim yetişdirən ali məktəblər öz planlarında nəzərə almalı və proqramlarını keyfiyyətli müəllim yetişdirmək istiqamətində qurmalıdırlar: müxtəlif təlimlər, treninqlər keçirərək, həmçinin dərs planlarında da bu tipli materiallara yer verərək…

Maraqlıdır, əgər müəllim yetişdirən ali məktəb bu işi keyfiyyətli şəkildə görə bilmirsə, indi biz sizinlə bu problemi müzakirə ediriksə, o ali məktəblər özlərini sorğulamamalıdırlarmı?! Əlavə olaraq kütləvi informasiya vasitələrilə də təsir etmək lazımdır. Xalqı müsbət yönə istiqamətləndirmək, onda olan mənfiləri təmizləmək üçün bu çox əvəzsiz vasitədir. Təəssüf ki, biz hələ də bundan faydalana bilmirik, hətta bəzən əksinə istifadə edirik. Müxtəlif verilişlər, proqramlar vasitəsilə müəllim ruhlandırılmalı, ona vəzifəsinin necə əhəmiyyətli olduğu aşılanmalı, motivasiya edilməlidir. Bu məsələ, "çox köklü məsələdir" dedikdə də, bu, bizdə problemin həll olunmazlığı qənaətini yaratmasın. Əllərində güc cəm edən qurumlar üçün bu şəraiti qurmaq elə də çətin deyil!

 Uğur sirləri, məntiqi fəaliyyət planları, çatılacaq hədəflər

 “Hədəf düzgün müəyyən edilibsə, ona gedən yollar fərqli ola bilər…”

Mirhadı hesab edir ki, mühüm olan, hazırda harada olduğumuzu və qarşıda bizi nələrin gözlədiyini bilməkdir:

Bilirsiniz, təhsil üç pilləlidir. Bu sahədə mütəxəssislərin bəziləri deyir ki, doktorantura pilləsi bakalavriat və magistraturadan ayrılsın, yəni üçüncü pillə hesab olunmasın. Digər tərəfdən doktoranturanın iki pillədən fərqli olaraq Avropa Kredit Köçürməsi Sisteminə uyğun olmadığı da qeyd olunur. Təbii ki, qloballaşan dünyada biz "ən yaxşını " mənimsəməyə çalışmalıyıq. Fəqət düşünürəm ki, prinsip etibarilə, hədəf düzgün müəyyən edilibsə, ona gedən yollar fərqli ola bilər. Məzmun düzgündürsə, forma başqalarından fərqlənə də bilər. Mühüm olan, hazırda harada olduğumuzu və qarşıda bizi nələrin gözlədiyini bilməkdir. Unutmamalıyıq, əgər hədəflərimizi düzgün müəyyənləşdirməyib, şüurlu şəkildə hərəkət etmiriksə, hansısa formanı götürdüyümüzün heç bir əhəmiyyəti olmayacaq”.

Sözardına söz ardı...

Gənc hüquqçuəlavə edir:“Dəfələrlə olurdu, hindistanlı ilə pakistanlı gəlib deyirdi ki, baxın, bizim də dövlətlərimiz arasında problem var, amma vətəndaşlar olaraq münasibətimizdə zərrə qədər problem yoxdur. Dayanıb izah edirdim, başa salmağa çalışırdım: onlarla fərqli və oxşar yanlarımızı göstərirdim. Sonda “haqlı deyilikmi?” - deyə soruşurdum. Düzdür, bəzən anlamayan da olurdu, lakin əksər hallarda haqlı hesab edirdilər”.

“Macarıstanda olduğum müddətdə təşkil etdikləri bir çox proqram, tədbirlərdə iştirak etdim. Bəzən olurdu ki, məsələn, Cənubi Koreyadan, yaxud Misirdən gələnlər hətta "Azərbaycan" adlı yerin olduğunu bilmirdilər. Öyrənmələrinə vəsilə olurduq. Yaxud bəzən “Azərbaycanlıların belə gözəl xarakterli insanlar olduğunu ilk dəfədir görürəm” deyənlər də olurdu. Bilmirəm, görünür, əvvəllər tanıdıqları həmyerlilərimiz bizi yaxşı tanıtmayıblar. Əslində fərqli nəyəsə etməyə ehtiyac yoxdur, elə düzgün yaşamağımız bizim haqqımızda xarici vətəndaşlarda müsbət təəssürat yaratmağa kifayətdir. Yaxud da hansısa platformaya da, fikrimcə, ehtiyac yoxdur. Gündəlik, normal yaşayış tərzimizlə kim və necə olduğumuzu açıq formada nümayiş etdiririk. Macarıstanda ölkəmizin Budapeştdəki səfirliyinin də bir neçə dəfə tarixi günlərlə əlaqəli təşkil etdiyi yürüşlərində iştirak etmişdik”.

Son söz üçün deyilənlər...

“Ədəbiyyat və kino insanın hissi, emosional tərəfinin tələbidir”.

Müsahibimiz vurğulayır ki, onun film izləməyə çox da həvəsi yoxdur:

“İzləyərkən daha çox bioqrafik, detektiv, macəra, psixoloji, yaxud siyasi janrlardan birində olmasına üstünlük verirəm. Kitabı sanki nisbətən çox sevirəm. Ələlxüsus da psixoloji, ictimai, siyasi və tarixi növdə olanları… Bir də şeir söyləməyə də başqa bir sevgim var. Hətta bəzən cızma-qara edib yazıram. Sevdiyim şeirləri yaddaşıma həkk etməyə də marağım böyükdür”.

Lisey müəllimlərinin bir hədəfi var idi: Şagirdlərinin uğurlu olması!

Mirhadı qeyd edir ki, liseydə rəsmi olaraq hansısa qadağanın olduğundan xəbərim yoxdur, lakin oradakı müəllimlərin dərsdən əlavə şagird hazırlamasından da xəbərsiz idik. Liseylə orta məktəbin fərqinə gəldikdə isə

-Mən qeyri-dəqiq söz danışmaq istəmərəm. Təhsil aldığım müddət ərzində az-çox anladığım bəzi zahiri xüsusiyyətləri fərqləndirmək istəyərdim. Lisey müəlliminə özünü dolandıracaq qədər məvacib verilirdi. Müəllimlər bir məktəbdə 4-5 ildən artıq qala bilməzdi. Yerləri, mütəmadi, dəyişilirdi. Bununla da -“onların daimi məskəni yox idi", - desəm, hər halda düzgün olar. Müəllimlər kirayədə yaşadığı evdən, yaxud liseyin yataqxanasından səhər məktəbə gəlir, gedəsi başqa yer, qohum olmadığına görə də, xüsusən subaydırsa, heç evə də getmirdi. Ona görə, bəzən gecə saat 10-da şagirdlər dərslərini hazırlayıb yatmağa gedərkən, onlar da məktəbi tərk edirdilər.

Lisey müəllimlərinin düşündükləri yalnız bir şey var idi: Səhər saat 9-dan, 16-ya qədər keçirilən dərsləri (2 saat dincəldikdən sonra) saat 18:00-22:00  arasında olan etüddə (dərsoxuma saatı) öyrənmək.

Saat 22:00-a qədər müəllimlər şagirdlərlə məşğul olurdular. Şagirdlər də yataqxanada qaldıqlarına görə, onların istər ailədə olan hansısa problemdən, istərsə də, cəmiyyətdəki lazımlı-lazımsız dəyişikliklərdən xəbərləri olmurdu.

Bir həftədən sonra əsgər...

P.S. Təxminən 1 həftə sonra həqiqi hərbi xidmətə yola düşəcək Mirhadı Səmidzadə xidmətdən qayıtdıqdan sonra təhsil sistemimizdəki bir sıra dəyişikliklərin şahidi olmaq istəyir. O, Təhsil Nazirliyinin atdığı islahatyönümlü addımları təqdir edərək qeyd edir ki, burada qətiyyət mühimdir. Əsgərlikdən qayıtdıqdan sonra islahatların qətiyyətli davamını görmək istəyən gəncin fikrincə, insanın öz məsuliyyətini dərk etməsi ən önəmli faktordur. Mirhadı analitik düşüncəni inkişaf etdirən, təcrübəyə əsaslanan, sözdə deyil, əməldə sağlam düşüncəli şəxsiyyət yetişdirməyə yönələn bir sistem görmək arzusundadır.

Gənc hüquqşünas sonda deyir ki, təhsilə xələl gətirən heç kimə rəvac verilməməli və onlar işlədikləri əmələ görə istər ictimai qınaq, istərsə də qanunla cəzalandırılmalıdır!

Savadlı və mərd Azərbaycan gənci, əsgər Səmidzadə!

Sizin vətənin keşiyində layiqincə xidmət edəcəyinizə inanır və sizə təhsil adına dərin minnətdarlığımızı bildiririk!

Hüquqlarınız qorunması diləyilə, uğur daima sizinlə olsun!

 

 

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR