Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 10:22:00
“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Gənclər Fondunda yüksək bal toplayan gənclərlə görüş keçirib 

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilati dəstəyi ilə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirib.

AzEdu.az-ın  məlumatına görə, qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov salamlayaraq Fondun gənclər üçün yaratdığı geniş imkanlar barədə məlumat verib, yüksək bal toplayan gəncləri Fondla sıx əməkdaşlıq etməyə dəvət edib.  F.Cəfərov bildirib ki, Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində beynəlxalq layihələr üçün açıq olan B kateqoriyasının prioritet istiqamətlərindən biri məhz Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı gənclər arasında təbliğat tədbirlərinin keçirilməsi mövzusu olub.

Tədbir zamanı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun şöbəsinin müdiri Cəsarət Valehov çıxış edərək, daha yaxşı gələcək üçün insan kapitalının inkişafına savadlı, təhsilli gənclərin birbaşa təsir göstərəcəyini diqqətə çatdırıb.

 “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster “Ekspo 2025 Bakı” layihəsinin əsas texniki parametrlərinə dair xüsusi təqdimatla çıxış edib. Təqdimatın sonunda qonaqlara “Ekspo 2025 Bakı” layihəsinin mövzusu - “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” - haqqında videoçarx nümayiş etdirilib.
 
Sonda bir neçə tələbə çıxış edərək Gənclər Fonduna və “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinə görüş üçün təşəkkür edib.