Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 12:20:00
"CanSat Azərbaycan-2018" müsabiqəsinin final mərhələsi keçirilir

“Azərkosmos” ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan-2018” model peyk müsabiqəsinin sentyabrın 29-da final mərhələsi başlanıb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə “Azərkosmos” ASC-nın sədri Rəşad Nəbiyev bu günlərdə Azərbaycanın ikinci telekommunikasiya peykinin uğurla orbitə çıxarıldığını xatırladıb. Qeyd olunub ki bu ilin əvvəllərindən elan edilən “CanSat Azərbaycan” müsabiqəsində Azərbaycanın 11 universitetindən mexanika və kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət 31 komanda qeydiyyatdan keçib. Final mərhələsinə müsabiqənin “İlkin Hesabat Sənədi”nin (PDR-Preliminary Design Review), “Yekun Hesabat Sənədi”nin (CDR-Critical Design Review) təqdim edilməsi mərhələlərini uğurla bitirən 7 universitetdən 10 komanda vəsiqə qazanıb. “CanSat Azərbaycan-2018” müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.

Diqqətə çatdırılıb ki, “Azərkosmos” peyklərin idarə olunması və peyk xidmətlərinin təqdim edilməsi ilə yanaşı, milli kosmik sənayedə innovasiyaların tətbiqi və ölkəmizin bu sahədə yerli kadrların hazırlanması istiqamətində işlər aparır. “CanSat Azərbaycan” müsabiqəsi də məhz bu missiyanın bariz nümunəsidir. “CanSat Azərbaycan” müsabiqəsində tələbələr ali məktəbdə aldıqları nəzəri biliklərlə praktik bacarıqların sintezini model peyk hazırlayarkən real iş şəraitində görüblər. Bu baxımdan tələbələrin müsabiqədə iştirakı onlarda kosmik sahəyə marağın yaradılmasına, bu sahədə tədqiqat işlərinə və gələcəkdə bu kimi praktik layihələrdə iştirak etmələrinə stimul olub.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev müsabiqənin əhəmiyyətini vurğulayıblar.

Sonra tələbələrdən ibarət komandalar hazırladıqları 500 qramlıq peyk modelini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıblar. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal–telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə olunan nəticələri münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər heyətinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev, üzvləri isə Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.Skobeltsin adına Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri Vladimir Radçenko, ABŞ-da keçirilən beynəlxalq “CanSat” müsabiqəsinin layihə rəhbəri Mark Volker, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov və “Azərkosmos” ASC-nin mütəxəssisləridir.