Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 21:51:00
Azərbaycanlı alimlər Rusiya universitetinə dəvət olundu

Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və bu ali məktəbin prorektoru Vaqif Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) olublar. AzEdu.az xəbər verir ki, GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov qonaqlara institutun yaranma tarixi, fəaliyyət sahələri, elm sahəsində qazandığı nailiyyətlər, alimlərin maraqlı tədqiqatları barədə məlumat verib.

GGİ-də yaradılan iş şəraitindən və AMEA rəhbərliyinin əməkdaşlara göstərdiyi diqqət və qayğıdan danışan D.Hüseynov son illərdə institut alimlərinin səyi ilə çap edilmiş elmi kitabları qonaqlara təqdim edib.

 

Sonra rusiyalı alimlər GGİ-nin şöbə və elmi laboratoriyalarında aparılan tədqiqat işləri ilə maraqlanıblar. Şöbələrin məhsuldar fəaliyyətini yüksək qiymətləndirən qonaqlar azərbaycanlı alimləri Moskvaya - Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə mühazirə oxumağa və təcrübə mübadiləsinə dəvət ediblər.

 

GGİ ilə tanışlıqdan sonra rusiyalı alimlərlə elm sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.