Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 14:05:00
Onların 90 faizi rusca bilmir, ən ucuz universitetləri seçir, bu qədər pul xərcləyirlər-  Tələbələrimizin  Ukrayna “macəraları”

Xaricdə təhsil gənclərin arzusu olsa da, bir çox Avropa ölkələrində, həmçinin Amerikada oxumaq üçün dil bilikləri, müəyyən sənədlər tələb olunur. Bəzi təqaüd proqramları isə öz ölkənizdə universitetə qəbulolma tələbini irəli sürürlər. Bəzən, tələbələr üçün attestatla xarici universitetlərə qəbul ən rahat yol kimi görünür.

AzEdu.az bu yazıda Ukraynada attestatla bağlı məlumatları sizinlə bölüşəcək.

2017-2018 tədris ilinə görə Ukraynada  təxminən, 2500-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Attestatla təhsil

Bir çox inkişaf etmiş Avropa ölkələrindəhəm öz tələbələrini, həm də əcnəbiləri 11, və ya 12-13 illik attestat sənədi ilə bakalavr pilləsinə qəbul edirlər. Eynilə, Azərbaycanda da xarici tələbələrin qəbulu attestatla aparılır.

“Attestatla təhsil almaq o deməkdir ki, tələbə 11-13 il müddətində orta məktəbdə oxuyub və həmin fəndən qiymətləri imtahan verərək alıb. Xarici universitetlər məktəbə inanır və attestat qiymətlərinə uyğun olaraq fakültəyə qəbul edirlər. Yəni, məktəb və ali təhsil ocaqları arasında qarşılıqlı inam var. Buna görə də subbakalavr, bakalavr təhsili almaq istəyənlər heç bir imtahan olmadan istədiyi universitetdə ali təhsil ala bilirlər. Xüsusi təqaüd imkanlarından faydalanmaq istəyənlər üçün isə imtahanlar olur”,- deyə ekspert Sərdar Yusifoğlu bildirib.

Yeri gəlmişkən,

...Qeyd edək ki, bəzi ölkələrdə 12-13 illik attestat sənədi qəbul olunur. Xüsusən də Qərbi Avropa və Amerikada qəbul qaydası belədir. Azərbaycanda isə bu sistemə uyğun az da olsa məktəblər fəaliyyət göstərir.

Attestatla təhsil bir çoxları tərəfindən neqativ hal kimi görünür. Bunun da səbəbi Azərbaycanda müəyyən balı toplayıb heç bir universitetə qəbul ola bilməyənlərin bu üsulla təhsilə üstünlük verməsidir. Ekspert  deyir ki, attestatla təhsil almaq neqativ bir hal deyil.

Əsas problemlər

Xaricdə təhsil alanların əsas problemlərindən biri diplomlarının tanınmamasıdır.

Bu gün nostrifikasiyadasərtləşdirilən qaydalara görə, Ukrayna və Rusiyaya üz tutan tələbələrin sayı 60% azalıb. Tələbələr geri döndükdən sonra, Təhsil Nazirliyi tərəfindən diplomların tanınması üçün müəyyən imtahandan keçməli olurlar.  Bu zaman isə bir çoxları təhsillərinə görə biliyinin kifayət etməməsi səbəbindən imtahandan uğurla keçə bilmirlər. Həmçinin, müəyyən olunub ki, Ukraynaya gedən tələbələrin 40-50%-i  rus dilində danışmaqda çətinlik çəkirlər. Xaricdə təhsil almaq üçün isə əsas faktorlardan biri dildir.

Ukraynaya gedən tələbələrin 90%-i dövlət universitetlərində təhsil alırlar. Özəl ali məktəblərə üz tutanların sayıisə çox azdır. 

Təcrübələr

Ukrayna universitetinə bir neçə il öncə qəbul olan Rüstəm Rüstəmov bildirir ki,  xaricdə təhsil şirkətinə müraciət edərək bu prosedurası həyata keçirib:

“Attestat, pasportun tərcüməsi, bir də sağlamlıq haqqında arayış tələb edirlər. Sənədlər birbaşa seçdiyimiz universitetə göndərilir. Azərbaycanlı olduğumuz üçün ən ucuz universitet hansıdırsa, onu seçirik. Yəni bizə kağız verirlər orada universitetlərin adları və qiymətləri yazılır, hansını istəsən seçirsən. Mən qəbul olanda  illik təhsil haqqı  900-2700 dollar arasında qiymətlər dəyişirdi”.

Rüstəmin sözlərinə görə, potensiyalı olan tələbələr  üçaylıq rus dili kursuna yazılırdı, digərləri isə məcburi olaraq 1 il hazırlığa qəbul olunurlar. Sonra isə universitetə başlayırlar:

“Dərslər yüksək səviyyədə keçirilir, imtahan verə bilməyənlər isə universitetden qovulur.  İlk başlayanda  50 azərbaycanlı var idisə, onun  7-8 nəfəri universiteti bitirə bildi”.

Xarkov Milli İqtisad Universitetində təhsil alan Rüstəm bildirib ki, bu şəhərdə 53 universitet var və dünyanın hər yerindən hər il 400.000 insan gəlir.

Təhsil haqları

Əyani təhsildə qiymətlər illik 800 – 2500  dollar arasında dəyişir, qiyabilərdə isə 20%-ə qədər daha ucuz olur.

Yataqxanaların qiymətləri isə aylıq 25-40 dollar arasındadır,illik ödənildikdə isə daha endirimli olur.

Ukrayna dövlət universitetlərinə qəbul 12 ay davam edir. Tələbələrin  ölkədən çıxış vaxtı isə sentyabr, oktyabr və fevral aylarında olur.

Tələb olunan sənədlər

Araşdırmalarımıza görə, bir çox xaricdə təhsil şirkətləri Ukrayna universitetlərinə qəbul zamanı aşağıdakı sənədləri tələb edirlər:

-Attestat

-Şəxsiyyət vəsiqəsi

-Xarici pasport

-10 ədəd 3×4 ölçülü fotoşəkil

-Sağlamlıq haqqında  arayış

-SPİD (GİÇS) haqqında arayış

Təhsil Nazirliyinin xaricdə təhsil almaq istəyənlərə müraciəti

Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb. Eyni zamanda, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil. Son dövrdə tələbələrimizin bir sıra xarici ali təhsil müəssisələri tərəfindən “məsafədən təhsil” adı ilə həmin ali məktəbin digər ölkələrdəki filiallarına köçürülməsi halları da aşkarlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli  Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, yuxarıda göstərilən təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Xaricdə ali təhsil almaq istəyən vətəndaşlardan təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa və təhsil alacaqları ali məktəbin yerləşdiyi ölkədə akkreditə olunduğuna diqqət etməyə çağırırıq.

Qeyd edək ki, ölkə ərazisində tanınan əyani və qiyabi təhsilalma formaları üzrə müraciət qaydaları ilə Akkreditasiya və Nostrifikasiya İdarəsinin ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə tanış olmaq mümkündür.