XƏBƏRLƏR

27.09.2018 11:52
“Bir” Tələbə-Könüllü proqramının Mingəçevir və Şəkidə təqdimatı keçirilib  

Sentyabrın 26-sında  Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri üçün təqdimatları keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimatlar zamanı bildirib ki, “Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar və təcrübə qazanmağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinin inkişafına imkan yaradır.

Tələbələr eyni zamanda www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” ilə də tanış edilib.

Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş olunub.

"Bir" Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17 000-dən artıq könüllü bazasına malikdir.