Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 15:42:00
Builki qəbul imtahanlarında Riyaziyyat sualları çox maraqlı və fərqli olacaq –Müəllimdən qeyri-adi nümunələr

“Situasiya tipli suallar şagirddə nəinki bilik aşılayır, eyni zamanda, riyaziyyatla  həyatın əlaqəsini aşkara çıxarır. Həyati hadisələrə riyazi modelləşmə verərək, onlara riyazi don geyindirir. Bu elmin nədən ibarət olduğunu həyatdan öyrənirik. Riyaziyyat yalnız “x”, “y”–dən ibarət deyil. Riyaziyyat, həyatdır”

Bu sözləri AzEdu.az-a açıqlamasında 2019-cu ildə keçiriləcək yeni model qəbul imtahanaları barədə danışan Riyaziyyat müəllimi Ravil Rzayev deyib. Onun sözlərinə görə, ənənəvi sistem və kurikulum  arasındakı əsas fərqlərdən biri sualların sayı və quruluşundadır:

“Yeni qəbul modelinə situasiya tipli suallar əlavə edilib. Situasiya tipli suallar riyaziyyat fənni üzrə hər hansı həyati problemin riyazi modelləşməsini ortaya qoyur. Məsələn, dağın hündürlüyünü ölçmək lazımdırsa, üçbucaqlardan istifadə etməklə bizdən həmin situasiyaya uyğun cavab tapmaq tələb olunur. Situasiya bir sualdan, sual isə 3 hissədən ibarət olur. Birinci sualda hesablama bacarıqları, II sualda birincidən istifadə etməklə başqa tapşırığın yerinə yetirilməsi, III-də isə bir qədər nəzəri biliklər yoxlanılır. Bundan sonrakı illərdə bu tip sualların sayının artıb-azalacağı bəlli deyil”.

Ravil Rzayev onu da qeyd edib ki, Azərbaycan təhsil sisteminə tamamilə yeni model gətirilsə və o bütün ölkənin qəbul etdiyi sistem olsa, ənənəvi sualların sayı getdikcə azalacaq:

“Türkiyədə təhsil almaq istəyənlər üçün keçirilən ALES imtahanında situasiya tipli suallar üstünlük təşkil edir. Bu üsul yavaş-yavaş bizdə də tətbiq ediləcək. Situasiya tipli suallar şagirdə nəinki riyazi bilik aşılayır, eyni zamanda, riyaziyyatla  həyatın əlaqəsini aşkara çıxarır. Həyati hadisələrə riyazi modelləşmə verərək, onlara riyazi don geyindirir. Bu elmin nədən ibarət olduğunu həyatdan öyrənirik. Riyaziyyat yalnız “x”, “y”–dən ibarət deyil. Riyaziyyat həyatdır”.

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları