Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 16:02:27
Mənsum İbrahimovla oxu – “Masamın üzərində hər zaman bu kitablar olur”

AzEdu.az  təhsil portalı tanınmışların  oxuduqları kitablar, onların təhsil uğurları  ilə  bağlı   silsilə yazılarını davam etdirir.

“Mənim kitabxanam var,  həm  özüm, həm də  övladlarım   oradakı  kitabları mütaliə edirlər”

“Məşhurla oxu”  rubrikasının növbəti qonağı Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, xanəndə Mənsum İbrahimovdur.  Xeyli sayda kitab mütaliə etdiyini deyən xanəndə,  daha çox qəzəl  janrındakı  kitabları oxumağa üstünlük verdiyini bildirib.

“Mən mütaliə etməyi çox sevirəm və xanəndə olduğum üçün daha çox qəzəllər,   ümumiyyətlə, klassik poeziyamızdan əsərlər oxumağa üstünlük verirəm.  Sonuncu dəfə isə Füzulinin qəzəlini oxumuşam. Əliağa Vahid, Seyid Əzim Şirvani  kimi  klassiklərimizin  qəzəllərini  sənətimlə bağlı olduğu üçün  daha çox oxuyuram.  

Amma yay aylarında başqa bədii  ədəbiyyatlardan da istifadə edirəm. Əsasən, tarixi romanları oxumağa üstünlük verirəm. Dünya və Azərbaycan klassikasından əsərlər oxumağı xoşlayıram. Evimdə kitabxana var,  həm  özüm, həm də  övladlarım   oradan  kitabları mütaliə edirlər.

Masamın üstündə seçdiyim kitablar olur. Onların əksəriyyəti sənətimlə bağlıdır, qəzəl kitablarıdır. Onları mütaliə edirəm, xoşladığım misraları işarələyirəm ki, sonra yenə də onlara qayıdım. Gündəlik mətbuatı da izləyirəm”.

Mənsum İbrahimov  oxuduğu təhsil müəssisəsi  barədə də məlumat verib. Xanəndə  1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə  Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin    "Mədəni Maarif" fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun  anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb.

Qeyd edək  ki, Mənsum İbrahimovun yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər  1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005 -ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunub. 

Günel Yaşarqızı