Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 11:42:00
Tələbələrin NƏZƏRİNƏ! - Semestr boyu cari və yekun qiymətləndirmənin hesablanma qaydası

Tədris ilinin başlasıyla əlaqədar tələbələri maraqlandıran və onlar arasında çaşqınlıq yaradan əsas məqamlardan biri də qiymətləndirmə meyarları və balların hesablanma qaydasıdır.

AzEdu.az bakalavr pilləsi üzrə tələbələrin cari və yekun qiymətləndirilmə, eləcə də balların hesablanma qaydalarını təqdim edir.

Dərsə davamiyyətə görə balların müəyyənləşdirilməsi:

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

Tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir.

Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə bir bal çıxılır.

Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imthan sessiyasına buraxılmır və onun haqda müvafiq qərar qəbul edilir.

 Tələbəyə fənlər üzrə sərbəst işə görə balların müəyyənləşdirilməsi:

Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balının maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Sərbəst işlərin tapşırığları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.

Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə balın müəyyənləşdirilməsi:

Fənlər üzrə seminar (məşğələ) və laboratoriya dərsləri tələbələr tərəfindən keçilən nəzəri dərslərin mənimsənilməsini asanlaşdırmaq və praktik məsələlərin həllində vərdiş aşılamaq məqsədini daşıyır və bu növ tapşırıqların yerinə yetirilməsinə verilən balların maksimum həddi 20-dir.

Eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır.

Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.

Seminar (məşğələ) dərslərinin nəticələrinə görə balların hesablanması:

Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s-dən) olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır.

 Semestr ərzində 3 dəfə kollokviumların keçirilməsi məcburidir. Kollokviumda iştirak etməyən tələbəyə «0» sıfır bal yazılır.

Seminar (məşğələ) dərslərinə görə tələbələrin biliyinin qiymətləndirilməsi semestr ərzində aparılan frontal sorğuların, kollokviumların və.s nəticələrinə görə müəllim tərəfindən 3-cü bənddə göstərilən meyarlar əsasında müəyyənləşdirilir və jurnalda aşağıdakı kimi qeyd olunur:

«10» - on

«9» - doqquz

«8» - səkkiz

«7» - yeddi

«6» - altı

«5» - beş

«4» - dörd

«3» - üç

«2» - iki

«1» - bir

«0» - sıfır

Jurnaldakı ballara əsasən müəllim xüsusi cədvəldə tələbənin fəaliyyətinin nəticəsini qiymətləndirir və ümumiləşdirmək üçün dekanlığa təhvil verir.

Tələbənin semestr ərzində topladığı balların orta qiyməti hesablanır və fənnin tədrisinin bu növü üçün nəzərdə tutulmuş maksimum bal həddinə vurularaq 10-a bölünməklə müəyyənləşdirilir.

Jurnalında tələbənin üç dəfədən az qiyməti olmasına və cədvəldə qeyd olunan yekun balı ilə qrup jurnalında göstərilən cari yoxlama ballarının arasındakı uyğunsuzluğa görə fənnin bu növünü tədris edən müəllim məsuliyyət daşıyır.

Laboratoriya dərslərinə görə balların hesablanması:

Cari dərsdə yerinə yetirilən laboratoriya işi növbəti dərsə qədər (və ya növbəti dərsin özündə) təhvil verilir və müəllim bu barədə jurnalda müvafiq qeydiyyat aparır. Yekun bal semestr ərzində tələbənin təhvil verdiyi işlərin sayının cəmi nəzərdə tutulmuş laboratoriya işlərinin ümumi sayına nisbətini fənnin tədrisinin bu növünə ayrılmış maksimum bala vurmaqla hesablanır.

Kurs işinin (layihəsinin) yerinə yetirilməsinə görə balların hesablanması:

Kurs işinin (layihəsinin) yazılması və müdafiəsi tələbənin müstəqil işinin əsas formalarından biri olub kursun proqramı üzrə tədris materialının mənimsənilməsinə nəzarət vasitəsidir. Kurs işlərinin mövzuları kafedra tərəfindən hazırlanır və semestrin əvvəlində ən geci 15 gün müddətində tələbələrə paylanır. Kurs işi tələbənin fərdi əməyinin nəticəsidir və əsas etibarilə standart məsələlərin həllinə həsr olunur. Bəzi hallarda kurs işləri elmi tədqiqat xarakteri daşıya bilər. Kurs işi mövcud standartlara cavab verməli və strukturu aşağıdakı kimi olmalıdır:

  • Giriş;
  • Mövzunun əsas məsələlərinin həlli (şərhi);
  • Nəticə (təklifləri);
  • İstifadə olunan ədəbiyyatın siyahısı;
  • Kurs işinin müdafiəsi üçün tələbə maksimum 10 bal qazana bilər. Bu balların hesablanması aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:
  • 10 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun cavabı dəqiqdir və hərtərəflidir;
  • 9 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
  • 8 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı o, cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
  • 7 bal-tələbə mövzunu tam əhatə edir, işin tərtibində qüsurlara yol verilib, lakin müdafiə zamanı onun cavabı dəqiq və hərtərəflidir;
  • 6 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı bəzi məsələləri nəzəri cəhətdən əsaslandıra bilmir;
  • 5 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı cavabları dəqiq deyil;
  • 4 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, lakin müdafiə zamanı mövzunu aça bilr;
  • 3 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı mövzunu açmaqda çətinlik çəkir;
  • 2 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı isə mövzunu aça bilmir;
  • 1 bal tələbə mövzunu işləyərkən səhvlərə yol verir və müdafiə zamanı isə mövzudan qismən xəbəri olur;

-0 bal-tələbə tərəfindən kurs işi yazılmayıb.

Kurs işləri (layihələrinin) müdafiəsi ali mktəbin müəyyən etdiyi qaydada həyata keçirilir.

Fənn üzrə kurs işi nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.

Təcrübələrin nəticələrinə görə balların hesablanması:

Tədris planında nəzərdə tutulmuş təcrübənin nəticələrinə görə balların yarısı təcrübəyə davamiyyətinə görə, digər yarısı isə təcrübə üzrə hesabatın hazırlanması və müvafiq qaydada müdafiəsinə görə verilir.

Təcrübəyə davamiyyətinə görə tələbənin topladığı yekun bal tələbənin təcrübədə iştirak etdiyi saatların miqdarının davamiyyətə ayrılan maksimum (50 bal) vurularaq və təcrübəyə ayrılmış saatların miqdarına bölünməklə hesablanır.

Təcrübəyə görə tələbənin yekun balının hesablanması meyarları və metodikası ali məktəb tərəfindən müəyyənləşdirilir.

 Buraxılış işlərinin müdafiəsinə və buraxılış dövlət imtahanın nəticəsinə görə balların hesablanması:

Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı buraxılış işinin hazırlanması və tərtibinə, digər yarısı isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilir.

Buraxılış işinin yazılması və müdafiəsinə görə balların hesablanması meyarları ali məktəbin Elmi Şurası tərəfindən təsdiq edilir.

 Buraxılış işinin müdafiəsi mövcud qaydalara uyğun aparılır.

 Tələbələrin nailiyyətlərinin cari və yekun qiymətləndirilməsi:

 Tələbələrin tədris fəaliyyətini fəallaşdırmaq, onlar üçün özünənəzarət mexanizmini yatarmaq və tədrisdə əldə olunmuş nailiyyətlərini qiymətləndirmək məqsədilə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) tətbiq edilir.

 Ümumi orta müvəffəqiyyət göstəricisi fənlər üzrə toplanan balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

ÜOMG semestrlər üzrə artan istiqamətdə hesablanır. (bir semestrin, iki semestrin, üç semestrin və s.)

ÜOMG tələbənin istiqamət (ixtisas) üzrə təhsil proqramının mənimsəmə səviyyəsinin əsas göstəricisidir. Hər semestrin axrında tələbə öz cari müvəffəqiyyətini qiymətləndirir və onu daha yüksək səviyyəyə qaldırmaq üçün gələcək tədris fəaliyyətini müəyyənləşdirir.

 Yüksək ÜOMG-si («çox yaxşı» və «əla») olan tələbələr rektorun rəğbətləndirilmə siyahısına daxil edilir. Üç dəfə həmin siyahıya düşən tələbələr lider-tələbə hesab olunurlar və onlar ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada rəğbətləndirilirlər.

ÜOMG diploma əlavəyə daxil edilir və bu göstərici işə götürənlər üçün əsas meyarlardan biri ola bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları