Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 11:06:00
Bakıda faciəvi şəkildə ölən şagirdin direktoru – “Ehtimal var ki, qida nəfəs borusuna gedib”

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi Sabir Xəlilov dünyasını dəyişib.

Məsələ ilə bağlı AzEdu.az-a danışan məktəb direktoru İradə İbrahimova bildirib ki, hadisə tənəffüs zamanı, uşaq yemək yeyərkən baş verib:

“Birdən dedi ki, müəllim mən boğuluram. Müəllim kömək etdi, qaytardı. Sonra dərhal tibb bacısının yanına gətirdik.  Tibb bacısı dedi ki, dili qatlanıb, çıxarmağa çalışdı.  Məni də çağırdılar. Uşağı “sudurğa” - qıcolma  tutdu. Təcili yardımı artıq çağırmışdıq. Onlar gələndə hələ ki, nəfəsi özündə idi. Süni nəfəs verərək yardım etdilər”.

Təcili yardım həkimi uşağın keçindiyini deyəndə direktor dərhal hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə və polisə məlumat verib:

“Təbii ki, valideynlərinə zəng vurmuşduq.  Onlar da gəldi. Amma nə çarə...

Tədqiqat işləri gedir. Valideynləri, əzizləri uşağa baxdılar. Onun üzərində heç bir xəsarət yox idi. Yəni onu hansısa şagirdin itələməsi kimi  hallar ola bilməz. Prokurorluq əməkdaşı mənim və valideynlərin yanında  digər şagirdləri dindirdi. Onlar da eyni sözü dedilər. Ehtimal olunur ki, qida nəfəs borusuna gedib. Amma tədqiqat yekunlaşdıqdan sonra əsas səbəb aydın olacaq.

Dünəndən bütün məktəb kollektivi sarsıntı içindədir.  Yuxarı sinif şagirdləri yaxınlaşırlar ki, nə kömək edə bilərik. Ailə çox kasıb ailədir. Başqa övladı da yoxdur. Ən acınacaqlısı budur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları