Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 09:36:16
Tələbələrin imtahan sessiyaları barəsində bilmədikləri – Onlar yalnız bu halda “kəsilə” bilərlər

Tədris ilinin başlamasıyla əlaqədər tələbələri maraqlandıran məsələlərin sayı artır. Tələbələr, xüsusilə də I kurslar üçün qaranlıq qalan məqamlardan biri də imtahanda iştirak və imtahan qaydalarının universitetlərdə düzgün tətbiq olunmasıyla bağlıdır.

AzEdu.az  “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə”yə istinadən imtahan proseduru haqda tələbələrin bilməli olduqları vacib məqamları diqqətə çatdırır:

Fənn üzrə imtahan tələbənin semestr ərzində aldığı nəzəri biliklərin mənimsəmə səviyyəsini, təfəkkürünün inkişafını, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini müəyyənləşdirmək və qiymətləndirmək üçün nəzərdə tutulur.

İmtahan sessiyaları bir qayda olaraq tədris ili ərzində iki dəfə (qış, yaz) tədris planları ilə müəyyən olunmuş vaxtda keçirilir. Yay semestri təşkil olunduğu halda əlavə olaraq yay imtahan sessiyası (yay) da keçirilir.

İmtahan sessiyaları tərtib olunmuş cədvəl üzrə həyata keçirilir. Cədvəl fakültə tərəfindən tədris planlarına əsasən tərtib edilir və sessiyaya ən azı 15 gün qalmış rektor və ya prorektor tərəfindən təsdiq olunur. Hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılır.

Tələbə imtahana qiymət kitabçası ilə buraxılır.

İmtahanların aparılmasında nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçi təyin edilir.

Kənar şəxslərin (rektorluğun nümayəndəsindən başqa) imtahan keçirilən auditoriyaya daxil olmasına icazə verilmir.

İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri (və ya testlər) əsasında həyata keçirilir. İmtahan biletləri «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə»yə uyğun tərtib edilir.

İmtahanın gedişində tələbəyə icazə verilmir:

-digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq;

-kitabdan, mühazirə konspektlərindən və sair icazə verilməyən materiallardan istifadə etmək və köçürmək;

-imtahan biletini və cavab blanklarını təhvil vermədən imtahandan çıxmaq.

Bu əsasnamənin 9-cu bəndində göstərilən qaydalara əməl etməyən tələbə imtahandan xaric edilir və imtahanın nəticəsinə görə ona «0 - sıfır» bal müəyyənləşdirilir.

İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən cavab blankları yığılır, ali məktəbin rəhbərliyi tərəfindən müəyyən edilmiş şəxs tərəfindən kodlaşdırılır və fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir. Zərurət olduğu halda yoxlamaya kafedranın digər müəllimləri də cəlb oluna bilərlər.

İmtahanların nəticələri imtahan vərəqəsində və tələbənin qiymət kitabçasında qeyd olunur. Fənlər üzrə imtahan vərəqələri sessiyasının başlanğıcına ən azı iki həftə qalmış dekanlıq tərəfindən hazırlanır və imtahan günü müəllimlə təqdim olunur. İmtahan vərəqəsi imtahan başa çatdıqdan sonra müəllim tərəfindən müvafiq qaydada doldurularaq fakültə dekanlığına təhvil verilir. İmtahan vərəqəsinə tələbələrin imtahandan aldığı qiymət (ballar və onların hərfi işarələri göstərilməklə), iştirak etməyən tələbəyə isə «gəlmədi» yazılır.

Tələbənin fənn üzrə semestr ərzində və imtahanda toplanan ballar cəmlənir və dekanlıq tərəfindən yekun bal müəyyənləşdirilir. Nəticələr imtahan verilən gün (müstəsna hallarda növbəti iş günü) tələbələrə elan edilir. Tələbənin fənn üzrə aldığı müsbət qiymət (ballar və onların hərfi işarələri) eyni zamanda onun qiymət kitabçasına da yazılır.

Sessiyanın sonunadək imtahana gəlməyən tələbə dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidir. Üzürlü səbəbdən imtahana gəlməyən tələbəyə həmin fəndən imtahan vermək üçün mövcud qaydada növbəti semestrin başlanğıcına qədər bir dəfə şərait yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbəyə həmin fəndən imtahanın nəticəsi «qeyri-kafi» kimi sayılır.

İmtahanlardan qeyri-müvəffəq qiymət alan tələbələr yalnız həmin fənni təkrar dinlədikdən sonra növbəti dəfə imtahan verə bilərlər.

İmtahanlar zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün ali təhsil müəssisəsi tərəfindən imtahan sessiyası başlananadək appelyasiya komissiyası yaradılır. Appelyasiya komissiyasına ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir.

Tələbə ona verilən qiymətdən razı olmadığı halda həmin gün appelyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər. Sədr tələbənin cavab blankının yenidən yoxlanılmasını təşkil edir.

Üzürsüz səbəbdən semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi saatların 30%-dən çoxunu buraxan tələbə ali məktəbin daxili intizam qaydalarını pozmuş hesab edilir və buna görə də tələbələr sırasından xaric olunur.

Fənn üzrə ayrılmış bütün saatların 30%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Ali təhsil müəssisələrinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə imtahan sessiyası başlanana qədər müəyyən olunmuş forma üzrə arayış-çağırış göndərilir. Arayış-çağırışların tələbələrə çatdırılmasına, eləcə də onların imtahanlara gəlmələrinə fakültə dekanlığı nəzarət edir.

Fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müvəffəq qiymət almış qiyabi və axşam şöbələrində təhsil alan tələbələrə əmək qanunvericiliyinə uyğun olaraq ödənişli məzuniyyət verilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları