Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-23 14:49:00
Gəray Gəraybəyli: Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox (MÜSAHİBƏ)

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Trend.az-a müsahibə verib. 

AzEdu.az həmin müsahibəni təqdim edir:

Bu gün ATU-ya tələbə qəbulu ən yüksək rəqabət şəraitində aparılır. Bu da o deməkdir ki, bu ali məktəbə daha savadlı abituriyentlər daxil olur. Lakin bugün ATU-ya daxil olan həmin savadlı abituriyentlər buranın verdiyi təhsil hesabına ali məktəbdən savadlı, bacarıqlı həkim kimi çıxa bilirlərmi?

- Buna həm "hə, həm də "yox" deyərdim. ATU-dakı 6 illik tədris ili ərzində bir çox tələbələrimiz savad, normal bilik alırlar və öz üzərlərində işləyirlər. Tələbələrə kitabxanada işləmək, müxtəlif ədəbiyyat resurslarından istifadə etmək üçün sərbəst vaxt verilir. Ali məktəbdə müəllim faktoru çox vacib olsa da, bəzi tələbələr başa düşürlər ki, mühazirələri dinləməkdən başqa, o, özü də oxumalı, əlavə resurslardan istifadə etməli, praktiki vərdişlərə yiyələnməlidir. Çox sevindirici haldır ki, bizdə belə tələbələr çoxdur. Belə tələbələr yay təcrübəsini xarici ölkələrin klinikalarında keçməyə də can atırlar və sonda yaxşı həkim də ola bilirlər. Təbii ki, bu prosesə tam adaptasiya olmayanlar da var. Mən demirəm ki, tədris prosesində hər şey idealdır. Bunu demərəm, çünki apardığımız islahatlar ona yönəlib ki, verdiyimiz təhsilin keyfiyyətini, metodologiyasını yaxşılaşdıraq, universitetə yeni tədris texnologiyaları gətirək. Ancaq bəzən tələbə müraciət edərək soruşur ki, mən bu imtahanı vermək üçün hansı kitabdan istifadə etsəm, bütün suallara cavab verə bilərəm. Mən heç vaxt bu sualı qəbul etmirəm. Müasir dövrdə hansısa bir dərslikdən mövzuları oxuyub "kafi" qiyməti almaq olar. Lakin həm nəzəri, həm praktiki vərdiş üçün insan özü çox dərindən oxumalıdır. Bu gün elə dövrdür ki, təkcə tələbə deyil, müəllim də öz üzərində işləməlidir. Bu gün bəzən tələbələr müəllimə elə sual verir ki, müəllim bir qədər çıxılmaz vəziyyətdə qalır. Öz üzərində işləyən müəllim bunu bilməyib "mən bu suala sabahkı dərsimizdə cavab verərəm" desə və müxtəlif ədəbiyyatlardan öyrəndiyi yeniliklər hesabına buna sabahkı dərsində cavab verərsə, bunda qəbahətli heç nə görmürəm.

Bu gün tələbələriniz qiymət xatirinə, yoxsa həqiqətən də bacarıqlı həkim olmaq üçün oxuyurlar?

- Mən təkcə rektor kimi deyil, həm də universitetdə 26 il işləyən bir müəllim kimi deyə bilərəm ki, bir qrup tələbələrimiz qiymət, diplom üçün oxuyanlardır. Başqa qrup tələbələr isə bilik almaq və həkim olmaq üçün universitetə girənlərdir. Təbii ki, tədris prosesində olan islahatlar, ciddi rəqabət, qəbul planının azalması və bunun nəticəsində keçid balının artırılması, təhsil haqqının kifayət qədər yüksək olması məhz həkim olmaq üçün ATU-ya daxil olanların sayını artırır. Bu yaxınlarda ATU-nun müxtəlif fakültələrini müxtəlif illərdə, hətta 16 il əvvəl bitirən, - onların arasında hətta işləyənlər də var, - "Müalicə işi" ixtisası üzrə həkim olmağı arzulayan, bu arzusuna çatmaq üçün universitetdə yenidən 5-6 il oxumaq, öz istədiyi ixtisas üzrə işləmək üçün hətta yenidən rezidenturada təhsil almaq və bunun üçün ödəniş də etməyə hazır olan tələbələrimiz var. Təbiidir ki, hər universitetə olduğu kimi bizim universitetə də valideyn istəyi üçün daxil olanlar da az deyil. Ancaq bu ixitisası həqiqətən sevən və onun üçün özünü qurban verən insanlar da var. Bəzən insan oxuduğu dövrdə dərk edir ki, bu ixtisas onluq deyil. Tələbə istər 3-cü, istər 5-ci kursda oxuyarkən bu peşəyə özünün aid olmadığına qərar verirsə, mən bunda qəbahətli bir şey görmürəm. Eyni zamanda bəlkə kimsə xüsusi istedada malikdir. O, ATU-nu 6 ilə deyil, əlavə kreditlər götürməklə 4 ilə də bitirə bilər. Biz bunu da nəzərə almalıyıq.

- İndiyədək ATU-nu vaxtınan əvvəl bitərən məzunlar olub?

- Xeyr. Çünki ATU-da tədris planları qrup üçün nəzərdə tutulub. Digər tərəfdən, mənim rektor işlədiyim müddətdə tələbə tərəfindən bununla bağlı fərdi müraciət daxil olmayıb və onlar belə bir istəklərini bildirməyiblər ki, mən bu semestrdə əlavə fənnlər üzrə kreditlər götürmək, üstəlik yayda da daha bir neçə fənn üzrə kredit götürmək istəyirəm. Belə müraciətlər hələ olmasa da, əminəm ki, olacaq. Bu zaman artıq həmin tələbə üçün xüsusi tədris planı hazırlayıb ona məktəbi tez bitirməsi üçün şərait yaratmalıyıq.

- ATU-nun müəllimləri inkişaf etmək üçün öz üzərlərində işləyirlər? Müəllimlərinizin bilik və bacarıqlarından razısınız?

- Şükürlər olsun ki, müəllimlərimizin çoxu olduqca yaxşı pedaqoqlardır, müəllim adına tam layiqdirlər, öz üzərlərində işləyirlər. Onların arasında həm yaşlı, həm də cavan var. Açıq etiraf edirəm ki, elə müəllimlər də var ki - mən bunu tələbələrlə fərdi görüşlərimdən bilirəm -, neçənci illərin konspektini götürüb mühazirə oxuyurlar. Bu hal 20 il qabaq mümkün idisə, bu gün tələbə belə müəllimlər haqqında sosial şəbəkədə yazır, dekana, rektora açıq müraciət edirlər. Onlar bu müəllimin deyil, digər müəllimin mühazirəsinə getmək istəyirlər. Boloniya sistemində tələbə üçün müəllim seçimi faktoru da var. Biz hələ tələbəyə tam imkan yarada bilmirik ki, o, özü müəllimini seçsin. Ola bilsin ki, belə halda bir müəllimin dərs yükü çox olacaq, o biri müəllimdə isə tam olmayacaq. Ancaq bu, gələcəkdə olacaq. Bu ildən biz müəllimlərin bal-reytinq attestasiyasına başlayırıq. Yəni hər bir müəllim növbəti dəfə müəllim vəzifəsinə seçilməzdən əvvəl o attestasiyadan keçməli olacaq. Orta bilik səviyyəsi müəllimlik səviyyəsinə uyğun olduqda o, bu vəzifəyə seçilmək üçün müsabiqədə iştirak edə biləcək.

- Köhnə mühazirələri ilə tələbə qarşısına çıxan müəllimlərə sizin tərəfinizdən xəbərdarlıq edilib, yaxud bu xəbərdarlıqlara məhəl qoymayanların işdən çıxarılması halları olub?

- Bu günə kimi olmayıb. Amma əminəm ki, yeni tədris ilindən həmin sistemin tətbiqi bizə imkan verəcək, eyni zamanda müəllimlər özləri başa düşəcəklər ki, onların səviyyəsi ali məktəbin səviyyəsinə uyğun deyil.

- Son vaxtlarda ATU-da ixtisarlar aparılıb?

- Təbii ki, müəyyən kadr dəyişiklikləri olub. Son tədris ili ərzində ATU-da 4 kafedra bağlanıb. Elə fənlər var ki, onlar bu gün aktuallığını itirib. Ona görə də həmin kafedralar bağlanıb. Bizim əsas məqsədlərimizdən biri tədris proqramlarımızı dünyanın məşhur universitetlərinin tibb fakültələrinin proqramlarına uyğunlaşdırmaqdır. Bizim tibbi təhsilimizin səviyyəsi dünya səviyyəsinə uyğun olmalıdır. Digər tərəfdən, tələbələrin mübadiləsi mümkün olmalıdır. Çünki texniki və ya iqtsadi ixtisas üzrə oxuyan tələbə heç bir problemsiz Türkiyəyə gedib orada 1 il oxuya, daha sonra yenidən öz universitetinə qayıdaraq orada təhsilini davam etdirə bilir. Bizim universitetdə isə belə imkan yoxdur. Xarici ölkələrlə bizim universitetimizin proqramlarının fərqliliyi buna imkan vermir. Ona görə də ATU-dan Türkiyəyə gedib oxuyan tələbə qayıtdıqdan sonra burada yenidən 1 il artıq oxumalıdır. Biz bu proqramları uyğunlaşdırmaq üçün İstanbul Tibb Universiteti, Hacettepe Universiteti ilə görüşlər aparmışıq.

- Bu gün xaricdə tibbi təhsil almış həkimlərə xəstələr tərəfindən daha böyük inam müşahidə edilir. Onlar hətta "Həmin həkim xaricdə təhsil alıb" deyə reklam da edilir. Sizcə, Azərbaycanda və xaricdə tibbi təhsil almış həkimlərə olan bu fərqli münasibət nədən qaynaqlanır?

- Bu münasibət məsələni dərindən öyrənilməməkdən qaynaqlanır. Çünki xaricdə təhsil almış hər bir şəxs yaxşı həkim deyil. Xaricdə təhsil almaq imkanı olmayana qədər bizim xalqımıza yardım göstərən kim idi?! Bu universitetin məzunları deyildimi?! Bizim çox məşhur həkimlərimiz bizim universiteti bitərən adamlar deyilmi?! Yoxsa xaricə qapı açılmayana qədər bizdə tibb olmayıb? Təbii ki, belə deyil. Xaricdə təhsil almaq şərt deyil, necə təhsil almaq şərtdir. Bu gün bizim rezidenturada təhsil alan 3-cü kurs rezidentlərimiz var ki, onlar sərbəst olaraq, cərrahiyyə əməliyyatı aparırlar. Onların üstündən niyə xətt çəkirik? Belə istedadlar var. Əgər biz gözləyiriksə ki, ATU-ya daxil olan 900 nəfərin hamısı istedadlı həkim olacaq - bu, olmayacaq və mümkün də deyil. Bu, heç bir yerdə belə deyil. Avropada tibb fakültələrinin şərtləri daha ağırdır. Bu, ona gətirib çıxarır ki, məktəbə 5 nəfər daxil olduğu halda onu 2-3 nəfər bitirir. Ona görə də hesab edirəm ki, bizim xaricdə oxuyan çox gözəl həkimlərimiz var. Ancaq onlarla yanaşı, bizim özümüzün də gözəl məzunlarımız var.

 - Dövlət İmtahan Mərkəzinin məlumatına görə, rezidenturaya daha çox qızlar sənəd verirlər. Bu, gələcək üçün hansı problemlər yarada bilər?

- Müşahidələrim onu göstərir ki, bu, təkcə rezidenturaya daxil olanlar arasında deyil. Auditoriyada qrupa baxdıqda elə ilk baxışdan görmək olur ki, qrupun 3-də 2-si qızlardır. Məsələn, mənim öz ixtisasım olan psixiatriya, yaxud cərrahiyyə ixtisası həmişə kişi ixtisası kimi sayılıb. Mən psixiatriya kafedrasına gələndə orada cəmi 2 qadın var idi. İndi isə qəbul olanların böyük əksəriyyəti qızlardır, oğlanların sayı azalıb. Cərrahiyyə kafedrasında da əvvəl 1-2 qız olardı, indi isə rezidentlərin çoxu qızlardır. Bunun səbəbi yəqin ki, maraqların dəyişməsi ilə bağlıdır. Vaxt var idi ki, texniki və texnoloji ixtisaslara maraq yox idi. Bu gün dünyanın əmək bazarlarında texnoloji, texniki ixtisaslara maraq artıb. Ona görə də oğlanlar məhz bu sahələri seçirlər. Ola bilər ki, rezidenturada oxumaq oğlanlar üçün bir qədər çətin görünür. Onlar fikirləşirlər ki, mən yalnız 11 ildən sonra sərbəst yaşaya, ailə saxlaya bilərəm. Məncə, bu, əsas olmasa da, 2-ci dərəcəli faktorlardan biri ola bilər. Qızlar üçün isə bu amil o qədər də əsas deyil.

- Bu gün təyinatla ucqar kəndlərə gedən məzunlara verilən güzəştlər sizi qane edirmi? Bu güzəştlər onları stimullaşdıra biləcək səviyyədədirmi?

- Çox xoş haldır ki, həvəsləndirici tədbirlər var. Ancaq hesab edirəm ki, həmin tədbirlər artırılsa, pis olmaz. Sosial güzəştlərin artması gənc həkimləri rayonlara getməyə həvəsləndirər.

- Bu il ATU-da təhsil haqqının qaldırılması geniş müzakirəyə səbəb olan məsələlərdən biri oldu. Artıma zərurət nədən yarandı və bu, ATU-ya daxil olan tələbələrin sayına təsir etdimi?

- Xeyr, etmədi. Bizim plan yerlərimiz 100 faiz tutulub. Təhsil haqqının artma səbəblərinə gəldikdə, hesab edirəm ki, təhsil haqqı hələ kifayət qədər qalxmayıb. Tibb ixtisasları digər ixtisaslardan fərqlənir. Başa düşürəm ki, bu cavabımla tənqidçilərə müzakirələrə başlamaq üçün böyük imkanlar yaradıram. Ancaq mən düşündüyümü deyirəm. Nəzəri fənlərin, ixtisasların tədrisi üçün kitab, qələm, plakat kifayət edirsə, tibb ixtisaslarında belə deyil. Əgər biz deyiriksə ki, bu gün tibb sahəsində tam istədiyimiz kimi məzun hazırlanmır, bunun səbəbini ilk növbədə məzunların praktiki vərdişlərinin zəif olması ilə izah edirik. Bizim həkimlər nəzəri cəhətdən kifayət qədər biliklidir. Bunu Türkiyədən, Almaniyadan tələbə seçimi üçün gələn mütəxəssislər də deyirlər. Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq. Ancaq praktiki cəhətdən yox. Praktiki cəhətdən hazırlıq üçün də xüsusi avadanlıqlar, tədris metodologiyaları, laboratoriyalar lazımdır. Bunun hamısına isə vəsait lazımdır. Mən oxuduğum dövrdə plakatla tələbəyə əməliyyat gedişatı göstərilirdisə, bu, çətin ki, 21-ci əsrin tələbəsi üçün uyğun olsun. Müasir dövrdə köhnə üsulla tələbəyə dərs demək mümkün deyil, tələbəyə İT əsasında qurulmuş laboratoriyalar, insanın daxili orqanlarını hərtərəfli göstərməyə imkan verən 3 və 4 D eynəkləri lazımdır. Digər tərəfdən, artıq universitetlər tələbə sayına uyğun maliyyələşdirmə sisteminə keçiblər. Bizim elmi laboratoriyamız, professor-müəllim heyətimiz var, onları saxlamaq, eləcə də yataqxanaları və digər korpuslarımızı təmir etmək imkanlarını bizə ancaq təhsil haqqı verir. Onu da deyim ki, bu ildən hətta Türkiyənin tibb fakültələrində xarici tələbələr üçün təhsil haqqı 10 dəfəyədək artıb. Bizdə təhsil haqqının məbləği digər ölkələrdən azdır.

- Hazırda ATU-da orta təhsil haqqı nə qədərdir və artımın nə qədər olması yetərli sayıla bilər?

- Bu gün təhsil haqqı təxminən 4500 manatdır. Ancaq artımın nə qədər olması mənim istəyimə bağlı deyil. Maliyyəçilər və iqtisadçılar hesablayaraq deyə bilərlər ki, elektron kitabxananın, elektron laboratoriyaların yaradılması, robot əməliyyatlarının aparılması məqsədilə robot cihazların alınması üçün nə qədər vəsait lazımdır.

- ATU-nun klinikalar şəbəkəsini genişləndirmək niyyətiniz var?

- Sözün düzü, hələ ki, bununla bağlı təklif daxil olmayıb. Hazırda yeni bir klinikanın açılması nəzərdə tutulmayıb. Bu gün fəaliyyət göstərən 4 klinikamız tibbi xidmətlərin əksəriyyətini əhatə edir. Ancaq ola bilər ki, səhiyyədə gedən islahatlar, icbari tibbi sığortaya keçid bizə yeni imkanlar aça bilər.

- Xəstələrə ATU-nun klinikalarında işləyən həkimləri məsləhət gördükdə, onların əksəriyyətinin verdiyi cavab belə olur ki, orada qiymətlər bahadır. Klinikalardakı qiymətlər necə müəyyən edilir?

- Klinikalardakı qiymətləri ATU-nun Elmi Şurası təsdiqləyir. Bu klinikalardakı qiymətlər monitorinq aparılaraq ölkəmizdə olan özəl klinikaların qiymətləri ilə müqayisə edilib. Ola bilsin ki, şərti olaraq, qiymətlər hardansa bir balaca az, bir balaca çoxdur. Ancaq heç də bütün özəl klinikalardan baha deyil.

- İctimai əsaslarla uzun müddət çalışdığınız baş psixiatr vəzifəsindən çıxmağınız nə ilə bağlıdır?

- Bu vəzifədən çıxmağım sırf rektor kimi işlərimin çoxluğu ilə bağlıdır. Bu vəzifəni artıq Səhiyyə Nazirliyinin yeni baş psixiatrı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasının müdiri Teymur Qafarov icra edir.